“Hamı ilə dost olmaq riyakarların fəlsəfəsidir!” - Deputatdan sensasion mesajlar (MÜSAHİBƏ)

“Hamı ilə dost olmaq riyakarların fəlsəfəsidir!” - Deputatdan sensasion mesajlar (MÜSAHİBƏ)

Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev musavat.com-a müsahibə verib.

Həmin müsahibəni diqqətinizə çatdırırıq:

- Elşən bəy, ilk öncə ondan başlayaq ki, Milli Məclisin payız sessiyasının startı yadda qalan oldu. Uzun müddətdir media və sosial şəbəkələrin müzakirə predmetinə çevirilən Rafael Cəbrayılov nəhayət istefa verdi, dünən isə MSK onun mandatını ləğv etməklə prosesi sona çatdırdı. Səbəb də bəlli. Eks həmkarınız haqda sizin də fikirləriniz maraqlıdır.

- Bilmirəm, xatırlayırsınız ya yox, bir dəfə elə "musavat.com”un canlı yayımında şəxsimə belə bir sual ünvanlanmışdı ki, Abel Məhərrəmovun işdən çıxarılmasına – o hadisə ki, həmin vaxt qalmaqal kontekstində şərh edilirdi – münasibətiniz necədir? Demişdim, Məhərrəmov mənim rektorum olub. Öz də nə az-nə çox, düz 6 il. Bu səbəbdən nə desəm düz çıxmaz, düz anlaşılmaz. Və..indi də Rafael Cəbrayılov. Onunla sadəcə həmkar olmamışıq, həm də eyni komitədə təmsil olunmuşuq. Düz 4 il. Çətindir nəsə demək. Gerçəkdən. Ayrıca, Parlamentdə məlum müraciətin oxunmasından sonra hörmətli Siyavuş müəllim söz aldı və belə bir təklifdə bulundu ki, bundan sonra mövzu ilə bağlı ən azından həmkarlar şərh verməsin. Çünki artıq Milli Məclislik bir iş yoxdur, yəni bizə aid məsələ bitib.

- Mandatın girov qoyulması normal hadisədirmi?

- Yox, təbii. Tam əksi. Bütün qınaqlar haqlıdır və cəza adekvatdır.

- Baş Prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında Cəbrayılovun cinayət məsuliyyətinə cəlb oluna biləcəyi ilə bağlı eyhamlar vurub. Belə bir ehtimal həqiqətən varmı?

- Hüquq elmində "fərdi məsuliyyət” deyilən bir prinsip var. Yəni, hər kəs öz əməllərinə görə individual məsuliyyət daşıyır. Təbii, qanun qarşısında. Amma mən siyasətçiyəm, siyasi fəaliyyətlə məşğulam və ona görə də Cəbrayılovla bağlı hüquqi müstəvidə prosesin hara qədər gedə biləcəyi nə maraq dairəmdədir, nə də təxmin. Bu işin dinamikasını tərəflər, tərəflər anlaşmazsa hüquq-mühafizə orqanları təyin edəcək. Heç şübhəsiz, bundan sonra cərəyan edəcək proseslərin axını üzərindən.

- Söhbət parlamentdən düşmüşkən bir məqamı xüsusən vurğulayım. Niyə bəzi deputatların söylədiyi fikirlər anındaca hadisəyə çevrilir, müzakirə obyekti olur. Əsas da mənfi yönümdə? Səbəb nədir?

- Parlament seçkili orqandır. Orada müxtəlif zümrədən olan insanlar təmsilçilik hüququ daşıyır. Heç kim də digərinin fikrinə, düşüncəsinə, beyin məhsuluna cavabdeh deyil və o qənaətlə də razı deyiləm ki, məlum açıqlamalarda, fikirlərdə mənfi yönüm daha çox qabarır. Əksinə, Milli Məclisdə təmsil olunan həmkarlarımın böyük əksəriyyəti dövlət üçün də, millət üçün də son dərəcə yararlı kadrlardır, dolğun, vətənpərvər şəxsiyyətlərdir.

- Millət vəkili biznes fəaliyyəti ilə məşğul ola bilərmi?

- Birmənalı şəkildə xeyr.

- Azərbaycan Parlamentində qanunvericilik fəaliyyəti ilə paralel həm də bizneslə məşğul olan deputat varmı?

- Mən təftişedici, araşdırıcı subyekt deyiləm. Sadəcə öz adıma söyləyə bilərəm ki, tək işim siyasi fəaliyyətdir və həmin fəaliyyətə alternativ nəsə düşünmək beynimin ən uc nöqtəsindən belə keçmir. Biznes də daxil.

- Bu yaxınlarda iqtidar təmsilçisi tərəfindən keçmiş nazirlər, eks yüksək çinli məmurlar şiddətli şəkildə qınandı. Mövqe sərgiləmədiklərinə görə. Və ad çəkilmədən. Üstəlik, onların böyük var-dövlət yığdıqları, həmin sərvətin üzərində rahatca, etinasızca oturduqları xüsusi nida ilə vurğulandı. Kimdir onlar?

- Bu ittihamın konkret olaraq kimə tuşlandığını bilmirəm. Kiminsə sərvəti haqda da səhih məlumatım yoxdur və büdcəyə, dövlət malına əl uzadanların türmədə oturduqlarını, cinayət təqibi ilə baş-başa qaldıqlarını, cəzalarını aldıqlarını düşünürəm. Bundan sonra da belə hal yaşanacaqsa, belə bir fakt aşkarlanacaqsa heç şübhəsiz hüquq-mühafizə orqanları öz tədbirlərini görəcək. Amma mövqe məsələsinə gəlincə...bu fikirlə iki əlli, hətta daha iki əli də başqasından borc alaraq dörd əlli razıyam! Kim deyirsə düz deyir. Mövqe məsələsində kasadlıq var. Məlum kontekstdə özünü əziyyətə vermək istəməyənlər, ortada yeyib qıraqda gəzənlər var. Bu dövləti, bu iqtidarı, bu Prezidenti qorumaq üçün demək olar heç nə eləməyənlər, əlini ağdan qaraya vurmayanlar var. Durub gözləyənlər, daha dəqiqi oturub gözləyənlər, mövqeyi bəlli, xisləti aydın olmayanlar var. Belələrindən təcili qurtulmaq lazımdır! O gün bir nəfəri maraqlanıram, hansı ki, mövcud durumda birbaşa təyinatı danışmaqdır, fikir bildirməkdir – ki, bəs hardadır? Dedilər, oratorluq kursuna gedir. Evin tikilsin, sən nə vaxt kursa gedəsi, kursu bitirəsi, bu iqtidarı müdafiə edəsi? Nə bilim, bəzi məsələlər məni həqiqətən "açmır”. Hansı medianı vərəqləyirsən, hansı TV-ni izləyirsən, hansı sosial şəbəkəni incələyirsən, hansı debata baxırsan - sinəsini önə verənlər eyni adamlardır. Bəs başqaları? Hardadırlar? Vicdanın oyanması, siyasi mənsubiyyətin dərki üçün proqram, təlimat, tapşırıqmı lazımdır? İlham Əliyev nəinki Azərbaycanın, bütün türk dünyasının qürur duyduğu liderdir, əfsanə bir siyasətçidir, milləti, dövləti uğruna özünü fəda belə etməyə hazır, qadir olan bir şəxsiyyətdir. Ona ünvanlanan təqiblərə, təhqirlərə, böhtanlara qarşılıq necə susmaq olar? Bəhanəyə bax: nəsə desəm Vidadi, Orduxan, filankəs məni söyəcək. Cəhənnəmə söysün. Qoy söysün. Qoy mənim rəhbərimə, liderimə ünvanlanan söyüşün yarısına, hətta daha çoxuna mən hədəf olum, qoy söyüş söyən şərəfsizin başı mənə qarışsın, qoy onun fikri mənə yayınsın. Ayıbdırmı? Utancdırmı? Əsla! Siyasətdə bir sifət omalıdır. Siyasətdə bir cəbhəyə işləməlisən. Hamı ilə eyni anda dost olmaq, hamının körpüsünə ayaq yeri saxlamaq ikiüzlülərin, riyakarların fəlsəfəsidir. Düzdür, son zamanlar sosial şəbəkələrdə iqtidarı müdafiə edən gənclərin fəallığını görürəm və bu məni çox sevindirir. Onlar sözün gerçək anlamında radikal avantüristlərə, sərsəm trollara öz yerlərini göstərirlər. Qürur duyuram həmin gənclərlə! Hərçənd Əli Kərimli deyir, bizim – yəni iqtidarın silahdaşı olan gənclər başqa adlarla profil yaradırlar, başqa adlarla yönləndirilirlər. Xeyr! Kökündən yalandır! Böhtandır! İqtidar gənclərinin hər biri öz siması, öz adı ilə cavab verir, mövqe bildirir. Həm də sərrast və arqumentli mövqe.

- Çatan, yetən eksləri ittiham edir. Niyə məhz ekslər? Sadəcə eks olduqları üçünmü? Mövcud nazirlər, digər hökümət üzvləri mövqe bildirirmi?

- Məqamı gələndə bildirirlər və xüsusi vurğu ilə xatırladım ki, Azərbaycan hökümətinin tərkibində son dərəcə innovativ fiqurlar var. 2018 yenilənməsindən sonra isə daha da nəzərəçarpacaq səviyyədədir. Bir misal çəkim. Təxminən 5-6 gün öncə çox hörmətli Kənd Təsərrüfatı naziri İnam Kərimov Göyçayda keçirilən müşavirədə elə bir mövqe sərgilədi ki, AXC-Müsavat hakimiyyəti dövründəki böhranın, naşılığın, xaosun təfsirini rəqəmlərlə, faktlarla elə gözəl formada verdi ki, şəxsən mənə ləzzət elədi. Bəli, nazir də lazım gələrsə siyasi aspektdə danışmalıdır. Bəlkə də elə ilk öncə məhz nazir danışmalıdır! Çünki o bir tək məmur deyil, həm də siyasi komandanın üzvüdür. Təsəvvür edin, müxalifətin başı düz 1 həftədir qarışıb İnam Kərimova cavab verməyə. Çültəkinin yadından mitinq - filan çıxıb, 3 gündür nazirin söylədiyi rəqəmlərlə əlləşir. Axırda da nəticəyə vara bilməyib mövzunu lağ-lağıya çevirir, oforizmlə-filanla yazdığı feysbuk statusuna öz aləmində rəng qatır. Digər uğursuzlar da həmin qəbildən. Yəni, demək istədiyim odur ki, bizdə sözünün kəsəri, özünün təpəri yetərincə güclü olan nazirlər, komitə sədrləri var. Sadəcə indi misalı yalnız İnam Kərimov üzərindən çəkdim.

- Bəy, kimin ağzını açırsan radikal müxalifətin "noyabr planı”ndan danışır. Nədir o plan? Təfsilat barədə məlumatlısınızmı?

- Havaya üfürülən anonsdur. Özləri tərəfindən dövriyyəyə buraxılıb. Heç bir əsası-filan da yoxdur. Bu zümrə 26 ildir plan cızır. Bizim radikal müxalifət kotostrofik səviyyədə planbazdır. Odur ki, arzu edirəm, Allah onlara nəyi çox görsə də mənasız planları, yuxuları, illuziyaları çox görməsin. Barı nağıllar aləmində var-gəl eləməyə imkanları olsun, yaşamağa stimulları qalsın.

- "Milli Şura” oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket keçirəcəyini bəyan edib.

- Son anda onu da təxirə salacaqlar. Sadəcə siqnal yoxlayırlar, abu-havanı test edirlər. Lökbatana da getməmələrinin səbəbi hazırlıqsız durumda yaxalanmaları idi. Düşünürdülər ki, icazə verilməyəcək, amma tam əksi oldu. Ona görə nakaut yaşadılar, növbəti dəfə sarsıldılar. Hətta mən bildiyim qədər öncədən bəyənat-filan da hazırlayıbmışlar, Beynəlxalq Təşkilatlara göndərməyə. Ki, sərbəst toplaşma hüququmuz əlimizdən alınır. Amma sonucda bəyənat əllərində qalıb, pərt vəziyyətə düşüblər. İndi də piket imitasiyası ilə durumu kompensasiya eləməyə çalışırlar.

- Qarabağ qaziləri ilə SOCAR arasında olan insidenti də şərh etmənizi istərdim.

- Haqqında bəhs etdiyiniz hadisə hazırda araşdırma mərhələsindədir. Bu səbəbdən münasibət bildirməyəcəm.

- Ümumən seçki öncəsi – söhbət həm bələdiyyə, həm də parlament seçkilərindən gedir – təxribat gözlənilirmi?

- Bu ehtimal hər zaman var. Belə şeylərin sığortası, qarantı olmur. Amma hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığı, peşəkarlığı, həssaslığı xaricdən idarə olunan qüvvələrin və daxildəki anti-milli ünsürlərin ölkədə təxribat törətmək şansını, perspektivini şiddətli dərəcədə azaldır, minimuma endirir.

- Xaricdən idarə olunan qüvvələr demişkən. Hazırda şərti olaraq "söyüş müxalifəti” adlandırılan qrupun ölkə daxilindəki hansısa qism müxalif qüvvə ilə açıq tandemi varmı sizcə?

- Eyni xislətdə, eyni ağıldadırlar. Əsas nəzərəçarpan məqam budur. Yəni, ən azından xarakter, beyin tandemləri var. İnanmırsınız gedin baxın, eks deputat xanım o gün feysbuk statusunda yazıb ki, bu iqtidarın bir xəstəsinə türmədə güzəşt getməyəcəyik, bir nümayəndəsini həkim çağırıb müalicə etdirməyəcəyik, hamınız həbslərdə çürüyəcəksiz, asacayıq-kəsəcəyik, filan-feşməkan. Oysa, sual edirəm: Vidadidən bir fərqi oldumu bunun? Özünə siyasətçi deyən adam bu cür feodal təfəkkürlə, barbar zehniyyəti ilə, cəllad jarqonu ilə danışarmı? Danışmaz! Hətta içində bu arzu, bu niyyət, bu nifrin varsa belə danışmaz. Amma bunlar danışır. Utanmadan danışır. Açıqca bəyan edirlər ki, bizim dərdimiz xalq, Qarabağ deyil, bu iqtidarla haqq-hesab çürütməkdir, qisasdır, şəxsi münaqişədir.

- Sosial şəbəkələr və TV-lər... Sizcə ictimai rəyə təsir imkanları hansında daha güclüdür?

- Mən uzun illərdir informasiyanı yalnız internet üzərindən alıram.

- Sosial şəbəkələrdə aqressiv kütlənin artması fikri ilə razısınızmı?

- O məkanda aqressiyadan çox nizamsızlıq, ultra demokratiyadan doğan xaos var.

- Həll yolu nədir?

- Məlum sahə ilə bağlı qanunvericiliyi təkmilləşdirmək, eyni zamanda tərif və təhqir arasındakı qızıl nöqtəni – tənqidi ön plana çıxarmaq, daha sivil nümunələr göstərmək, ənənələr yaratmaq. Çünki aşırı tərif də, təhqir də öz cazibə qüvvəsinə yad elementləri daxil eləmir, kənarda qıcıq yaradır. Sosial şəbəkə nümayəndələri, siyasi oponentlər arasındakı söyüş və təhqir öz yerini tənqidə verməlidir. Üstəlik, hər iki tərəf üçün tənqid özünüifadə, özünü müdafiə istehkamına, resursuna çevirilməlidir. Bir xatırlatma edim: Sizin redaksiyanızda, hörmətli Sevinc xanımın verilişində dəfələrlə debatlarda iştirak etmişəm. Müxalif funksionerlərin iştirakı ilə. Bir dəfə skandal olubmu? Xeyr. Səbəb də sadədir: aranı açmamşıq, ən kiçik təhqirə belə yol verməmişik. O tənqid edib mən cavab vermişəm, mən tənqid eləmişəm o. Deyirlər ha, nüvə silahı əslində sülh silahıdır. Tənqid də belədir. Əgər ağlın, siyasi təcrübən, dünyagörüşün, savadın varsa istənilən tənqidin qarşısında duruş gətirəcəksən, fikrini, arqumentlərini əsaslandırıb önündəkini susduracaqsan. Amma səni təhqir etsələr skandaldan savayı yol yoxdur. Dərhal qarşılıq verəcəksən. Belədə isə düzün də özündə qalacaq, həqiqətlərin də. Axırda da bilinməyəcək haqlı tərəf kimdir, yanlış tərəf kim.

- Belə deyirsiz, amma yazılarınız çox sərtdir.

- Mən sadəcə dilbilməzlərə, həddini aşanlara qarşı sərtəm. Mən - Liderim, Prezidentim, siyasi rəhbərim, ailəm, özüm təhqir olunan yerdə hiper-mədəni davrana bilmərəm. Bu özümdən asılı deyil. Bu mümkün deyil. Söyüş, təhqir dilinin cavabı sərt sillədir. Biz də o silləni ancaq sözlə, fikirlə vura bilirik. Mənim Orduxanla normal danışmam üçün o "homo sapiens” tipi olmalıdı, mənim Fransadan küçə söyüşləri söyən keçmiş vəkillə normal dialoq aparmam üçün o heroindən imtina eləməlidi, mənim Mirzəli ilə müzakirə masasında əyləşməm üçün o illərlə kitab oxumalıdı, mənim Gültəkinlə polemikaya girməm üçün o ümumbəşəri dəyərlərə "Toyota Avallon”un deyil, öz keçmişinin pəncərəsindən baxmalıdır, mənim Əli Kərimli ilə söhbət xırdalamam üçün o Sevinc Osmanqızının budka-studiyasından çıxmalı, hərdən üzünü reallığa tərəf çevirməli, qarğış ritorikasına son qoymalıdır.

- Müsahibəyə görə təşəkkür edirəm.

- Mən təşəkkür edirəm və "Yeni Müsavat” ailəsinə sonsuz uğurlar arzulayıram.

Xəbər 1942 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR