Koronavirusla mübarizə üçün tədbirlər görülür -Müdafiə Nazirliyi

  Koronavirusla mübarizə üçün tədbirlər görülür  -Müdafiə Nazirliyi

Bu gün koronavirus infeksiyası (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə və tələblərindən irəli gələrək Azərbaycanda da bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.

Aktual.az xəbər verir ki, koronavirus infeksiyasının pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, Müdafiə Nazirliyinin aidiyyəti strukturları da bu sahədə zəruri işlər həyata keçirir.
Belə ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin nəzarəti altında ölkədə aparılan sanitar-gigiyena, əks-epidemik və dezinfeksiya işləri fonunda Azərbaycan Ordusunda da profilaktik tədbirlər birmənalı şəkildə aparılır.
Azərbaycan Ordusunun şəxsi heyətinin yeni növ koronavirus infeksiyasına (COVİD-19) yoluxmasının qarşısının alınması üçün müdafiə naziri əmr imzalayıb və tədbirlər planı təsdiqləyib. Bundan əlavə, müdafiə nazirinin Birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisi də Azərbaycan Ordusunun hərbi qulluqçularının və mülki işçilərinin sağlamlığının qorunması, koronavirus infeksiyasının hərbi hissələrə sirayətinin qarşısının alınması məqsədi ilə sərəncam imzalayıb.
Eyni zamanda, müvafiq idarələr tərəfindən koronavirusun profilaktikası, diaqnostikası və müalicəsinə dair təlimatlar hazırlanaraq qoşunlara, hərbi müalicə müəssisələrinə göndərilib, koronavirusa qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və TƏBİB-lə koordinasiyalı iş təşkil edilib. Müdafiə Nazirliyinin müvafiq idarələri və tabeliyində olan qurumlar gücləndirilmiş iş rejiminə keçərək Səhiyyə Nazirliyi və onun müvafiq qurumları ilə qarşılıqlı fəaliyyət göstərir. Ən müasir tibbi avadanlıqlarla tam təchiz edilən mobil səyyar hospitallar ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün həkim briqadası ilə hazır vəziyyətə gətirilib.
Azərbaycan Ordusunda yoluxucu xəstəliklərə qarşı mübarizə və onlardan qorunma ÜST-ün tövsiyələrinə müvafiq olaraq elmi cəhətdən əsaslandırılmış profilaktik və əks epidemik tədbirlər kompleksi çərçivəsində aparılır. Bu tədbirlər kompleksi 3 əsas həlqədən ibarətdir: mümkün risklərin aşkara çıxarılması, bu risklərin qiymətləndirilməsi və onların idarə olunması, yəni təsirinin minimum səviyyəsinə endirilməsi. Hərbi qulluqçular arasında qeyd olunan tədbirlər kompleksinin effektiv həyata keçirilməsi rəhbərliyin daimi tələbidir.
Hospitallara və tibb məntəqələrinə müraciət edən hər bir hərbi qulluqçu barədə məlumat xüsusi rabitə vasitəsi ilə dərhal rəhbərliyə məruzə olunur, eyni zamanda çevik, adekvat, profilaktik və diaqnostik müalicə tədbirləri görülür. Məhz, Ali Baş Komandan İlham Əliyevin daim diqqət və qayğısı, Ordu rəhbərliyinin ciddiliyi və tələbkarlığı, eləcə də hərbi həkimlərin fədakarlığı sayəsində hal-hazırda hərbi qulluqçularımızın sağlamlığı kifayət qədər yüksək səviyyədə təmin olunur.
Nəticədə tibbi hərbi hissə və müəssisələr ciddi əks epidemik iş şəraitində fəaliyyətə hazırlanıb, xəstələrin təcridi üçün müvafiq bokslar yaradılıb, onlar lazımi avadanlıqlarla təchiz edilib, tibb heyəti təlimatlandırılıb. Şəxsi heyət fərdi mühafizə vasitələri ilə (qoruyucu geyim, tibbi maskalar, əlcəklər və sair) təchiz olunub. Hospital və poliklinikalar həkim-infeksionistlərlə komplektləşdirilib.
Şəxsi heyət arasında koronavirus infeksiyasından qorunma yolları barədə maarifləndirmə işləri aparılır, bütün hərbi hissələr dərman preparatları, dezinfeksiyaedici maddələr və vasitələrlə tam təchiz olunub, onların ehtiyatı yaradılıb. Şəxsi heyətə gündə 3 dəfə bədən termometriyası aparılır. Bununla yanaşı, hərbi qulluqçuların immunitetinin gücləndirilməsi (vitaminlər, fitonsidlər) üçün müvafiq tədbirlər görülür. Nəzarət-buraxılış məntəqələri, kazarmalar və sair yerlər gündəlik dezinfeksiya olunur. Hərbi hissəyə daxil olan hərbi qulluqçular və mülki işçilərə nəzarət-buraxılış məntəqələrində tibbi baxış və termometriya aparılır. Kazarma və otaqların havasının dəyişdirilməsinə, temperatur və rütubət rejiminə nəzarət gücləndirilib. Xüsusi zərurət olduğu hallar istisna olmaqla bütün ezamiyyətlər dayandırılıb. Ən əsası odur ki, aparılan profilaktik tədbirlərin keyfiyyətinə gündəlik nəzarət olunur.
Xəbər 254 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR