Hədəfə çatmağı çox istəmək

Hədəfə çatmağı çox istəmək

Sənan NƏCƏFOV


Həyatınızın "El Kapitanosu” varmı, onu heç müqayisə etdinizmi? Bu mövzu haqda Barış Özcanın çox diqqətçəkən və təsirli bloqu oldu. Bir neçə gün fikrimdən çıxmadı. Akademik Zərifə Əliyeva adına liseydə şagirdlərlə görüşümdə bu haqda danışmaq istədim. İlk sualım bu oldu: El Kapitano haqda məlumatınız varmı? İnanmayacaqsınız, mən də qulaqlarıma inanmadım, orta sırada əyləşmiş, simasında nur, gözlərində vulkan gördüyüm bir məktəbli ayağa qalxaraq bunları dedi: Dağdır, Amerikada Yosemite valisində yerləşir, hündürlüyü 914 metr, kobalt, ya da qranitdəndir. Bir müddət dilim tutuldu. İlahi, necə istedadlı gəncliyimiz yetişir.

Müasir texnologiyalar elə inkişaf edib ki, bu dəqiqə, bu an, əlimizdəki texnoloji cihazla dünyanın ən hündür nöqtəsinə qalxıb, orada küləyin əsib-əsməməsini, qarın yağıb-yağmamasını öyrənə bilərik. Bunun üçün vaxtilə ixtiyari hündürlükdə dağa çıxmış alpinistlərin özləri ilə götürdükləri 360 dərəcəlik çəkiliş bacarığı olan kamera və öz işinə sevgi lazımdır. Zarafat gəlməsin. İşlərini sevən bu insanlar bizim hətta fotolara baxdığımızda gözümüz qaraldığı yerlərdə rahatlıqla çəkiliş aparıb, paylaşırlar. Bir anlıq təsəvvür edin.

Alpinistlərin digər idmançılardan fərqi həm də ondadır ki, birincilər möhkəm bağlı komanda ilə çalışır və bir-birinə həyatları bahasına başa gələ biləcək inanılmaz dəstək verirlər. Onlar barmaqları ilə qayalarda kiçicik çat, çıxıntı, yarıq tapıb, oradan tutub yüksəlirlər. Yəni ən kiçik şans belə onlara yuxarı dırmaşmaq üçün yetərlidir. Belə dəstəkləyici çat tapmayanda isə paralel boyu gedərək həmin şansı verəcək çat və ya yarığı tapırlar. Tapmamaq seçimi yoxdur. Bəzən bütün bədən ağırlıqlarını kiçik barmaqlarının hesabına havada asılı saxlaya bilirlər. Bəzən tutduqları yer o qədər kiçik olur ki, (eləcə də ağrıverici) qışqırmaqdan belə özlərini saxlaya bilmirlər. Yaxşı, bəs tuta bilməsələr nə olur? Ya gözləri qaralarsa? Tarazlığı bir anlıq itirərlərsə? Yerin cazibə qüvvəsi ağzını böyük açmış əjdaha kimi gözləyir. Davamına ehtiyac yoxdur, məncə.

Dırmanma texnologiyaları isə sabit qalır. Qayaya çiv vurulur, sonra o çiv istinad nöqtəsi olur, qoruyucu, sığorta ipləri ilə qalxılır. Alpinizmdə bir də "free solo” deyilən qalxma növü var. Bu qalxma növündə heç bir əlavə texniki vasitə, ip, çivdən istifadə olunmur. Yalın əllə qalxılır. Dünyanın ən təhlükəli on işi sırasında ilk yerləri tutur. Başına bağladığı videokameradan başqa heç bir texnikası olmayan insanın qayaya dırmaşmasına baxmaq belə, ürək istər, o ki qaldı ora dırmanmaq.

Aleks Honnold adlı bir alpinist var, "free solo” mütəxəssisidir. İndiyə qədər mindən çox dırmanış edib. Təbii ki, heç bir kömək, dəstək, çiv, ip, qoruyucu jilet olmadan, yalın əllərlə. Aleks El Kapitanoya dırmaşan yeganə insandır. Aleks bu haqda TED "stand up”da danışıb. Deyir ki, indiyə qədər min dırmanışı olub, amma hər dəfə El Kapitanoya çıxmaq haqda düşünüb. Hər dəfəsində bu əzəmətli dik qayanın qabağına gəlib, baxıb və qorxub, geri qayıdıb. Bu proses 8 il davam edib. 8 il, azından 1000 dəfə dağın qənşərinə gəlib, tamaşa edib, gedib.

Bu gün bu yazını yazmaqda məqsədim heç də alpinistlərin qorxularına meydan oxumaları haqda deyil. Bu yazıda söhbət qarşılarına çıxan dağı, oxu maneəni, aşmaq istəyi haqdadır. Çünki hər birimizin həyatında aşılması çox çətin görünən belə dağlar, qarşılaşdığımız əngəllər var. "Alpinistlərin problemləri aradan qaldırarkən istifadə etdikləri texnikaları biz də öz həyatımızda əngəlləri aşmaq üçün istifadə edə bilərikmi” sualına cavab tapmağa çalışacağıq. 

El Kapitanoya ilk dəfə 1958-də çıxılıb və bu dırmanma 47 gün çəkib. Aleks Honnold, eyni dağı, eyni hündürlüyü heç bir texniki vasitə olmadan 3 iyun 2017-ci ildə cəmi 4 saata qalxıb. Dediyinə görə, bunun sadəcə qorxusuz olduğu, xüsusi istedada malik olması ilə heç bir bağlılığı yoxdur. Aleksin sözlərinə görə, keçmişdə bu dağı aşan insanların təcrübələrini diqqətlə izləyib, onlardan yararlandığı üçün bunu edə bilib. Demək, qarşımızdakı maneəni aşmaq üçün ilk lazım olan: əvvəlki təcrübələrdən yararlanmaqdır. Demək, hər hansı əngəli aşmaq, maneəni adlamaq üçün öncə bu işi başa vurmuş və ya vura bilməmiş insanların təcrübəsini öyrənməliyik. Çünki bu təcrübələr hamısı hədəfə çatmaq üçün real xəritə, kompasdır.

Aleks də "əgər bu dağa dırmaşacağamsa, çox yaxşı bir xəritəyə ehtiyacım var” deyir. Bu, sadəcə çap xəritəsi deyil, çox böyük bir maneəni adlamaq üçün zehində quraşdırılan xəritədir. Aleks EL Kapitanoya təkbaşına dırmaşmaq xəyalını gerçəkləşdirmək üçün (free solo) başqalarına, onların məsləhət və taktikalarına ehtiyac duyur. Bu çətin və ağır yola çıxmazdan öncə bu yolu keçmiş təcrübəli, dəfələrlə qayaya dırmaşmış alpinistlərlə, dağçılarla məsləhətləşmək lazımdır. Bəli, hər kəsin öz yolu, öz maneələri var. Bu, maneəni aşmaq üçün ikinci variantdır: Xəritə qurun.

El Kapitanonun hündürlüyünü tam anlamaq üçün bir müqayisə verək: Eyfel qülləsi 324 metr, dünyanın ən hündür binası olan Burc Əl Xəlifə 825 metr. El Kapitano isə 914 metr.  Bu dəqiqə həyat yolunuzda ilişib qaldığınız, gözünüzü qorxudan maneə, hazırlaşdığınız imtahan, yenicə başladığınız layihə varsa, onun hündürlüyünü El Kapitano ilə müqayisə edin.

Tutaq ki, qarşınıza çıxacaq maneə ilə bağlı bir xəritə yaratdınız. Problemin ən strateji nöqtələrini bəlli etdiniz özünüz üçün. Bütün bunlara rəğmən maneəni aşmaq üçün fiziki hazırlığa da ehtiyac var. Kütlə qarşısında çıxış etmək istəyirsiniz? Fasiləsiz məşq etməlisiniz, sınaqdan çıxarmalı, təkrarlamalısınız. İmtahanda yüksək nəticə əldə etmək istəyirsiniz?

Zəif olduğunuzu düşündüyünüz mövzular üzərində daha çox hazırlaşmalısınız. Diqqət edin: Aleks sırf məşq üçün El Kapitanonun "Monster Offwidth” və "Hollow Flake” kimi bəzi çətin keçilən yerlərinə 10 dəfə, "Enduro Bucağı”na 40 dəfə dırmanıb. Təkrar edirəm, sırf məşq üçün. Əvvəl alətli qalxırmış, sonra yalın əllə yoxlayırmış. El Kapitanonun ən çətin nöqtəsi "Boulder -Kaya- Problem”i var. Burada tək bir barmaqla tutduğunuz halda qarşı divara keçmək lazım gəlir. Bunun üçün ya tullanmaq, ya da karate vuruşu deyilən bir fənd işlətmək lazım gəlir. Aleks tək bu hissəni keçmək üçün 60 dəfə cəhd edib. Beləliklə, buradan çıxardığımız dərs orijinal, qeyri-adi deyil, standartdır. Önümüzdəki əngəli aşmaq üçün çox çalışmağımız lazım gəlir. Məşq edin, məşq edin, məşq edin!!!

Aleksə görə bunun cavabı qorxusuz olmaq deyil. Çünki o da hər dəfəsində qorxur. Onun qədər bacarıqlı çoxlu alpinist olduğunu düşünür. Sadəcə, onlarla fərqi bu maneəni əliyalın aşmağı çox istəməsidir. Bu da sonuncu lazım olan vasitə: Hədəfə çatmağı çox istəmək!

Düşünürəm, Aleks və onun EL Kapitano sevgisindən maneələri aşmaq, problemləri çözmək istiqamətində öyrəndiyimiz bütün detallar, özəlliklər bunlardır: səbr etmək, zehni hazırlıq, dəfələrlə sınaqdan keçirmək, hərəkətə keçmək, arxaya baxmamaq və bu özəlliklərin içərisində daha çox lazım olanı maneəni aşmağı gerçəkdən çox istəməkdir. Əgər içinizdəki istəyi maneədən daha böyük hala gətirə bilsəniz, onu aşmaq asanlaşacaq.

 

 

 

Xəbər 690 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR