İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni namizədlər müəyyənləşib.
Aktual.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi"ndə öz əksini tapıb.
Sənədə əsasən, Yayım Şurasına idman federasiyaları tərəfindən Azərbaycan Cüdo Federasiyasının İcraçı vitse-prezidenti Rəşad Rəsullu, Şahmat üzrə qadınlar yığma komandasının kapitanı İlahə Qədimovanın namizədliyi irəli sürülüb.
Dini konfessiyalar tərəfindən isə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov namizəd kimi təqdim edilib.
Sənədə əsasən, Yayım Şurasında yaradıcılıq təşkilatları tərəfindən Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü Həcərxanım Babayeva və Azərbaycan Milli Konservatoriyasının dosenti Aytən Babayevanın namizədliyi irəli sürülüb.
Qeyd edək ki, hazırda Yayım Şurasının sədri filologiya üzrə elmlər doktoru, akademik Teymur Kərimlidir. Şuranın üzvləri Həsən Cəfərov (Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası), Azər Əliyev (gənclər təşkilatları), Azər Həsrət (Mətbuat Şurası), Vüqar Zeynalov (Sahibkarlar Şurası), Yusif Babanlı (idman federasiyaları), Salman Musayev (dini konfessiyalar), Sevil Yusifova (qadın cəmiyyətləri), Zemfira Qafarovadır (yaradıcılıq təşkilatları).
Yayım Şurasının üzvlərinin səlahiyyət müddəti 6 ildir.
Xəbər 43 dəfə oxunub.