Gəncə 11 aprel prezident seçkilərini yüksək əhval-ruhiyyə ilə qarşılayır

Gəncə 11 aprel prezident seçkilərini yüksək əhval-ruhiyyə ilə qarşılayır

Gəncə 11 aprel prezident seçkilərini yüksək ovqatla mühüm uğurlarla qarşılayır. Son 14 il ərzində Azərbaycanın Cənubi Qafqazın qüdrətli dövləti kimi mövqelərini daha da möhkəmləndirməsi şəhər sakinlərində böyük qürur hissi doğurur, onları daha səylə çalışmağa sövq edir. 
Gəncəlilər Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələrin şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin rəhbərliyilə uğurla həyata keçirilməsi sayəsində ölkəmizin dinamik inkişafına öz töhfəsini verirlər. Ölkə başçısının özəl bölmənin inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar nəticəsində Gəncədə sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaradılması, təkcə ötən il ərzində şəhərin sosial-iqtisadi sahələrinə ümumi dəyəri 338 milyon 700 min manat həcmində investisiya qoyulması, 20-yə yaxın xarici ölkəyə 183 milyon manatlıq  rəqabətqabiliyyətli məhsul ixrac olunması və özəl sektorun ümumi daxili məhsuldakı payının artaraq 81 faizə çatması bunun bariz ifadəsidir.
 
Hazırda Gəncədə tikinti-abadlıq, quruculuq işləri sürətlə davam etdirilir. Şəhərdəki Dövlət Dram Teatrının, İdman Sarayının, 249 mənzilli yataqxananın, Psixiatriya Xəstəxanasının beynəlxalq standartlara uyğun yeni binaları inşa olunur, Gəncəçayın sol sahilində Park-Bulvar Kompleksi salınır. Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən, şəhərin müasir tarixində ən böyük sosial layihə olan içməli su xətti və kanalizasiya sistemi yenidən qurulur. 


Gəncədə əhalinin qayğılarına, sosial problemlərinin həllinə də həssaslıqla yanaşılır, sakinlərlə keçirilən görüş-qəbullarda qarşıya çıxan çətinliklərin aradan qaldırılması vəziyyəti operativ araşdırılır. Məsələn, bir müddət bundan əvvəl şəhərin 1-ci mikrorayon ərazisində keçirilən qəbul-görüşdə icra hakimiyyətinin başçısı Elmar Vəliyev 120 nəfərə yaxın sakinin müraciətini dinləyərək qaldırılan məsələlərin araşdırılması və həllilə bağlı müvafiq strukturlara konkret tapşırıqlarını verib, icrasını nəzarətdə saxlayıb.  
Başçı Elmar Vəliyev qəbul-görüşdə vurğulayıb ki, bugünə kimi şəhər ərazisində 856 binanın dam örtüyü yenilənib. Daha 64 binanın isə dam örtüyü yenilənəcək. 2019-cu ilin sonuna kimi Gəncədə əhali 24 saat içməli su ilə təmin olunacaq. Kanalizasiya sisteminin çəkilişi tam yekunlaşacaq. 
 
Sonrakı mərhələdə 250-ə yaxın küçəyə asfalt salınacaq. Şəhərin 7, 18 saylı məktəbləri, Təhsil İdman Mərkəzinin Gəncə filialı və şəhərin Nizami küçəsi yenidən qurulacaq.  
Gəncədə əhalinin rifah halının, sosial şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə yeni iş yerlərinin açılmasına mühüm önəm verilir. Təkcə bir faktı qeyd edək ki, "Grand Qafqaz” Ticarət Mərkəzində və Gəncə MALL-da minlərlə gənc işlə təmin edilib. 2018-ci ildə istifadəyə veriləcək Süni Mərmər Qranit Zavodunda 400 nəfərin, Kərpic Zavodunda isə 100-dən çox insanın işlə təmin olunması nəzərdə tutulub. 
Gəncə Dövlət Regional Kollecinin kollektivi də 11 aprel prezident seçkilərini təhsil sahəsində əldə edilən uğurlarla qarşılayır. Kollecin direktoru Fəxrəddin Zeynalovun rəhbərliyilə bu tədris müəssisəsi şəhərin ictimai- siyasi həyatında yaxından iştirak edir, layiqli töhfələri ilə uğurlara imza atır.
 
Kollecdə yerləşən məntəqələr MSK tərəfindən verilən nizamnaməyə uyğun olaraq hazırlanır, məntəqələrdə texniki işlər başa çatdırılmaq üzrədir və maarifləndirmə işləri yekunlaşdırılıb. İnsanların rahat demokratik şəkildə səs vermələri üçün lazımı işlər görülüb.
 
Yeri gəlmişkən, sözügedən təhsil ocağı Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli qərarı ilə orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması, təkrarlanmanın aradan qaldırılması, idarəetmənin, maliyyələşdirmənin, kadr hazırlığının səmərəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədilə Gəncə Texniki Kolleci və Gəncə Humanitar Kollecinin birləşdirilməsi əsasında yaradılıb.  
Artıq iki ilə yaxın bir müddətdə fəaliyyət göstərən kollec kadr hazırlığına mühüm önəm verir, yeni sosial-iqtisadi  münasibətlər şəraitində gənc mütəxəssislərin yetişdirilməsi ilə bağlı qarşıya qoyulan tələbləri layiqincə yerinə yetirir. Pedaqoji kollektiv tədris və təlim proseslərini təhsilin müasir metodları ilə həyata keçirir. Burada müəllimlərin və tələbələrin istifadəsində laboratoriyalar, əyani vəsaitlərlə təchiz olunan fənn kabinetləri, zəngin kitabxana, kompüter kabineti var. 
 
Təhsil müəssisəsində təlim-tərbiyə işlərinin səmərəliliyini artırmaq məqsədilə dərslərin dinlənilməsi, təhlil edilməsi və buraxılan nöqsanların aradan qaldırılması üçün lazımi tədbirlər görülür. 
Müasir dövrdə təhsil sisteminin modernləşdirilməsinin əsas strateji istiqamətlərindən biri olan təhsilin keyfiyyətinin yüksəldilməsi, ona nəzarətin təkmilləşdirilməsi, fəal təlim metodlarının tətbiqi və ondan səmərəli istifadənin təşkili ən mühüm məsələ kimi qiymətləndirilir. Bu amillərin diqqət mərkəzində saxlanıldığı kollecdə yeniliklərin və qabaqcıl təcrübənin tədrisə tətbiqi təlimin keyfiyyətini daha da yüksəldir. Tədris ocağında fəaliyyət göstərən  pedaqoji şuranın əsas məqsədi də müəllimlər, istehsalat təlimi ustaları və tələbələr arasında ideya-siyasi işi, təhsil və təlimi günün tələbləri səviyyəsində təşkil etməkdir. 
 
Görülən işlər öz bəhrəsini verir, kollecin uğurları getdikcə artır. 


Direktor Fəxrəddin Zeynalov söhbət zamanı vurğuladı ki, kollektivin məramı bilikli və hazırlıqlı mütəxəssis yetişdirməklə bərabər, həm də onların əsl vətənpərvər kimi formalaşmasına nail olmaqdır. Bunun üçün müəllimlər ümummilli liderimiz Heydər Əliyevin zəngin irsinin tələbələr tərəfindən mənimsənilməsinə mühüm önəm verir, onlarda vətənə məhəbbət hissi aşılanır, yurd sevgisi təlqin edilir. Bununla bağlı  mədəni-kütləvi tədbirlərin hazırlanıb keçirilməsi də daim diqqətdə saxlanılır.
 
Qeyd edək ki, kollecin müəllim və tələbələri Gəncənin ictimai həyatında fəal iştirak edir, şəhərin abadlaşmasına, yaşıllıqların  salınmasına, küçə, meydan və prospektlərin gözəlləşməsinə öz töhfələrini verirlər. 
Bu gün Gəncədə əldə olunan nailiyyətlər, tətbiq edilən yeniliklər, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, tarixi keçmişimizə, gələcəyimizə göstərilən diqqət və qayğı, müasir dövrün tələblərinə həmahəng olan məqsədyönlü işlər uğurların zəmanətinə çevrilib. Bu, bir daha onu deməyə imkan verir ki, bundan sonrakı dövrdə də növbəti nailiyyətlər üçün əsaslar yaradılıb. Bütün bunların təməlində isə ulu öndər Heydər Əliyev siyasi kursuna sarsılmaz sədaqət, milli dövlətçiliyə sıx bağlılıq, yüksək nizam-intizam, yorulmaz fəaliyyət və vətənpərvərlik dayanır.

Gəncə, bax, belə bir mühitdə, belə bir şəraitdə 11 aprel prezident seçkilərini qarşılayır. Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin rəhbərliyilə icra strukturları bu kampaniyanın yüksək səviyyədə keçirilməsi üçün tam səfərbər edilib. Gəncədə fəaliyyət göstərən 4 seçki dairəsi və 107 seçki məntəqəsi üzrə müşahidəçilərə treninqlər keçirilib.
Demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yolunda daim sadiqliyini bəyan edən gəncəlilər legitim, qanuni hakimiyyətin formalaşdırılmasının yeganə yolunu məhz şəffaf və obyektiv seçkilərdə görür,  bu seçki prosesinə ciddi şəkildə hazırlaşır, siyasi kampaniyanı uğurla gerçəkləşdirmək üçün üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.
 
Amil Ağayev Bakı-Gəncə-Bakı

 

Xəbər 2102 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR