"Hikmət Hacıyevin yüzə yaxın hökumətyönlü QHT ilə görüşündən nə gözləmək olar?"


26 və 28 avqust tarixlərində Azərbaycan prezidentinin köməkçisi, administrasiyanın xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev 100-ə yaxın QHT nümayəndəsi ilə onlayn-konfrans keçirib.
"Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova Turan-ın bu görüşlər haqqında suallarını cavablandırıb.
Hazırda canlanma müşahidə olunur, vətəndaş cəmiyyətinin rolunu başa düşən hakimiyyət bu sahəyə nəzarəti əlində saxlamağa çalışır, deyə Səfərova bu görüşlərin məqsədi ilə bağlı suala cavabda bildirib.
"İştirakçılar arasında çox az müstəqil QHT var idi. Əsasən QHT Şurası ilə əməkdaşlıq edən hökumətyönlü QHT-lər təmsil olunurdu”, deyə o qeyd edib.
Ölkənin vətəndaş cəmiyyətinin vəziyyəti necədir? Bu suala cavabda Səfərova deyib ki, 2014-cü ilin fevralında "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna QHT-lərin müstəqil fəaliyyətini qeyri-mümkün edən düzəlişlər qəbul edilib. Bundan sonra müstəqil QHT rəhbərlərinin fəal təqibi başlayıb.
Eyni zamanda, QHT Şurasının iştirakı ilə hakimiyyətyönlü QHT-lər şəbəkəsi yaradılıb. Hökumət vətəndaş cəmiyyətini tam nəzarətə götürmək qərarına gəlib.
Məhdudiyyətlərə baxmayaraq, müstəqil vətəndaş cəmiyyəti sağ qalıb və fəaliyyətini dayandırmayıb. Əslində əks təsir baş verib. Müstəqi QHT-lər xidmət haqqında müqavilələr üzrə maliyyə vəsaiti almağa davam ediblər. QHT-lər regionlarda, xüsusən gənclərlə müntəzəm iş aparıblar. Hazırda bu proses zəifləyib.
Hakimiyyətin vətəndaş cəmiyyətinə münasibəti dəyişir? Bu suala cavabda Səfərova deyib ki, konkret addımlar olarsa, dəyişikliklərdən danışmaq olar.
"QHT haqqında qanun dəyişsə, hakimiyyətin vətəndaş cəmiyyətinə münasibətinin yaxşılaşmasından danışmaq olar, xarici donorların, beynəlxalq təşkilatların ölkəyə qayıdışı başlayar, vətəndaş cəmiyyəti üçün azad mühit yaranar. Onda hakimiyyətin səmimiyyətinə inanmaq olar”, deyə Səfərova qeyd edib.
11 nəfərdən ibarət QHT-lərə Dövlət Dəstəyi Şurası haqqında ayrıca danışmaq lazımdır. Bu 11 nəfərdən 8 nəfər QHT nümayəndəsi, 3 nəfər dövlət orqanlarının nümayəndəsidir. Şura üzvlərinin səlahiyyət müddəti 4 ildir. Sonuncu təyinat 2016-cı il aprelin 20-də olub. Hacıyevlə görüşdə QHT-lərə Dövlət Dəstəyi Şurasının səlahiyyət müddəti başa çatmış rəhbərliyi və üzvləri iştirak ediblər. Bu, necə olur? Hələ apreldə Şuranın tərkibi dəyişməli idi, amma artıq avqustun sonudur. Səlahiyyəti başa çatan insanlarla QHT-lərin inkişafından necə danışmaq olar? İnkişaf dəyişikliklər, tənqid olduqda olur. Bizdə isə tənqid edənlər hücuma və trolların təhqirlərinə məruz qalırlar”, deyə Səfərova qeyd edib.
Azərbaycanda siyasi institutlar, vətəndaş cəmiyyəti subyektləri və mətbuat hakimiyyət tərəfindən çoxdan və qəsdən zəiflədilib.
"QHT yaratmağa cəhd edin və hansı maneələrlə qarşılaşacağınızı görəcəksiniz. Əlbəttə, uzun illər bu sahəyə nəzarət edən Əli Həsənovun mənfi rolu danılmazdır. Amma yeni komanda köhnə metodlarla idarə etməyə davam etsə, heç bir müsbət nəticə olmayacaq.
Vaxtilə bu sahəyə rəhbərlik edən insan günahkardırsa, qoy islahatçılar bu QHT haqqında qanunun dəyişdirilməsi təşəbbüsü ilə çıxış etsinlər. Onda biz islahat vədlərinə inanarıq.
Bu gün nazirlər, deputatlar və vəzifəli şəxslər arasında vaxtilə beynəlxalq fondlardan böyük hcəmdə qrant alanlar az deyil”.
Hikmət Hacıyevin QHT nümayəndələri ilə görüşündən nə gözləmək olar? Bu suala cavabda Səfərova deyib ki, Əli Həsənov 2012-ci ildə QHT-lərlə görüşmüşdü. Bundan sonra müstəqil QHT-lərin təqibi başlamışdı.
2014-cü ildə ictimai təşkilatlar və fondlar haqqında qanun sərtləşdirilməzdən bir gün əvvəl qanuna düzəlişlərin formal müzakirəsi keçirilmişdi və vətəndaş cəmiyyətinin bütün nümayəndələri öz etirazlarını bildirmişdilər. Nə dəyişdi? Heç nə! Hakimiyyət rəsmiyyətçiliklə məşğul olmağa son qoymalıdır. İndi 2014-cü ildəki vəziyyət deyil, islahatların məzmuna ehtiyacı var.
Hazırki qanun dəyişsə, vətəndaş cəmiyyəti fəallarının təqibinə son qoyulsa, onlar üçün azad mühit yaradılsa, hakimiyyətin dəyişiklik səylərinə inanarıq.
QHT-lər regionda tədbir keçirmək istədikdə Prezident Administrasiyasından və yerli icra qurumundan icazə almalıdırlarsa, QHT-lərin qeydiyyatı üçün dövlət komitəsindən və ya nazirlikdən razılıq məktubu alınmalıdırsa hansı yaxşılaşmalardan danışa bilərik?
* "Vətəndaş” İctimai Birliyi 2005-ci il mayın 31-də yaradılıb və Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. Təşkilatın məqsədi demokratik dəyərlərin yayılması, müxtəlif sahələrdə vətəndaş təşəbbüsünün gücləndirilməsi, monitorinq, sorğu və konfransların keçirilməsidir.

Xəbər 1794 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR