MDU əməkdaşları Turkiyənin Orta Doğu Texniki Universitetində təlim və təcrübədə iştirak edib

MDU əməkdaşları Turkiyənin Orta Doğu Texniki Universitetində təlim və təcrübədə iştirak edib

Mingəçevir Dövlət Universitetinin İnformasiya texnologiyaları kafedrasının əməkdaşları A.Mustafayeva və A.Abdurrahmanova 21.03.22-27.03.22 tarixlərində Turkiyənin Orta Şərq Texniki Universitetində professor Kürsat Çagıltayın rəhbərlik etdiyi "İnsan-kompüter qarşılıqlı əlaqəsi" laboratoriyasında olublar.

Ölkəmizin 12 müxtəlif universitetindən 17 nümayəndənin iştirak etdiyi işgüzar səfər, Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsilinin 2021/2022-ci tədris ilində  qrant müsabiqəsinin qalibi "Naxçıvan" Universitetinin "İxtisaslar üzrə yeni və müasir tədris məzmunun hazırlanması və tətbiqi” kateqoriyasında ""İnsan-Kompüter İnterfeysləri” sahəsində təhsil verənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi” layihəsi çərçivəsində təşkil olunub. Layihə rəhbəri, "Naxçıvan" Universitetinin baş müəllimi Şamil Hümbətovun və layihə eksperti Prof.Dr. Kurşat Çağıltayın böyük zəhməti və səyi nəticəsində ərsəyə gələn bu layihə Azərbaycanda "İnsan-kompüter qarşılıqlı əlaqəsi” ilə bağlı biliklərin ali məktəblərdə tədris prosesində istifadə olunmasına, gənclərin bilik bazasının təkmilləşdirilməsinə öz töhvəsini verəcəkdir. Digər tərəfdən bu layihə bir sıra milli və beynəlxalq universitetlərin müəllimlərini bir araya gətirməklə, elmi mübadilələrin, yeni layihələrin, elmi-tədqiqat işlərinin formalaşmasına təkan verəcək və Azərbaycanın elmi potensialının beynəlxalq səviyyəyə qalxmasına köməklik göstərəcəkdir.
Qeyd edək ki, layihəyə qoşulmuş müxtəlif universitetlər üzrə 42 tədqiqatçının iştirakı ilə 8 vebinar üzrə 2 modul tapşırıq yerinə yetirilib. İnformasiya texnologiyaları kafedrasının müdiri A.Mustafayeva və kafedranın baş müəllimi A.Abdurrahmanova da daxil olmaqla ən yüksək bal yığmış 12 universitetdən 17 əməkdaş Turkiyənin Orta Şərq Texniki Universitetində (ODTÜ) "İnsan-Komputer qarşılıqlı əlaqəsi" laboratoriyası ilə yaxından tanışlıq və müəyyən araşdırmaların aparılması hüququnun qazanıblar.

Səfərin ilk günündə Prof. Dr. Kürşat Çağıltay, Dr. Serkan Alkan və universitetin Beynəlxalq əlaqələr ofisindən Dr. İbrahim Yorgun layihə iştirakçılarını salamlayaraq universitetin tarixi, infrastrukturu, tədqiqat mərkəzləri, texnoparkı, texnokent, tasarım fabriki, beynəlxalq əməkdaşlığı, qoşulduğu  mübadilə proqramları haqqında geniş məlumat verib.

Daha sonra "İnsan-kompüter qarşılıqlı əlaqəsi” laboratoriyasında interaktiv interfeyslərin istifadə olunma dərəcəsinin qiymətləndirilməsi üçün tətbiq olunan "Tobii eye tracker – göz izləmə cihazlarının quruluşu, işləmə prinsipi və həmin cihazların tətbiq obyektləri haqqında geniş məlumat verilib.

Layihənin ikinci günü "Bilgisayar ve Öğretim Teknolojileri Eğitimi bölümünün" kompüter laboratoriyasında Serap Yağmurun təqdimatında "Koqnitiv Modelləşdirmə və CogTool - interfeys layihələndirmə sistemi”nin təqdimatı və praktiki icra məşğələsi olub. Tapşırıqlar üzrə intrfeys analizi yerinə yetirildi. Analizin nətcələri təhlil edilərək, interfeysin səmərəlik dərəcəsi ölçüldü. 

Praktik məşğələ yekunlaşdıqdan sonra GİSAM mərkəzində (Görsel İşitsel Sistemlər Araştırma və Uyğulama Merkezi) Prof. Dr. Kursat Çağıltayın təqdimatında mərkəzin müxtəlif innovativ layihələri, göz hərəkətləri ilə idarə olunan əlil arabaları, oyun proqramları nümayiş etdirilib. 
Nahar fasiləsindən sonra ODTÜ "Layihələndirmə Fabriki”ndə (Tasarım Fabrikası) görüşlər keçirilib. Burada fabrikin direktoru Prof. Dr. Arzu Gönenç Sorguç və Dr. Serkan Alkan fabrikin məqsədi, iş mexanizmi haqqında məlumat veriblər, həmçinin "Fənlərarası Layihələndirmə Studiyası”, "Desktop eye tracker” və "Tobii Glass eye tracker Demo” studiyaları haqqında təqdimatlar olub. Layihədə iştirak edən hər bir əməkdaş praktik məşğələlər üzrə Eye-tracker cihazlarının işləmə prinsipi ilə yaxından tanış olub.

Layihənin üçüncü günü ODTÜ-nun "Teknokent tanıtımı” Selin Doğunun təqdimatında həyata keçirilib. Texnokentin iş prinsipi sözün əsl mənasında ideyadan-layihəyə çevrilməsi ortamını reallaşdıran texnomühitdir. Texnokent Co-zone binasının strukturu, erqonomik şəraiti və dizaynı, gənclərin intensiv və könüllü formada çalışmalarına təkan verən əsas başlıca səbəblərdən biridir. Selin Doğunun təqdimatında iştirakçılara araşdırma mərkəzləri, icra olunan layihələr, rezident şirkətlər haqqında geniş məlumat verilib. Təqdimatlar ətrafında müzakirələr aparılıb, həmçinin potensial əməkdaşlıq perspektivləri müzakirə olunub. 

Günün ikinci yarısında "Eğitim” fakültəsinin "Lego Laboratoriyası” ziyarət olunub. Burada Dr.Göknur Kaplanın təqdimatında laboratoriyanın təyinatı, həyata keçirilən layihələr, robot, dron texnologiyaları haqqında məlumat verilib.

Layihənin dördüncü günü Bilgisayar Mühendisliği kafedrası ziyarət edildi. Kafedra rəhbəri Prof. Dr. Halit Oğuztürk və Prof. Dr. Ali Hikmet Doğru layihə iştirakçılarına kafedranın fəaliyyəti haqqında məlumat veriblər. Bilgisayar mühəndisliyi ixtisasının tədris planı, semestrlər üzrə paylanması, fənlərdə tədris olunan istiqamətlər, mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub. Seminarın sonunda layihənin eksperti Prof.Dr. Kürsat Çağıltayın layihə iştirakçıları ilə yekun müzakirəsi baş tutub. Müxtəlif əməkdaşlıq perspektivləri, layihə çərçivəsində professorun Azərbaycan dilinə tərcümə olunacaq "İnsan Bilgisayar Etkileşimi və Kullanilabilirlilik Mühendisliği” kitabının təqdimatı və insan-kompüter interfeyslərinin araşdırılmasına dair birgə beynəlxalq konfransın keçirilməsi müzakirə olunub, xatirə şəkilləri çəkdirilib. 

Qeyd edək ki, hazırda modernləşmə mərhələsində olan MDU-da tədris və elmi fəaliyyətin müasir tələblərə uyğun təkmilləşdirilməsi məqsədilə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinə, əməkdaşların müvafiq təlimlərdə iştirakının təmin edilməsinə xüsusi önəm verilir.

Xəbər 453 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR