Koronavirusa yoluxmada artım: Yenidən karantin gözlənilir

Koronavirusa yoluxmada artım: Yenidən karantin gözlənilir

Bu günlər Azərbaycanda ölkə xaricindən gələn 31 şəxsdə koronavirusun Delta variantının aşkar olunduğu açıqlandı. Səhiyyə Nazirliyi, İcbati Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) qeyd edirdi ki, 9 nəfərdə isə infeksiyasının Britaniya variantı tapılıb.

Koronavirusun Britaniya ştammı Azərbaycanda əvvəllər aşkar olunsa da, Delta ştammı ölkə ərazisində ilk dəfədir qeydə alınıb. Karantin rejimini yumşaldan dünyanın bir çox ölkələrində yayılmış Delta variantı yeni qapanmalara və müxtəlif məhdudlaşdırmalara səbəb olub.Bəzi alimlər bildirir ki, koronavirusun Delta variantı əvvəlki ştammlardan daha yoluxucudur.
Bəs Azərbaycanda karantin rejiminin sərtləşdirilməsi gözlənilirmi? Buna ehtiyac varmı? Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı «Turan» Agentliyinə bildirib ki, məhdudlaşdırıcı tədbirlərin olub-olmaması əhalidən asılıdır: «Operativ Qərargah iyulun 1-dən müəyyən qaydalar çərçivəsində toy, xeyir mərasimlərinin keçirilməsinə icazə verib. Amma çox təəssüf ki, insanlar həmin qaydalara riayət etmir. Yenə də toylara normadan artıq insanlar dəvət olunur, qoruyucu maskalardan istifadə olunmur, sosial məsafəyə riayət edilmir. Sanki tamamilə dünyada koronavirus pandemiyası yoxdur».

Komitə üzvü qeyd edib ki, Azərbaycanda son günlər koronavirusa yoluxma dinamikasında nəzərə çarpacaq qədər artım var : «Əhali qaydalara riayət etməsə əlbəttə ki, hər hansı sərtləşmə tədbiq oluna bilər. Başa düşürük, insanlar artıq bezib, amma müəyyən olunmuş qaydalara çox ciddi şəkildə riayət etmək lazımdır».

M.İbrahimqızı vurğulayıb ki, insanlar mütləq vaksinasiya prosesində iştirak etməlidir : «Peyvənd bu xəstəlikdən qorunmasında ən yaxşı yoludur».

Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev isə hesab edir ki, bəzi məsələlərə aydınlıq gətirilməlidir : «Çay gəlməmiş cırmanırıq. Həmin Delta ştammına yoluxmuş 31 nəfərdən neçəsi yüngül, neçəsi ağır vəziyyətdədir? Bəlkə heç ağır vəziyyətdə olan yoxdur? Onlar peyvənd olunubmu? Bu məsələlər cəmiyyətə açıqlanmalıdır. Amma heç bir açıqlama verilməyib».

Mütəxəssis qeyd edib ki, situasiyaya uyğun qərar vermək lazımdır: «Ölkəmizdə əhalinin yarıya qədərinin bir hissəsi peyvənd olunub, bir hissəsi isə yoluxub sağalıb. Ona görə də fikrimcə, sərtləşdirmələrə ehtiyac yoxdur».
Xəbər 254 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR