İran Azərbaycan Türk Dövləti olur

İran Azərbaycan Türk Dövləti olur


Cahandar Bayoğlu: "Yeni yaranan dövlətdə yeni ordu, polis və təhlükəsizlik orqanları sıfırdan yaranmayacaq”

"İran adlanan ölkənin ordusu, polis və təhlükəsizlik orqanların milli iradəyə tabe ierarxik sistemin Tehrandan Təbrizə köçürülməsi məsələni köklü şəkildə həll edəcəkdir”

"Sadaladığımız bölgələrdə yerli idarəçilik forması ilə yanaşı, dövlət quruluşu seçimində əhalisinin 50 faizinin üstündə türk olan bölgələrində xalq Təbriz mərkəzli dövlət quruluşunu dəstəkləyəcəkdir”

İran adllnan ölkədə beynəlxalq miqyasda embarqoların sonucu olaraq, sosial-iqtisadi durum daha da ağırlaşmaqdadır. Uluslararası düzəndə Tehran molla rejiminin tamamilə iflasa uğraması müşahidə olunur. Orta Doğunun bu zəngin ölkəsinin yeni düzəndə necə şəkillənəcəyini kimsə dilə gətirmir.

O da bəllidir ki, I və II Dünya Savaşları sonucu olaraq İran adlanan ölkə ilə bağlı ağır basqılar, dil, kültür, sosial-iqtisadi soyqırımlar türklərə qarşı yönləndirilib. Yüzminlərlə türk doğma yurdlarından məcbur olaraq mühacirətə üz tutmuşdur. Türk aydınları pəhləvilər və ya mollakratiya rejiminin dar ağaclarından asılıblar. Türkə bağlı bölgələrin sosial-iqtisadi baxımdan gəlişməməsi üçün minbir sorunlar yaradılıb. Türk bölgələrinin doğal zənginlikləri Tehran mərkəzli "irani kimliyi” və "panfarsist” rejimlərin çiçəklənməsinə yönləndirilib. Yaşadığımız XXI yüzil XX yüzildən çox fərqlənir. "BAY Düşüncə Ocağı”nın başqanı Cahandar Bayoğlu baş verə biləcək gözləntiləri bizimlə öz açıqlamalarını söylədi.
– Siz İran adlanan ölkədə Azərbaycan Türk Dövlətinin yaranması ilə bağlı diqqətçəkici açıqlamalar vermisiniz. Çoxları üçün bu fikirlər gözlənilməz oldu. Bəndər Abbas, Qum, Şiraz, Tehran və s. bölgələrin də bu dövlətin tərkibində olmasını göstərmisiniz. Bunu necə izah etmək olar?
– İran adlanan ölkədə baş verəcək demokratik proseslər xalqın öz iradəsinə uyğun olaraq hərəkət edəcəkdir. Xalqa seçim haqqı verildiyi üçün Rza və Məhəmmədrza Pəhləvilərin rejimlərinin davamı kimi, süni "iranilik kimliyi” və "farsizm” ideologiyası 40 ildir Tehran mərkəzli mollakratiya tərəfindən antibəşəri siyasətə artıq "dur” deyilməlidir. İstər yerli idarəetmə, istərsə türklərin yaşadıqları bölgələrdə onun kimlik şərtləri, mədəni, sosial və digər haqları 94 ildir dövlət siyasəti olaraq görməzlikdən gəlinir. Bəndər Abbas, Tehran, Şiraz və sair iri şəhərlər daha çox fars bölgələri kimi tanınmışdır. Son yüz ildə demoqrafik proseslərin nəticəsi kimi indiki mənzərəni təsvir etdikdə Qumda əhalinin 70 faizi, Bəndər Abbasda 60 faizə yaxın, 15 milyonluq Tehranda 65-70 faiz arası, İsfəhan və Şirazda 50 faizi üstündə türklərin yaşadıqları ortaya çıxır. Tehrana bitişik 3 milyonluq Kərəc şəhərində əhalinin 90 faizi türklərdir. Həmədan, Ərdəbil, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Zəngan və Qəzvin kimi Azərbaycan ostanlarında xalqa seçim haqqı verildikdə çoxluğun təşkil etdiyi türklərdən ibarət olan ərazilər Təbriz mərkəzli dövlət quruluşuna səs verəcək və bu təbii haqqı tanıyacaqlar. Sadaladığımız bölgələrdə yerli idarəçilik forması ilə yanaşı, dövlət quruluşu seçimində əhalisinin 50 faizinin üstündə türk olan bölgələrində xalq Təbriz mərkəzli dövlət quruluşunu dəstəkləyəcəkdir. Beləliklə İran adlanan ölkənin siyasi coğrafiyasına baxdıqda Təbriz mərkəzli dövlətin siyasi rəngi də dəyişib.
– Siz ötən açıqlamanızda Qaşqay və Xorasan bölgələrinə ayrıca status vermisiniz. Bu nə deməkdir?
– Qeyd etdiyimiz kimi, İran adlanan ölkədə xalqa öz hakimiyyətini formalaşdırmaq hüququnu tanıdıqda Qaşqay bölgəsində Qaşqay Türkləri, Xorasan və Türkmənsəhra bölgəsində Xorasan Türkləri və Türkmənlər özünü idarəetmə imkanlarını qazanırlar. Onlar öz yerli hakimiyyətlərini formalaşdırdıqdan sonra, Azərbaycan Türkləri ilə heç bir milli, mənəvi və dini ayrılıqları olmayan və mərkəzi Təbriz sayılan Azərbaycan Türk Dövləti ilə birgə olmağa üstünlük verəcəklər.
– Qaşqay və Xorasan Türklərinin yerli idarəçiliyi digər bölgələrdən idarəetmədə nə ilə fərqlənəcəklər?
– Biz unitar dövlət quruluşuna malik Azərbaycan Respublikasının tərkibindəki Naxçıvan Muxtar Respublikasının varlığını örnək kimi göstərə bilərik. Azərbaycan Respublikasında olduğu kimi, Qaşqay və Xorasan bölgələrinin də yerli özünü idarəetmə düzəninin mahiyyəti budur. Azərbaycan Türk Dövlətində də Qaşqay və Xorasanın yerli idarəetmə sistemi kimlik forması baxımından gerçəkləşdirmiş olur. Beləliklə də özlərini Azərbaycan Türklərindən ayrı saymayan Xorasan və Qaşqay Türklərinin maraqlarını təmin təmin edir. 
– Bəs əksəriyyəti təşkil edən Azərbaycan əyalətlərində yerli idarəçilik necə olacaq?
– Biz Azərbaycan Türklərinin çoxluq təşkil edən bütün bölgələrdə Türkiyədə olduğu kimi əyalətlərin idarə edilməsi formasına üstünlük veririk. Bu, həm də dövlətin idarə edilməsi düzənində ən üstün demokratik sistem deməkdir. Yerli şəraitin maraqlarını təmin edən səlahiyyətləri yerli strukturlara, Azərbaycan Türk Dövlətinin maraqlarını uzlaşdıran səbəblər isə Təbriz mərkəzli hakimiyyətin səlahiyyətində olur.
– Bəs farsların milli azınlıqda olduqları bölgələrdə onların hüquqlarını necə görürsünüz?
– İstər azınlıqda olan fars bölgələri, istərsə Qərbi Azərbaycanın indi Mahabad adlanan Soyuqbulaq bölgəsində, istərsə də Qaşqay bölgəsində yaşayan ərəb, fars və kürdlərə inkişaf etmiş ölkələrdə olduğu kimi, bütün milli-mədəni hüquqlar tanınacaqdır.


– Fars, ərəb və digər xalqlar onlara verilən bu hüquqlara etiraz olaraq üsyan etsələr bunun aqibəti necə olacaq?
– Qaşqay bölgəsi sayılan və indi Əhvaz adlandırılan ərazidə ərəblər, istərsə də Qərbi Azərbaycan ərazisində yaşayan kürdlər onlara verilən mədəni hüquqlardan inanmıram ki, imtina etsinlər. Əgər belə bir addımlara cəhd olunacaqsa, PKK tipli terror təşkilatının uzantısı sayılan PJAK və Əl Kaidə tipli terrorçu qrupların işi ola bilər. Böyük güclərin əlində oyuncaq olan qrupları zərərsizləşdirmək kürd və ərəb əhalisinin duyğularını saxtakarcasına sömürmək və öz gizli niyyətlərinə alət etməyə çalışanların yerində otuzdurulması deməkdir. Bütün bunları ərəb və kürd xalqının dəstəyi ilə Azərbaycan Türk Dövləti tərəfindən həyata keçirmək isə, bəşəri mənada doğal haqqıdır.
– Bəs Tehran kimi iri meqapolisin idarəçiliyini necə təsəvvür edirsiniz?
– Dünyada bir çox nəhəng şəhərlər var ki, orada əhalinin sayı paytaxt şəhərləri üstələyir. Hətta həmin ölkələrin sosial, ictimai, iqtisadi və siyasi baxımdan durumuna təsir etmək imkanları da vardır. Bu növ şəhərlərə meqapolis statusu ilə özəl hüquq da verilir. Onlar iqtisadi, mədəni və digər sahələrdə idarəçiliyi özləri müəyyən edirlər. ABŞ-da paytaxt Vaşinqton olduğu halda, ölkənin ən nəhəng meqapolis şəhəri Nyu-York sayılır. Çində paytaxt Pekin olsa da, bank və maliyyə sistemi, nəhəng fabriklərin və digər istehsal vasitələrinin mərkəzi Şanxaydır. Türkiyədə başkənd Ankaradır. Ancaq ölkə iqtisadiyyatının böyük bir qisminin sahibi İstanbul meqapolisidir. Hindistanda paytaxt Dehli olsa da, Kəlküttə və Heydərabad kimi meqaplislər mövcuddur. Bu siyahını uzatmaq olar. Meqapolislərin statuslarının tanınması həmin ölkələrin parçalanması və ya mərkəzdənqaçma kimi anlaşılmamalıdır. Onlara özəl status verməklə yerli idarəçiliyin üstün səviyyədə inkişaf etməsi hüquqları tanınır. Tehranın da meqapolis statusunun qəbul edildiyi üçün mərkəzi Təbriz Azərbaycan Türk Dövlətinin varlığını özlərinin təminatçısı kimi qəbul edəcəklər.


– Müasir dövrdə bilincli toplumlarda cəmiyyətin bütün təbəqələri vahid milli platforma ilə hərəkət edirlər. Azərbaycan Türk Dövlətinin quruluşunda milli iradənin təmsilçisi olan Milli Hərəkat, bürokratiya və burjuaziyanın birgə hərəkət etməsini bildirmisiniz. 
– Bildiyiniz kimi bu gün mollakratiya rejimi kimi təqdim edilən hakimiyyətdə təmsil olunan din xadimlərinin, ordu, polis və digər orqanlarda çalışan məmurların çoxunu Türklər təşkil edirlər. Əgər ölkədə 46 milyonluq Türk öz taleyini və müqəddaratını həll edirsə, onlar da bu bu prosesdən kənarda deyillər. Yeni yaranacaq dövləti öz dövlətləri kimi qəbul edəcəklər. Yeni dövlətin ordusu, polisi, təhlükəsizlik orqanları əksəriyyəti elə bu adamların çiynində formaşalaşacaqdır. İran adlanan ölkənin ordusu, polis və təhlükəsizlik orqanların milli iradəyə tabe ierarxik sistemin Tehrandan Təbrizə köçürülməsi məsələni köklü şəkildə həll edəcəkdir. Yeni yaranan dövlətdə yeni ordu, polis və təhlükəsizlik orqanları sıfırdan yaranmayacaq. Sadəcə yenidən dizayn ediləcək. Bu günkü yüksək rütbəli paşaların və zabitlərin bu bilgidə olması kimsədə şübhə doğurmamalıdır. Azərbaycan Türk Dövlətində din xadimləri mənəvi dəyərlərimizin qorunmasında öz tövhələrini verəcəklər. Böyük iqtisadi gücə malik işadamlarının mülkiyyət hüququ dövlət tərəfindən tanındığına və bunun təminatı verildiyinə görə, Azərbaycan Türk Dövlətinin iqtisadi və sosial mənada inkişafında böyük dəstəyi olacaqdır. Biz nəzərə almalıyıq ki, Milli Hərəkat prosesində cəmiyyəti zümrələrə və müxtəlif siniflərə bölünmür. Milli Hərəkat olan yerdə hədəflər ümumi və ortaq dəyərlərə söykənir. Beləliklə xalqın bütün zümrələri bu ideyanı müdafiə edərək vahid milli maraqlar çərçivəsində addımlayırlar. Bu da dövlətin daha etibarlı və güclü olmasına inamı təşkil edən başlıca faktora çevrilir. Biz inanırıq ki, ayətullahlar, ayətullah üzmalar və digər din xadimləri Turan coğrafiyasını əhatə edən və düşünən türkmərkəzli dini sistemin yaranmasında tövhələrini vermiş olacaqlar. Unutmamalıyıq ki, hər yeni yüzildə dünya yenidən şəkillənir. Hansı xalq bu prosesə hazır olursa və standartlar içində inkişaf edirsə, həmin yüzilin və gələcəyin dominantlıq təşkil edən gücünə çevrilir. Nanotexnologiyaların sürətlə inkişaf etdiyi XXI yüzilin standartları bizlərdən bütün bunları tələb edir. Pəhləvilər xanədanlığı tarixin və son 40 illik dönəm sübut etdi ki, İran adlanan ölkə artıq belə bir anlayışla idarə oluna bilməz. Çünki, ölkənin idarəetmə sistemi tamamilə yalnış formalaşdırılıb. Bizim irəli sürdüyümüz düşüncələrimiz məhz bu amala bağlıdır.

Xəbər 4438 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR