"Fəxr edirəm ki, İlham Əliyevin dövründə yaşayıram!"-Elxan Süleymanov


İlham Əliyev: "Azərbaycanın suverenliyi tam təmin edildi”
 
İkinci Qarabağ müharibəsinin Azərbaycanın möhtəşəm Zəfəri ilə başa çatması, Ermənistan baş naziri Paşinyanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı imzalayaraq öz ölkəsinin kapitulyasiyasını etiraf etməsi, müharibədən sonra bölgədə yeni geosiyasi reallıqların yaranması Cənubi Qafqazda yeni dövrün əsasını qoydu – bölgədə sülh, əməkdaşlı və əmin-amanlıq şəraitinin real olması kimi ümidlərə yol açdı. Azərbaycan 44-günlük müharibədə qalib tərəf olmasına baxmayaraq Ermənistanla münasibətlərin normallaşdırılması, Cənubi Qafqazda əməkdaşlıq və rifah mühiti formalaşdırmaq təklifi ilə çıxış etdi.
 
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistanla sülh müqaviləsi imzalamaq məqsədilə danışıqlara başlamaq təşəbbüsü ilə çıxış etdi, sülh müqaviləsinin əsasını təşkil edəcək və beynəlxalq hüququn əsas prinsiplərini əks etdirən 5 müddəadan ibarət prinsipləri rəsmi İrəvana təqdim etdi. Bununla bərabər Azərbaycan israrla müxtəlif danışıqlar platformasında iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyasının həyata keçirilməsinin zəruriliyini ön plana çəkdi, müvafiq işçi qrupunun yaradılmasına nail oldu. Azərbaycanın davamlı səyləri nəticəsində iki ölkə arasında kommunikasiya xətlərinin – Zəngəzur dəhlizinin açılması istiqamətində üçtərəfli (Rusiya-Azərbaycan-Ermənistan) komissiya yaradıldı.

Lakin Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması təklifinə baxmayaraq, rəsmi İrəvan müxtəlif bəhanələrlə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməkdən boyun qaçırırdı. Belə ki, Üçtərəfli bəyanata əsasən Ermənistan Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi ilə paralel olaraq öz hərbi hissələrini və Qarabağ bölgəsindəki qeyri-qanuni erməni silahlı qruplarının çıxarılmasını təmin etməli idi. Bundan əlavə, Ermənistan Azərbaycanın qərb bölgəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin açılmasınə təmin etməli idi. Lakin rəsmi İrəvan üç ilə yaxın müddət ərzində 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı ilə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetimədi. Rəsmi İrəvan danışıqlar prosesini pozmaq, iki ölkə arasında sərhəd bölgəsində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində təxribatlar törətməyə üstünlük verdi. Ermənistan Laçın yolundan humanitar məqəsdlərlə deyil, qeyri-qanuni yüklərin daşınması üçün istifadə etdi, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə hələ də mövcud olan Ermənistan silahlı qüvvələrinin qalıqlarını və qeyri-qanuni erməni silahlı qrupları müxtəlif silah-sursatla, piyada və tank əleyhinə minalarla, hərbi texnika ilə təmin etmək, Azərbaycan ərazisində olan Ermənistan hərbçilərinin rotasiyasını həyata keçirmək, tez-tez müharibədən sonra yaranmış sabitliyi pozmaq və Azərbaycan mövqelərini atəşə tutmaq yolunu seçdi. Azərbaycan Ermənistanın Laçın yolundan cinayət məqsədilə istifadəsinin qarşısını almaq üçün "Laçın” nəzarət buraxılış məntəqəsi qurduqdan sonra öz havadarları olan Fransa ilə birlikdə beynəlxalq aləmdə ölkəmizin mənfi imicini formalaşdırmaq istiqamətində genişmiqyaslı kampaniyaya başladı, Fransa ilə birlikdə BMT Təhlükəsizlik Şurasının iclaslarını çağırdılar, dinləmələr keçirildi. Azərbaycan diplomatiyası Fransanı və Ermənistanı BMT TŞ müstəvisində məğlub etdi.
 
Öz havadarları ilə birlikdə beynəlxalq səviyyədə Azərbaycana qarşı aparılan informasiya müharibəsində, o cümlədən BMT Təhlükəsizlik Şurası çərçivəsində məğlubiyyətlə üzləşən Ermənistan Azərbaycanla sərhəd bölgəsində, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə intensiv şəkildə ölkəmizin hərbi mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutmağa, Azərbaycan hərbi mövqeləri ilə üzbəüz istehkamlar quraşdırmağa, erməni diversiya qrupları Azərbaycanın 2020-ci ildə işğaldan azad edilmiş ərazilərində piyada və tank əleyhinə minalar quraşdırmağa üstünlük verdi, vəziyyəti gərginləşdirməkdə davam etdi. Nəticədə Ermənistanın və erməni separatçılarının Azərbaycnın Qarabağ iqtisadi rayonunda təxribatları daha intensiv, genişmiqyaslı və gündəlik xarakter aldı. Nəhayət, sentyabrın 19-da Xocavənd rayonu ərazisində qeyri-qanuni erməni silahlı qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda və Tağaverd yaşayış məntəqəsinin ərazisində yeni inşa olunan tunel yolunda qeyri-qanuni erməni silahlı birləşmələrinin diversiya qrupları tərəfindən əvvəlcədən quraşdırılmış minalara düşməsi nəticəsində 2 mülki vətəndaş və 4 polis həlak oldu.
 
Odur ki, Azərbaycan 19 sentyabr günorta saatlarında törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin və qeyri-qanuni erməni silahlı qrupların tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Hərbi əməliyyatlar zamanı Azərbaycan hərbçiləri yüksək peşəkarlıq nümayiş etdirərək qarşı tərəfin legitim hərbi obyektlərini hədəf seçir, mülki əhalini hərbi obyektlərdən kənar dayanmağa çağırırdı.
 
Lokal antiterror tədbirləri zamanı bir günə yaxın müddət ərzində Ermənistan silahlı qüvvələri birləşmələrinin quraşdırdığı 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli yüksəklik Azərbaycanın nəzarətinə keçdi, xeyli silah-sursat, hərbi texnika qənimət olaraq götürüldü, hərbi əməliyyatlar zamanı Ermənistan silahlı qüvvələri birləşmələrinin hərbi qulluqçuları pərakəndə şəkildə təşviş içində döyüş mövqelərini tərk edirdilər. Azərbaycanın başladığı lokal antiterror tədbirləri erməni silahlı birləşmələri cəmi 24 saata yaxın davam etdi – erməni tərəfi Rusiya sülməramlıları vasitəsilə Azərbaycanın şərtləri çərçivəsində əməliyyatları dayandırmaq xahişi ilə müraciət etdilər. Faktiki olaraq Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı birləşmələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyaraq, hərbi mövqelərdən çıxmaları və tərk-silah olmaları milli dövlətçilik tariximizin ən şanlı səhifələrindən birinin başlaması müjdəsi idi. Odur ki, Azərbaycan 20 sentyabr tarixdə saat 13:00 radələrində lokal antiterror tədbirlərinin başa çatdığını bildirdi.
 
Həmin gün Azərbaycan xalqına müraciət edən Ali Baş Komandan, Prezident İlham Əliyev lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin tam təmin edildiyini bəyan etdi. Beləliklə, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında son üç il ərzində ikinci dəfə xalqımıza möhtəşəm Zəfər sevinci yaşatdı. Belə ki, 2020-ci il 9 noyabrda Azərbaycan əraziləri işğaldan azad edildi, 2023-cü ilin 20 sentyabrında isə Azərbaycanın dövlət suverenliyi bərpa edildi. Əlbəttə, 44 gün ərzində ərazilərimizin işğaldan azad edilməsi, cəmi bir gün ərzində dövlət suverenliyinin tam bərpa edilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin məharəti, dəmir iradəsi və qətiyyətinin nəticəsidir. Prezident İlham Əliyev son bir neçə yüzilliklər ərzində Azərbaycan xalqına Zəfər sevinci yaşadan, Azərbaycan xalqını məğlub xalqdan qalib xalqa çevirən, beynəlxalq hüququ və tarixi ədaləti bərpa edən, cəmi üç il ərzində ərazilərimizi işğaldan azad edən və dövlət suverenliyini tam bərpa edən ilk dövlət başçısıdır.

Fürsətdən istifadə edərək, ildırım sürətli, peşəkar və dəqiq həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan dövlət suverenliyinin tam təmin edilməsi münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevi AVCİYA kollektivi və öz adımdan təbrik etməkdən məmnunluq duyuram.
 
Fəxr edirəm ki, İlham Əliyevin dövründə yaşayıram!
 
Elxan Süleymanov
AVCİYA-nın prezidenti
Xəbər 1487 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR