Lavrov: “İrəvan sülh danışıqlarına hazırdır”

Lavrov: “İrəvan sülh danışıqlarına hazırdır”

Paşinyan sülh danışıqlarına hazırdırsa, niyə əldə olunan razılaşmaları sabotaj etməkdə davam edir?

"Əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir”. Bunu Prezident İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: "Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər”.

Prezident revanşist qüvvələrə də bir daha xəbərdarlıq edib: "Əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir”.

Qeyd edək ki, ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərində bu mövzu geniş müzakirə edilib. Lavrov Paşinyanın sülh danışıqları aparmağa hazır olduğunu deyib: "Siz münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsini, gələcək müqavilənin sizin tərəfinizdən təqdim olunmuş müddəalarını xatırlatdınız. Yeri gəlmişkən, biz eşitmişik, Ermənistan tərəfi, baş nazir Paşinyan bu mövzuda danışıqlar aparmağa hazırdır. Biz burada da Azərbaycanın və Ermənistanın razılığı ilə kömək göstərməyə hazırıq”.

Məlumdur ki, Qarabağ məsələsinə görə əhalinin kütləvi şəkildə küçələrə axışacağını zənn edən və revanşist fikirlərin bu prosesdə katalizator rolunu oynayacağına böyük ümidlər bəsləyən erməni müxalifəti fiasko ilə üzləşib. Ermənistan əhalisi, artıq çətin də olsa, sülhə yönəlməyə başlayıb. Bu prosesdə, sözsüz ki, Azərbaycanın regiondakı qüdrətinin ermənilər arasında yaratdığı qorxu və ümidsizlik də az rol oynamayıb. Azərbaycanın qətiyyətli mövqeyi, mütləq qalib olmasına baxmayaraq, sülh naminə Ermənistan tərəfinə verilmiş şanslar, görünür, erməni xalqının şüuruna da müsbət təsir göstərməyə başlayıb. Ən əsası da, müxalifətin aparıcı qüvvəsi "Qarabağ klanı”nın liderləri olduğundan, Ermənistan cəmiyyətində onlara etimad göstərilmir. Əksinə, onları Ermənistanın və ermənilərin üzləşdiyi bütün bəlaların və faciələrin əsas səbəbkarı kimi görürlər. Xalq da artıq onların hansı oyun oynadığını və nəyə xidmət etdiyini, bu məqsədlərin arxasında ancaq hakimiyyət hərisliyinin dayandığını dərk edir. Ona görə də onlara dəstək vermirlər. Bu hal Paşinyana rəqibləri üzərində üstünlük vəd edir, radikal müxalifəti sıradan çıxarır. Prinsipcə, artıq erməni baş nazirin önündə sülh müqaviləsi üçün heç bir maneə qalmır. Maraqlıdır, Paşinyan Lavrovun da dediyi kimi, sülh danışlqlarına hazırdırsa, onda niyə bu istiqamətdə addımlar atmaq əvəzinə, əldə olunan razılaşmaları sabotaj etməkdə davam edir?



Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev bildirdi ki, Ermənistanın hazırda sülhlə bağlı mövqeyi anlaşılan deyil: "Bir tərəfdən hətta Lavrovun belə dilindən səslənir ki, Ermənistan bu prosesə hazırdır, digər tərəfdən isə Paşinyan ikitirəli oyun oynayır, konkret qərar verməkdə çətinlik çəkir, revanşistlərdən ehtiyat  edir, nala-mıxa vurur.  Hərçənd burada düşünülməli, ehtiyat etməli nəsə yoxdur.  Sadəcə, addım atılmalıdır, üçtərəfli razılaşmalardakı bəndlərdən irəli gələn öhdəliklərə əməl edilməlidir, Zəngəzur dəhlizi təcili formada açılmalıdır, sərhəd məsələləri öz həllini tapmalıdır. Eyni zamanda Paşinyan revanşist qüvvələrdən ehtiyat edirsə, yenə də böyük yanlışlığa yol verir. Çünki erməni xalqı həmin qüvvələrə dəstək vermir, özlərini  ”klan lideri" adlandıranların  fikirlərini, ideyalarını bölüşmür. Səbəb də odur ki, 30 illik  işğal dövründə Ermənistan faktiki olaraq heç nə qazanmadı. Əksinə, itirdi.  Həm beynəlxalq dairələrdəki nüfuzunu itirdi, həm də regional kommunikasiyalarda, layihələrdə iştirak şansını. Yəni bu işğal faktı illər boyunca Ermənistanın öz başında çatladı, onları qınaq obyektinə çevirdi. İndi isə artıq meydanda, masada  başqa şərtlər var və həmin şərtləri Azərbaycan diktə edir. Çünki 44 günlük müharibədə erməninin başını əzmişik, torpaqlarımızı işğaldan azad etmişik. Qalib  tərəf bizik. Güclü olan tərəf bizik. Ona görə də Ermənistan hakimiyyəti nəhayət öz taleyi və mövcud durumla barışmalıdır, bölgədə sülhün, sabitliyin bərpası üçün əməli addımlar atmalıdır, revanşistlərdən qorxaraq verdiyi sözlərdən qaçmamalıdır, sülh müqaviləsi ilə bağlı mövzularda ciddiyyət nümayiş etdirməlidir. Revanşistlər  güman ki, Paşinyana heç nə edə bilməz. Çünki nüfuzlarını itiriblər. Amma əgər Ermənistan hakimiyyəti Azərbaycanla oyun oynamaq  eşqinə düşsə, bax bunun cavabı çox ağır olacaq".



Politoloq Murad Sadəddinov dövlət başçısının Kəlbəcərdə çox ciddi mesajlar verdiyini söylədi: "Azərbaycan Ordusunda paralel olaraq xüsusi təyinatlıların bir növü kimi mövcud olan korpuslarımızda ayrıca komando briqadaları yaradılır. İlk briqada Hadrutda yaradılmışdı. Növbəti briqada Kəlbəcərdə yaradıldı. Cənab Prezident briqada döyüş bayrağının təqdim edilməsində iştirak etdi ki, bu da simvolikdir. Bu, ordumuzun 104 illiyində həyata keçirildi. Ölkə başçısı çıxışında bir sıra vacib və maraqlı məqamlara toxundu. Eyni zamanda ciddi mesajlar da verdi. Dağın ətəyində cənab Prezidentin ”Dəmir yumruq yerindədir" sözlərinin yazılmasının özü çox mətləblərdən xəbər verir. Bu bir daha yada salır ki, sizlər götürdüyünüz öhdəliklərdən yayına bilməyəcəksiniz. Ordumuz bu gün hər şeyə qadirdir. Ermənistandakı revanşistlər, erməni havadarlar gələcək barədə xam xəyalları varsa, unutmasınlar ki, Qarabağ problemini 44 gündə necə həll etdiksə, yerdə qalan problemləri də həll etmək bizim üçün artıq elə də çətin deyil. Cənab Prezident Brüssel və Rusiya ilə danışıqlar meydançasına siqnallar göndərir ki, 44 günlük savaşdan sonra əldə olunan razılaşmaları tezliklə yerinə yetirməlisiz, əks halda, bundan yayınmaq istəsəniz, dəmir yumruq” yerindədir".



Siyasi analitik Asif Nərimanlı atılmalı olan bir sıra addımlardan söz açdı: "Paşinyan da anlayır ki, sülh müqaviləsinin alternativi yoxdur və bu, ilk öncə Ermənistanın gələcəyi üçün lazımdır, lakin o, müəyyən üstünlüklər əldə etmədən də buna getmək istəmir. Bilirik ki, sülh müqaviləsinin hazırlanması üçün öncə atılmalı addımlar var. Bunlardan biri sərhədin delimitasiyasıdır. Əgər delimitasiya SSRİ xəritələri ilə olarsa, nəticədə vaxtilə ermənilərə əkin və otlaq sahəsi adı ilə verilən ərazilər, o cümlədən Kərki və Qazağın 7 kəndinin qaytarılması gündəmə gələcək. Ermənistan mümkün qədər bunun qarşısını almağa çalışır. Digər bir məsələ kommunikasiyanın açılmasıdır. Ermənistan Zəngəzur dəhlizinin ”yol məntiqi" ilə açılmasına çalışır, bu, həm daşımalardan tranzit haqqı almağa hesablanıb, həm də Qərb Rusiyanın bu yolda təsirə malik olmasını istəmir. Eyni zamanda İrəvan Qarabağdakı ermənilərin müəyyən "status” əldə etməsini istəyir. Bu istəklərini "təhlükəsizlik və hüquqlarının təminatı” ilə bir qədər yumşaltsalar da, sonda "status”a nail olmağa çalışırlar. Bu o deməkdir ki, Ermənistan və Azərbaycan sülh müqaviləsinin imzalanması məsələsində eyni fikirdə olsalar da, gündəliklə bağlı ciddi fikir ayrılıqları var və prosesin inkişafı 44 günlük müharibədən öncəki vəziyyətin yaranmasına doğru gedir. Razılaşmalar var, amma heç bir irəliləyiş yoxdur və bu, eskalasiyanı aktuallaşdıracaq vəziyyətdir".

Mənbə: Musavat.com
Xəbər 466 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR