“Ermənistan yeni “Parlament terroru”nun astanasındadır!” – Elşən Musayev

“Ermənistan yeni “Parlament terroru”nun astanasındadır!” – Elşən Musayev

"Zatulinin yaratdığı "Lazarev klubu” haqda çox fikirlər səsləndi, çox mülahizələr haçalandı. Mənimsə qənaətim budur: "Robert Koçaryan öz həbsini görürdü. Bu səbəbdən Paşinyana Zatulinin moderatorluğu ilə "Qarabağ klanı” üzərindən təsir etməyə başladı. Təbii, seçki öncəsi. Üstəlik, Azərbaycanı da paralel müstəvidə qıcıqlandırmaqla”.

Bu fikirləri aktual.az-a millət vəkili, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev Ermənistanda baş verən son olaylara nəzərən söyləyib.

"Məqsəd isə bu idi ki, Dağlıq Qarabağla bağlı mövzularda erməni tərəfdən qərar qəbul etmənin, patronajlığın bunlara aid olduğunu açıqca göstərsinlər. Hətta həbsindən bir az əvvəl Robert Koçaryanın uzun illər öncə Ermənistan Parlamentindəki terroru, bu yöndə istintaqın düzgün aparılmamasını xatırlatması da sıradan bir məsələ deyil. Hadisə onun Prezidentliyi dövründə baş verib və terrorçular hələ də kimsəyə məlum olmayan və dövlət rəhbəri ilə aparılan mübhəm danışıqlardan sonra təslim olub. Odur ki, Zatulinin klubuna sərmayə yatırmağın, sponsorluq eləməyin, şantaj motivində işbirliyi qurmanın əsl məramı, mesajı təxminən bu qəbildə olub: "Məni həbs etsəniz köhnə proseslər təkrarlanacaq və növbəti terrordan qaçış imkanınız olmayacaq”. Ayrıca, Koçaryan həm də bunu ehmal edib ki, "Qarabağ klanı”nın Sarkisyana aid olduğunu düşünürsünüzsə, yanılırsınız. Bu qrup bizə bağlıdır”

Amma göründüyü kimi Koçaryan həbs olundu və ən "böyük” silah da köməyə çatmadı. Bu isə o deməkdir ki, Paşinyan sərt start götürüb, hətta seçki öncəsi ən həssas məqamda belə Koçaryanın həbsini ertələməyi məqsədəuyğun bilməyib. Necə deyərlər, baltanı dibdən vurub, tarana gedib. Rusiya ilə problemləri + saman altdan su yeridən Sarkisyanı da nəzərə alsaq mənzərə tam aydın olur: seçki sonrası düzənlənəcək surprizlər qaçılmazdır. Çox güman, təxminən 20 il əvvəlki Parlament qətliamına oxşar hadisələr yaşanacaq, yenə qan töküləcək. KTMT-dəki uğursuzluq Paşinyanın, Zatulin kimi əldəqayırma siyasətçilər vasitəsilə özünə sığorta axtarmaq məziyyəti isə Koçaryanın fiaskosudur.  Bunlar əslində mahiyyətcə eyni adamlardır. Elə xislətcə də. Sadəcə vizual fərqləri var. Həmin fərq isə qlobal rakursda heç nəyi dəyişməyəcək” – deyə Partiya sədri fikirlərinə davam edib.

 

 

Xəbər 1820 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR