“Əzəli torpaqlarımızın işğaldan tam azad olunacağı gün uzaqda deyil” – Elşən Musayev

“Əzəli torpaqlarımızın işğaldan tam azad olunacağı gün uzaqda deyil” – Elşən Musayev

- Son günlər hər kəsin ürəyi Qarabağ adı ilə döyünür. Hərbi əməliyyatlar zamanı ordumuzun göstərdiyi şücaət, sərgilədiyi qəhrəmanlıq səlnaməsi isə göz önündədir. Sizcə proses hazırda hansı mərhələdədir və ya nəticə etibarilə gözləntiləriniz nədir?


- Dağlıq Qarabağ ərazisi Azərbaycanın əzəli torpaqlarıdır. Bu aksiomdur və bir tək bizlərin deyil, həm də bütün beynəlxalq aləmin qəbul elədiyi, xarici dövlətlərin təsdiq elədiyi bir aksiomdur. Erməni vandallar düz 30 ilə yaxın bir müddətdə həmin əzəli torpaqlarımızı işğal altında saxlayıblar, aparılan danışıqlara kölgə salıblar, öz mənfur xislətlərini, niyyətlərini nümayiş etdiriblər. Belə olan halda isə heç şübhəsiz vəziyyət dəyişməli idi. Və dəyişdi. Növbəti erməni təxribatından və fitnəkarlığından sonra qəhrəman Azərbaycan ordusu əks-hücuma keçdi və əzəli torpaqlarımızın müəyyən bir qismi işğaldan azad olundu. İndi cəbhə bölgəsində nisbi sakitlik var. Humanitar atəşkəslə bağlı razılıq əldə olunub. Fəqət, hətta bu mərhələdə belə naqis düşmən öz fitnəkarlığına ara verməyib, mülki əhalimizi hədəfə alıb, Gəncə hadisələrini törədib.

- Sizcə səbəb nədir? Silahlı münaqişə konkret ərazidə getməli ikən erməni tərəfi niyə mülki əhalimizi hədəfə alır?

- Məsələ burasındadır ki, humanitar atəşkəs dövründə heç konkret ərazidə də silah işlədilməməlidir. Çünki ortada məlum, müddətsiz atəşkəs razılaşması var. Amma erməni qəsbkarlar, faşist zehniyyətinin daşıyıcıları öz əməllərinə yenə ara vermirlər, müharibə cinayətlərinə davam edirlər, Konvensiyaların müddəalarını pozurlar. Bunu beynəlxalq aləm görür, göstərir, işıqlandırır, qınayır. Erməni – ifşa olunmuş bir məxluqdur. Onlar hazırda son nəfəslərini yaşayırlar, saman çöpündən yapışıblar, vurnuxurlar, çarə axtarırlar. Bu səbəbdən panikadadırlar. Bu səbəbdən mülki əhalini hədəfə alıblar. Bu səbəbdən necə deyərlər, özlərinə "əl qatıblar”. Amma çifayda. Törətdikləri növbəti təxribatlar da özlərinə qarşı çeviriləcək. Bütün dünya Gəncə hadisələrindən sonra əsl erməni simasını və niyyətini bir daha gördü. Təbii, qəhrəman ordumuz, Azərbaycanın mətin əsgərləri şəhidlərimizin də, digər itkilərimizin də qisasını alıb, mənfur düşmənin cavabını ən yüksək səviyyədə verib. Bundan sonra da verəcək. Hər bir Azərbaycan vətəndaşında qəti əminlik var ki, torpaqlarımızın işğaldan tamamən azad olunacağı gün uzaqda deyil.

- Danışıqlar prosesində ATƏT-in Minsk qrupunun fəaliyyəti yenidən qabardılır. Sizcə Fransa kimi birtərəfli mövqe tutan ölkənin həmsədr olduğu bir qrup ədalətli qərar verə, vasitəçilik edə bilərmi?

- Mən Makron və Fransanın siyasəti barədə ən kəskin fikirlərimi Parlamentin plenar iclasında söyləmişəm. Həmin fikirlərin davamı olaraq isə bildirmək istəyirəm ki, biz hər şeydən öncə öz ədalətimizə, öz həqiqətlərimizə, düzgün olmamıza güvənirik. Biz bu savaşda haqlı tərəfik. Bizim kimsənin torpağında gözümüz yoxdur. Biz halalca, özümüzə məxsus, mənsub torpaqlarımızı işğaldan azad etmək istəyirik. Kənar qüvvələr, dövlətlər ədalətli olmayacaqlarsa, onları ədalətli olmağa məcbur edəcəyik, onları daha böyük faktlar qarşısında qoyacayıq.


- Türkiyənin həmsədr olmaq şansını necə qiymətləndirirsiz?


- Türkiyə bu məsələdə ön planda olmalıdır, Türkiyə münaqişənin həlli mövzusunda əsas vasitəçi tərəflərdən biri olmalıdır. Arzumuz, istəyimiz budur. Son proseslər də göstərdi ki, qardaş Türkiyə və onun çox dəyərli Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana nə qədər bağlıdır, qardaşlıq missiyasına, sözünə nə qədər sadiqdir. Ərdoğan da, Türkiyə də bu həssas günlərdə bizlərə qarşı əsl qardaşlıq münasibəti göstərdi. Eyni zamanda Pakistan və digər məlum ölkələr. Onların hamısına ürəkdən çox sağ ol deyirəm. Baxın, Azərbaycanın bütün küçələrində, dalanlarında Azərbaycanın bayrağı Türkiyə bayraqları ilə qoşa dalğalanır. Avtomobillərdə və eyvanlarda da həmçinin. Qürurverici bir tablodur, mənzərədir. Biz həqiqətən bir millət və iki dövlətik.

- Prosesin gedişində qeydiyyatdan keçmiş Siyasi Partiyaların da birliyi müşahidə olundu. Hətta bildiyim qədər "online” konfrans formatında topalntı belə keçirildi.

- Bəli. Tamamilə doğrudur. Toplaşdıq və müzakirə apardıq. Prezident Administrasiyasının şöbə müdiri, çox hörmətli Ədalət Vəliyevin təşkilatçılığı ilə belə bir formatda görüş baş tutdu. Hər kəsin də fikri belə oldu ki, Ali Baş Komandanın və dövlətin yanındayıq. Hətta bu müzakirələrdən sonra bizim bir neçə birgə bəyənatımız da imzalanıb, Beynəlxalq Təşkilatlara göndərilib. Xoşdur belə mənzərəni, birliyi və təşəbbüsləri görmək. Həmin Partiya rəhbərlərinə də minnətdaram ki, bu cür həssas məqamda ümumilli maraqları hər şeydən üstün tutubar. İnşallah tezliklə doğma Qarabağımız işğaldan tamamən azad olunsun və növbəti konfranslarımızı tam qələbə əhval-ruhiyyəsi ilə daha xoş ovqatda keçirək.


- İnşallah. Uğurlar hər birimizə.


- Amin. Təşəkkürlər. Minnətdaram. Tanrı dövlətimizi, millətimizi, ordumuzu və Ali Baş Komandanımızı qorusun.

Xəbər 1663 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR