İtaliya Prezidenti: “SOCAR-a və “Maire Tecnimont”a təşəkkürümü bildirirəm”

İtaliya Prezidenti: “SOCAR-a və “Maire Tecnimont”a təşəkkürümü bildirirəm”

 "Cənab Prezident, bu gün bu tədbirdə Sizinlə bir yerdə olmaqdan çox məmnunluq hissi duyuram. Mən bu rəsmi səfər çərçivəsində bu tədbirə qoşulmaqdan çox məmnunam. Bu cür tədbirlər İtaliya ilə Azərbaycan arasındakı münasibətlərin çox yüksək səviyyədə olduğunu göstərir. Bu, eləcə də dövlətlər və xalqlar arasında dostluğun və səmimiyyətin bir işarəsidir”.

Aktual.az-ın xəbərinə görə, bunu İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Sumqayıt Kimya Sənaye Parkının ərazisində "SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən Polipropilen Zavodunun açılış mərasimindəki çıxışında deyib.
"Cənab Prezidentin dediyi kimi, sabah Azərbaycan-İtaliya biznes forumu keçiriləcək. Biz ümid edirik ki, bu forum çərçivəsində yeni münasibətlərin əsaslarını qoya biləcəyik. Mən SOCAR-a və "Maire Tecnimont”a təşəkkürümü bildirirəm. Biz bu gün bu zavodun nə dərəcədə yüksək texnologiyaya malik olduğunu görürük. Təbiidir, biz burada görürük ki, texniki imkanlarından əlavə müəssisənin infrastruktur kimi dizaynı da çox gözəldir. Bu, çox əhəmiyyətli bir layihədir. Çünki ölkənin sənaye imkanlarını yüksək əlavə dəyər baxımından möhkəmləndirir. Həmçinin təbii ki, Azərbaycan ilə İtaliya arasında əməkdaşlığın nə dərəcədə yüksək potensiala malik olduğunu bir daha göstərir.
Bu gün səhər Prezidentlə görüşüm zamanı xarici işlər nazirlərimizin və bizi müşayiət edən nümayəndə heyətinin iştirakı ilə ölkələrimiz arasındakı ikitərəfli məhsuldar əməkdaşlıq barədə danışdıq. Bu gün bizim burada olmağımız və əlbəttə, bütün nümayəndə heyətlərinin - İtaliya şirkətlərinin və onların tərəfdaşlarının burada olması bu tədbirin yüksək səviyyəsini göstərir. Təbii ki, biz Sumqayıt şəhərini də qeyd etməliyik. Çünki o, öz potensialı ilə bu tədbirin əhəmiyyətini xüsusi olaraq nümayiş etdirir”, - deyə, dövlət başçısı əlavə edib.
Xəbər 72 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR