"Ermənistanda sabitliyin bərpasını gözləməyəcəyik"


Qüdrət Həsənquliyev: "Biz erməni siyasi elitasının tülkülüyündən və Paşinyan demişkən başqaları üçün "qurbanlıq qoyun" olmaq kimi kütbeyin davranışlarından cana doymuşuq"

 

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsini oxuculara təqdim edirik:

- Qüdrət bəy, Ermənistanda sülh müqaviləsi əleyhinə etiraz aksiyaları səngimir. Paşinyan sülh danışıqlarını uzadarsa, yaxud istefaya məcbur edilərsə və ya 1999-cu ilə parlamentdə spikeri və baş naziri publik edam etdikləri kimi onu da edam etsələr, o zaman nə etməliyik?

- Ermənistandakı etiraz aksiyaları sülh sazişinin imzalanmasını və bölgəyə sülh gəlməsini istəməyən kənar qüvvələr tərəfindən sifariş edilib. Paşinyanın cəsarətsizliyi, güclü və müdrik siyasi xadim olmaması isə vəziyyəti daha da ağırlaşdırır. Ona görə də qeyd etdiyiniz hər üç variant realdır. Biz erməni siyasi elitasının tülkülüyündən və Paşinyan demişkən başqaları üçün "qurbanlıq qoyun" olmaq kimi kütbeyin davranışlarından cana doymuşuq. Azərbaycan iqtidarında xarici siyasətə cavabdeh şəxslər bəri başdan xəbərdar etməlidirlər ki, Ermənistanda hakimiyyət dəyişikliyi heç nəyi dəyişməyəcək və biz həmin ölkədə sabitliyin bərpasını gözləməyəcəyik. Yeri gəlmişkən, yadınıza salım ki, 1993-cü ildə Gəncədə hərbi qiyam baş verəndə Ermənistan bundan istifadə edib bizim 4 rayonu işğal etdi. Paşinyan hakimiyyətdən kənarlaşdırılan gün Azərbaycanın Daxili Qoşunları Xankəndinə daxil olub Azərbaycanın suveren hüquqlarını Qarabağda bərpa etməlidir.

- Qüdrət bəy, Prezident ADA Universitetində çıxışı zamanı söylədi ki, yerlərdə idarəetməni təkmilləşdirmək məqsədilə Qarabağda işğaldan azad olmuş ərazilərdə "səlahiyyətli nümayəndələrin" təyin olunması sınaqdan keçirilir. Sizin bu institutun yaradılmasından gözləntiləriniz nədir?

- Əvvəla, Konstitusiyanın 124-cü maddəsinə əsasən, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirir. Bundan başqa "səlahiyyətli nümayəndə"ləri də, icra başçılarını da Prezident təyin edir. Ona görə də yalnız kadrların şəxsi keyfiyyətlərindən asılı olaraq nəsə dəyişə bilər. Elə hazırlıqlı və yüksək standartlara cavab verən kadrlar varsa, onlar başçı təyin olunsa daha yaxşı olar. Bu zaman idarəetmə xərcləri də şişməz. Düşünürəm "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikasının qanununa uyğun olaraq Prezident tərəfindən müəyyən edilmiş "iqtisadi rayonlar" müəyyən dəyişikliklər edilməklə "inzibati ərazi vahidləri" kimi Milli Məclisdə qeydə alına bilər və həmin ərazilərdə icra hakimiyyəti funksiyalarını səlahiyyətləri qanunla müəyyən olunan, yerli sakinlərin seçdiyi rəhbərlər həyata keçirər. Bu həm də imkan verər ki, gələcəkdə Qarabağdakı erməni sakinlər də özlərinə yerli idarəetməni həyata keçirmək üçün rəhbər seçə bilsin. İdarəetmədəki hədsiz mərkəzləşmə siyasəti artıq özünü doğrultmur və dəyişdirilməlidir. İnzibati ərazi vahidlərində seçkili nümayəndəli orqanların da yaradılması şərtilə belə bir islahatların aparılması Prezidentin də qeyd etdiyi yelrli idaretmədəki ciddi çatışmamazlıqları aradan qaldıra, idarəetmə xərclərini azalda və inkişafa təkan verə bilər.

- Qeyd etdiyiniz dəyişiklilər iqtisadi islahatlara yol aça bilərmi?

- Hökumət hər zaman bəyan edir ki, iqtisadiyyatın aparıcı sahələri dövlət nəzarətindədir. Bu isə özünü doğrultmur. Həmin sahələri məmurlar idarə edir. Onların nəzarətindəki dövlət müəssiələri xərcləri şişirtməkə vergi ödəməkdən yayınır, borc götürüb keyfləri istədiyi kimi xərcləyirlər, sonra da həmin borclar büdcədən ödənilir. Bu azmış kimi bəzən büdcədən də onlara kömək məqsədilə vəsait ayrılır. Ona görə də həmin şirkətlərin, xidmət sahələrinin özəlləşdirilməsinə, yaxud xarici şirkətlərə uzunmüddətli idarəetməyə verilməsinə, onların inhisarçı statusuna son qoyulmasına imkan verilmir. Bu istiqamətdə ciddi islahatların aparılması, investisiya qoyuluşu mühitinin yaxşılaşdırılması üçün siyasi iradə lazımdır. İqtisadi gücümüz artarsa həm qaçqınların öz yurd-yuvalarına qayıtması prosesi sürətlənər, həm də insanlarımız həyat səviyyəsi yüksələr.


Xəbər 883 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR