"İran öz ərazisində ermənilər üçün dövlət qura bilər"


İran davamlı olaraq ermənipərəst mövqedən çıxış edir. Ermənistanın 12 və 13 sentyabrda törətdiyi genişmiqyaslı təxribatların fonunda da bunu müşahidə etdik.

Rəsmi Tehran durmadan bəyan edir ki, Azərbaycan-Ermənistan sərhədlərinin dəyişdirilməsi onlar üçün qırmızı xətdir və s. Hansı ki, hələlik sərhədlər müəyyən edilməyib və bu, qanunamüvafiq şəkildə, beynəlxalq aləmdə qəbul olunan sərhədlərimiz çərçivəsində baş tutacaq. Burada İranın razı qalıb-qalmaması məsələsi heç bir önəm kəsb etmir. Ancaq İran subyektiv meyarlarla bu məsələdə canfəşanlıqla erməniləri dəstəkləyir, onlara canı yanır.

Deputat Fazil Mustafa bu "etiraza” ilginc reaksiya verib. O deyib ki, İranın Ermənistan üçün ən yaxşı addımı ermənilərin İrana köçürülməsi olar. O qeyd edib ki, əgər İran bu qədər ermənilərin qayğısına qalırsa, bunun üçün İranın daxilində onlara xüsusi region hədiyyə etsinlər.

"İran ermənilərin təhlükəsizliyini təmin etmək istəyirsə, erməniləri siyahıya alıb birbaşa Ermənistana köçürsünlər. Orada daha yaxşı təhlükəsiz yaşaya bilərlər. Çünki Azərbaycan sərhədində təxribat törədəndə ordumuz da təxribatın qarşısını almaq məqsədilə onlara zərbə vuracaq. Bunu İran tərəfi istəmirsə, o zaman ermənilərin yaxşılığı üçün ən yaxşı addım ermənilərin toplu şəkildə İrana köçürülməsidir”.

Bu, müəyyən qədər ironik açıqlama olsa da, tarixi faktlar bundan ibarətdir ki, Qərbi Azərbaycana, İrəvana, Qarabağa ermənilərin böyük bir qismi 18-19-cu əsrlərdə, hətta 20-ci əsrin əvvəllərində İran ərazisindən köçürülüb. Bu baxımdan ermənilərin günlərin birində İranda "tarixi yurdlarına” dönmək arzusu, iddiası da baş qaldıra bilər. İkinci Qarabağ savaşından sonra xeyli sayda gəlmə erməni İrəvan küçələrində "sülənir”. Ermənilər niyə İrana üz tutmur, əgər onlara Tehranda belə xoş münasibət varsa?

Bağlıdır Avropa Birliyinin qapısı üzümüzə...

Şəhla Cəlilzadə: "İran Ermənistan ərazisini ”qara zona" olaraq dəyərləndirir"

STM əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə İran hakimiyyətinin "ehtiyatlı” davranışlarına eyham vurdu: "Yüzillər boyu İranda erməni etnik-dini azlığı yaşayıb və İran cəmiyyətində özünə yer edə bilib. İranda ermənilər hər zaman müsbət ayrı-seçkilik münasibəti görüblər, yəni onlara qarşı digər etniklərdən fərqli olaraq daha yaxşı davranılıb, daha üstün haqları təmin olunub. Bu münasibətin müasir nümunələrindən biri, dünya "erməni soyqırımı" adlandırılan hadisəyə birmənalı qiymət verə bilməzkən, bu mövzuda yalnız Qərbin dəstəyini alan ermənilərə gözlənilməz dəstəyin İrandan gəlməsi, 2004-cü ildə keçmiş İran prezidenti Xatəmi tərəfindən İrəvanda qondarma sözdə "soyqırım” abidəsi önündə əklil qoyulmasında öz əksini tapıb. Ermənilər İran coğrafiyasında heç zaman türk-azərbaycanlılar kimi çoxsaylı olmamış, həmçinin İranın imperial maraqlarına qulluqçu olaraq "xidmət” göstərmişlər. Həmçinin İran Ermənistan ərazisini "qara zona” olaraq dəyərləndirir. Bu ərazidən qonşu dövlətlərin, o cümlədən Türkiyə və Azərbaycanın ərazisinə təhdid, Şimal-Cənub, həmçinin Şərq-Qərb dəhlizləri üzərində nəzarət, qeyri-qanuni ticarət maddələrinin rahat dövriyyəsi üçün "sərbəst marşrut” olaraq dəyərləndirir. Hələ Türkiyə Vətənin azadlığı və birliyi uğrunda mübarizəsini 1923-cü ildə uğurlar başa vurduqdan az sonra, 1925-ci ildə çıxarılan kürd üsyanlarında məhz İran-Ermənistan/Ağrı dağı istiqaməti Türkiyəyə hücumun əsas marşrutlarından biri idi. Regional rəqabət İranı Ermənistanla daha da yaxınlaşmağa vadar edir.

Bundan fərqli olaraq İran hakimiyyəti Azərbaycanın coğrafi bütövlüyünü, siyasi azadlığını və regional güc olaraq gedərək daha çox parlamasını rahatlıqla qəbul edə bilmir, bunu özü üçün təhdid olaraq dəyərləndirir. İran arealında çoxsaylı türk-azərbaycanlının tarixi mövcudluğu, onların zaman-zaman milli kimlik bilinci ilə azadlıq mübarizəsinə qalxması, sadəcə, 20-ci əsrdə azərbaycanlıların İranda 3 azadlıq hərəkatının yaşanması - 1908-ci ildə Səttərxan inqilabı, 1920-ci ildə Xiyabaninin qurduğu Azadistan dövləti, 1945-ci ildəki "21 Azər Hərəkatı”, Cənubi Azərbaycanda Pişəvərinin liderliyi ilə Azərbaycan Milli Hökümətinin qurulması - və bütün bunların təkrarlanma ehtimalı İranı təbii ki narahat edir. Odur ki, İran hökuməti Cənubi Qafqazda Azərbaycan və türk kimliyinin düşmən və rəqib obrazı olaraq, tarixən öz məqsədləri daxilində istifadə edə bildikləri ermənilərdən yenə də istifadə etməyə davam edirlər. Bu baxımdan onların İran-Ermənistan sərhəddinin qorunmasına dair ifadələri və bəyanatları, həmçinin açıq səslə Azərbaycanın İsraillə artan münasibətlərinin İran üçün təhdid törətdiyini vurğulaması qeyd edilə bilər. Azərbaycanın II Qarabağ müharibəsində hərbi üstünlüyünü İsrail və Türkiyə dronları ilə təmin etməsindən dərhal sonra İran dron sərgisinə və müsabiqəsinə Ermənistanı (Rusiya və Belarusla birlikdə) dəvət etməsi də təəccüb doğrulmamalıdır. Bu gün İran dronları Rusiya tərəfindən Ukraynada istifadə olunursa, gələcəkdə hətta Ermənistan tərəfindən də Azərbaycana qarşı istifadə olunma ehtimalına malikdir. Odur ki, İranın geosiyasi maraqları ermənilərlə sərhədi özlərinin "qırmızı xətti” adlandırırsa da, bu, qarşı tərəfdən Türk Dünyası arasındakı "qara dəlik”, "ayırıcı xətt” olaraq görülür. Azərbaycan hərbi yolla qara dəliyi keçib, yeni bəndlər inşa edəcək, bu da Ağbənddən keçən Zəngəzur dəhlizidir. Ermənilər bu bəndin çəkilməsinin qarşısını heç cür ala bilməyəcəklər. Əgər İran ermənilərə dəstək olmaq istəyirsə, 1828-ci il Türkmənçay müqaviləsinin 15-ci maddəsi əsasında Cənubi Qafqaza köçürdüyü və Azərbaycanın tarixi torpaqlarına doldurduğu erməniləri geri çağıra bilər. Təxminən 200 il sonra nəhayət, tarixi ədalət öz yerini tapar: azərbaycanlılar Zəngəzurda, ermənilər İranda".

Kamran Məmmədli: "Təkcə paytaxt Tehranda sırf ermənilər üçün 23 məktəb var”
 
AĞ Partiya Mərkəzi Aparatının rəhbəri, siyasi şərhçi Kamran Məmmədli bir sıra maraqlı faktlara toxundu: "İranda siyahıya almalarda milli mənsubiyyət üzrə təsnifat aparılmadığına görə bu ölkədə yaşayan ermənilərin sayı barədə dəqiq statistik məlumat olmasa da, qeyri-rəsmi məlumatlara görə, 200 minə yaxın erməni orada yaşayır. İran özünü İslam Respublikası adlandırsa da, artıq heç kəsə sir deyil ki, İranda yaşayan ermənilərin hüquqları yüksək səviyyədə tanınır. Onlar üçün spirtli içkilərin verildiyi restoranlar, uşaqları üçün erməni dilində bağçalar, məktəblər belə var. Təkcə paytaxt Tehranda sırf ermənilər üçün 23 məktəb var. Eyni zamanda ermənilərin milli və dini bayramlarını qeyd etmək hüququ rəsmi şəkildə tanınır.

Bu səbəbdən düşünürəm ki, Fazil bəyin təklifləri nə qədər ironik olsa da, bir o qədər də reallıqlara yaxındır. Zatən ermənilər üçün İran ikinci vətən sayıla bilər. Hazırda İranda yaşayan ermənilər əsasən Cənubi Azərbaycanın Təbriz, Urmiya və digər şəhərlərində məskunlaşıblar. Düşünürəm ki, növbəti köç baş verərsə, İran erməniləri əsasən Cənubi Azərbaycan bölgələrində məskunlaşdırılacaq. Çünki hazırda fars rejimi üçün əsas daxili təhlükə Cənubi Azərbaycan türkləri olduğu üçün İran artıq orada əhalinin kürdləşmə prosesinə başladıqları kimi, erməniləşmə prosesinə də təkan vermək istəyəcək. Ona görə, fikrimcə, İranın erməni qayğısına rəğmən Azərbaycan daha çox Cənubi Azərbaycan faktorundan istifadə etməlidir və rəsmi Tehrana anlatmalıdır ki, bir ovuc erməniyə görə türklərlə problem lazim deyil. Bunu biz İrana anlada bilsək, artıq İranın erməni sevgisi əvvəlki kimi gur səsli gəlməyəcək".

Niyaməddin Orduxanlı: "İran istəyirsə, öz ərazilərində ermənilər üçün ikinci dövlət də qura bilər”

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı məntiqli və kəskin suallarla çıxış etdi: "İran Azərbaycan öz müstəqilliyini qazandıqdan bu günə kimi Ermənistana böyük dəstək verir. Bütün imkanları ilə ermənilərin yanlarında olurlar. Enerji təchizatından tutmuş, silah, ərzaq və s. Son zamanlar isə İran rəsmiləri utanmadan Ermənistana diplomatik dəstək verirlər. Demək olar ki, İran dünyada yeganə müsəlman ölkəsidir ki, müsəlman körpəsini, qocasını, qadınını qanına qəltan edən, Azərbaycanın yüzlərlə məscidini dağıdan, donuz saxlayan ermənilərlə qardaşlıq edir. Budur İranın müsəlmançılığı?! Azərbaycan bir necə ay bundan qabaq "Qisas" əməliyyatı keçirdiyi ilk gündən İranın dini lideri dərhal çıxıb bəyanat verdi ki, Ermənistan sərhədləri bizim qırmızı xəttimizdir. Bu gün də, Ermənistanın 12 və 13 sentyabrda törətdiyi genişmiqyaslı təxribatların fonunda da bunu müşahidə etdik. Heç Qərbin özü, Fransa belə bu gün Ermənistana İran kimi dəstəyini açıq şəkildə bildirmir. Ancaq mollalar "dəridən-qabıqdan” çıxır ki, Azərbaycan öz sərhədlərini bərpa etməsin. Niyə? Nədir sizi acıdan? Bütün bunları ona görə istəmir ki, Zəngəzur dəhlizi açılsın. Ancaq burada bir ziddiyyətli məqam da var. Bu gün Amerika da istəmir ki, Zəngəzur dəhlizi açılsın, həm Rusiyaya görə, həm də İrana görə. Zəngəzur dəhlizinin açılması Rusiya üçün çox böyük imkanlar yaradır. İqtisadi blokadada olan Rusiya üçün geniş imkanlar açılır. Həm də Rusiya Türkiyə, İranla quru sərhədlərinin bərpasından əlavə, Asiya ölkələri ilə yaxın ticari əlaqələri qurulur. Deyək ki, Hindistandan, Çindən və digər ölkələrdən daşınan mallar İran vasitəsilə Rusiyaya keçəcək. Bütün bunların qarşısını almaq üçün Amerika Paşinyandan istifadə edir. Bəs İrana nə gəlib ki, özünü Amerika ilə eyni düşərgədə görür? İran mollaları bu suala cavab verməlidilər!

O ki qaldı hörmətli deputatımız Fazil Mustafa bəyin təklifinə, tamamilə haqlıdır. İran istəyirsə, öz ərazilərində ermənilər üçün ikinci dövlət də qura bilər. Adını da qoysunlar Haystanfars dövləti. İran da, Ermənistan da, Qərb ölkələri də başa düşməlidir ki, ermənilər Azərbaycana qarşı təxribat törədəndə ordumuz da təxribatın qarşısını almaq məqsədilə onlara çox ağır zərbə vuracaq. Amerika da bunu bilməlidir. Dəmir yumruq hər zaman başlarının üstündə olacaq. Bir əsgərimizin şəhid olması qarşılığında 5 erməni leşini götürməli olacaqlar. Bu siyasət hər zaman davam edəcək. O vaxta qədər ki, ermənilər Azərbaycanla sülh sazişi imzalamağa oturacaqlar. Paşinyan hiylə yolu ilə bütün prosesləri uzadır. Qəsdən Zəngəzur dəhlizinin açılmasını yubadır. Avropa ittifaqının rəhbərliyi görüşdə sülh sazişinin bağlanması üçün bir ay ərzində komissiyanın yaradılmasına razılıq verir. Bunu da qəsdən edir. Nə böyük işdir ki, elə həmin günü Paşinyan Belçikadan bəyan edə bilərdi ki, komissiyanın tərkibində hökumətin filan üzvləri olacaq. Niyə etmir bunu? Vaxt udur. Sonra da sərhədlərimizdə bu cür təxribartlar törədir. Qərbi Azərbaycana qarşı qoyur. Fransa dərhal BMT-nin Təhlükəzilik Şurasının iclasını çağırır. Özü Kollektiv Təhlükəzilik Müqaviləsi Təşkilatına müraciət edir, iclasını yığır. Bütün bunlarda məqsəd həm Azərbaycanla sülh sazişinin imzalanmasını, həm də Zəngəzur dəhlizinin açılmasını uzatmaqdır. Sonda İran rəsmiləri ilə bağlı əlavə etmək istəyirəm ki, hamımız gördük ki, İranın prezidenti İbrahim Rəisi Paşinyanla dərhal telefon əlaqəsi qurub və vəziyyətdən narazılığını bildirib. Bəs görəsən, əhalisinin yarıdan çoxu, 40 milyondan artıq vətəndaşının türk olduğu və 50 milyonluq azərbaycanlının Prezidenti olan İlham Əliyevlə niyə telefon əlaqəsi qurmayıb?"
Xəbər 1489 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR