Fərid Cəfərov: Gənclər Fondu öz fəaliyyətində şəffaflığa üstünlük verir - MÜSAHİBƏ

Fərid Cəfərov: Gənclər Fondu öz fəaliyyətində şəffaflığa üstünlük verir - MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il martın 7-də "Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsinin yaradılması ilə bağlı Sərəncam imzalayıb. Dövlətimizin başçısının martın 13-də imzaladığı daha iki sərəncamla isə Fondun icraçı direktoru və Müşahidə Şurasının üzvləri təyin olunublar.

Fondun icraçı direktoru Fərid Cəfərov qurumun fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb.

- Fərid müəllim, Gənclər Fondu yarandığı gündən ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsində fəal iştirak edir. Ölkəmizdə gənclərə, o cümlədən Fondun fəaliyyətinə daim yüksək diqqət və qayğı göstərən Prezident İlham Əliyev 2018-ci il martın 7-də "Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsinin yaradılması, bir neçə gün sonra isə sizin icraçı direktor vəzifəsinə, eləcə də Müşahidə Şurasının üzvlərinin təyin olunması barədə sərəncamlar imzaladı. Fürsətdən istifadə edib, sizin Gənclər Fondunun icraçı direktoru vəzifəsinə təyin olunmağınız münasibətilə təbrik edir və fəaliyyətinizdə uğurlar arzulayırıq.

Bilmək istərdik ki, bu mühüm dəyişikliklər Fondun fəaliyyətində özünü necə əks etdirəcək?

- Təbriklərinizə görə təşəkkürümü bildirirəm. Sualınıza keçməzdən əvvəl bir neçə gün öncə ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm hadisə - prezident seçkilərində möhtəşəm qələbə qazanması münasibətilə dövlətimizin başçısı İlham Əliyevi bütün gənclərimiz adından təbrik etmək istərdim. Bilirsiniz ki, həm seçki prosesində, həm də seçkidən sonrakı dövrdə gənclərimiz yüksək fəallıq nümayiş etdirdilər. Bu fəallıq təbii ki, səbəbsiz deyil. Bunun əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasəti, dövlətimizin başçısının gənclərimizə yüksək diqqət və qayğısı dayanır. Azərbaycanda dövlət gənclər siyasətinin təməli ümummilli lider Heydər Əliyevin 1997-ci il 2 fevral tarixli Fərmanı ilə qoyulub. Bu siyasət bu gün uğurla davam və inkişaf etdirilir.

Sualınıza gəldikdə, demək istərdim ki, bu, əslində ölkə ictimaiyyətini, xüsusilə də gəncləri, gənclər təşkilatlarını son dövrdə maraqlandıran əsas məqamlardan biridir. Bilirsiniz ki, yeni Nizamnaməyə əsasən, Fondun təşkilati-hüquqi formasında müəyyən dəyişikliklər olub. Qurum artıq publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək. Eyni zamanda, Fondun fəaliyyət sahəsi də genişləndirilib, ona əlavə vəzifələr verilib. Onlardan birini xüsusi vurğulamaq istərdim. Bu, Fonda gənclər sahəsində dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində, eyni zamanda, bu sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsində iştirak etmək vəzifəsinin həvalə olunmasıdır.

- Yeni dəyişikliklər qrant müsabiqələrinin keçirilməsi qaydalarına təsir edəcəkmi?

- Yeni dəyişikliklərə əsasən, bundan sonra Fond əvvəlki kimi, yalnız layihələrin maliyyələşdirilməsini həyata keçirməyəcək. Qrantların verilməsi təbii ki, bundan sonra da davam etdiriləcək. Sadəcə olaraq, fəaliyyətimiz yalnız bununla məhdudlaşmayacaq. Fond digər istiqamətlərdə də gənclərimizə dəstək olacaq.

Növbəti qrant müsabiqəsinin keçirilməsinə dair sənədlər, qaydalar hazırlıq prosesindədir. Bu qaydalar hazır olduqdan sonra Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçiriləcək. Həmin iclasdan sonra qrant müsabiqəsinin elan edilməsi nəzərdə tutulur.

Bundan başqa, Fondun yeni Nizamnaməsi gənclərin sosial-iqtisadi sahədə təşəbbüslərinin dəstəklənməsi baxımından da bizim üçün mühüm imkanlar yaradır. Buna aşağıdakılar daxildir: aztəminatlı ailələrdən olan tələbələrin təhsil prosesində yataq xərclərinin Fond tərəfindən ödənilməsi, işə düzəlməkdə çətinlik çəkən gənclərimizin əməkhaqlarının bir hissəsinin Nizamnamədə göstərildiyi kimi, bir il müddətində qismən Fond tərəfindən ödənilməsi. Bu, gənclərimizin məşğulluğunun təmin olunmasına əlavə stimuldur. Sosial-iqtisadi sahədə gənclərimizə dəstək olacaq daha bir fəaliyyətimiz isə gənclərin innovativ layihələrinin, xüsusilə də startapların dəstəklənməsi, onlara güzəştli kreditlərin verilməsi olacaq. Eyni zamanda, Fond beynəlxalq səviyyədə gənclərin bilik və bacarıqlarının artırılmasına dəstək göstərəcək. Bu, əsasən gənclərin xaricdə təhsil almalarının, beynəlxalq təşkilatlarda və aparıcı xarici şirkətlərdə təcrübə keçmələrinin, bu proqramlarda iştiraklarının dəstəklənməsindən və maliyyələşdirilməsindən ibarətdir. Ümumilikdə hazırda bu yeni istiqamətlər üzrə fəaliyyətimizin hansı formada qurulacağı ilə bağlı konkret fikirləri yalnız həmin məsələlərlə bağlı hazırlanacaq xüsusi qaydalar, normativ aktlar hazır olduqdan, təsdiqləndikdən sonra söyləmək mümkün olacaq. Yəni, həmin istiqamətlərdən gənclərin hansı formada yararlana biləcəkləri, eyni zamanda, necə müraciət edəcəkləri bu prosesdən sonra müəyyənləşəcək.

- Fərid müəllim, istərdik, bir qədər də Fondun ötən dövrdəki fəaliyyətinə nəzər salaq. Fondun ötən dövrdəki fəaliyyətinin yekunları barədə nə deyə bilərsiniz? Bundan başqa, yeni dövrdə Gənclər Fondunun fəaliyyətinin əsas istiqamətləri hansılar olacaq?

Fond 2011-ci ildə yaranıb və ötən müddətdə 10 qrant müsabiqəsi keçirilib. Qrant müsabiqələri 2012-ci ildən başlayaraq müntəzəm təşkil olunur. Bu müsabiqələr çərçivəsində gənclər təşkilatlarının, eləcə də fərdi gənclərin layihələrinin icrası Fond tərəfindən maliyyələşdirilib. Ümumilikdə 10 qrant müsabiqəsi çərçivəsində 4 minə yaxın müxtəlif səviyyəli layihə maliyyələşdirilib. Təkcə ötən il 568 layihənin maliyyələşdirilməsi təmin olunub. Sevindirici haldır ki, bu layihələr bütün regionlarda yaşayan gəncləri əhatə edib. Fond tərəfindən, həmçinin beynəlxalq tədbirlərin ölkəmizdə təşkili, eyni zamanda, xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə, seminarlarda və simpoziumlarda gənclərimizin iştirakı da maliyyələşdirilib.

Yeni dövrdə Fondun fəaliyyətinin bir qədər də genişləndirilməsi nəzərdə tutulub. Haqqında bəhs etdiyim xaricdə təhsil, məşğulluq proqramlarını, eyni zamanda, digər sosial-iqtisadi formada gənclərin dəstəklənməsi üzrə işləri həyata keçiririk. Hazırda əcnəbi tərəfdaşlarımızla birlikdə beynəlxalq təşkilatlarda və xarici şirkətlərdə gənclərin təcrübə keçmək proqramları üzərində çalışırıq. Eyni zamanda, aidiyyəti dövlət qurumlarının və özəl sektorun nümayəndələri ilə birlikdə məşğulluq proqramının icrası üzərində işləyirik. Bu il xaricdə təhsil üzrə vəzifəmizi də icra etməyi planlaşdırırıq. Qeyd edim ki, bu vəzifələrin icrası üçün aprelin 9-da Prezidentin Sərəncamı ilə Gənclər Fonduna əlavə olaraq vəsait ayrılıb. Qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacağıq.

Ümumiyyətlə, demək istərdim ki, Azərbaycan Respublikasının Gənclər Fondu öz əlçatanlığı və şəffaf fəaliyyəti ilə gənclərimiz üçün xüsusi instituta çevrilib. Fondun həyata keçirdiyi bütün layihələr gənclərimizin maariflənməsində, inkişafında mühüm rol oynayıb.

- Dövlətimizin başçısının Sərəncamı ilə 2018-ci il ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Bununla əlaqədar Fond tərəfindən hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

- Bu il ölkəmiz üçün xüsusilə əlamətdar ildir. Yüz il əvvəl Azərbaycanda müsəlman Şərqində ilk demokratik parlamentli respublikanın əsası qoyulub. Azərbaycan Xalq Cümhuriyyəti sonrakı dövrlərdə müasir müstəqil Azərbaycan dövlətinin yaranması üçün əsaslı zəmin yaradıb. Prezident İlham Əliyevin 2018-ci il 10 yanvar tarixli Sərəncamı ilə 2018-ci il ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub. Sərəncama əsasən, bu münasibətlə il ərzində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Gənclər Fondu da bu sırada istisna deyil. Biz həm Bakıda, həm də regionlarda gənclərin iştirakı ilə müxtəlif tədbirlər keçirəcəyik. Bu tədbirlər gənclərin maariflənməsi ilə yanaşı, xalqımızın demokratik ənənələrinin həm ölkə daxilində, həm də xaricdə təbliğinə yönələcək. Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dəyərlərə sadiqliyinin, qabaqcıl addımlarının, xüsusən də ABŞ-dan və Avropanın inkişaf etmiş ölkələrindən daha əvvəl qadınlara seçki hüquqlarının verilməsi və s. amilləri geniş təbliğ etməyə, xaricdə və ölkə gəncləri arasında yaymağa çalışacağıq. Bu tədbirlər Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olmuş Gəncədə də təşkil ediləcək. Eyni zamanda, Bakıda geniş kütləvi tədbirlərin keçirilməsini planlaşdırırıq.

Bu il, həmçinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi qeyd ediləcək. Ulu Öndərimizin anadan olmasının 95 illik yubileyi münasibətilə Fond bir sıra mühüm tədbirlərin təşkilində yaxından iştirak edəcək.

Ümumiyyətlə, Gənclər Fondu digər əlamətdar günlər və hadisələrlə bağlı, gənclərin fəaliyyətinə dair məsələlərlə əlaqədar müxtəlif tədbirlər təşkil edəcək.

- Maraqlı müsahibəyə görə təşəkkür edir, sizə fəaliyyətinizdə uğurlar arzulayıram.

- Təşəkkür edirəm. Sağ olun.

Xəbər 1068 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR