Belə ölkələr ucbatından terrorun kökünün kəsilməsi müşkülə çevrilir
Bəşəriyyət inkişafının daha dinamik dövrünə qədəm qoysa da, indiyə qədər həllini tapa bilməyən problem və təhdidlər də mövcuddur. Bunların sırasında yer alanlardan biri də terrordur və təəssüf ki, 21-ci yüzillikdə genişlənməkdə davam edir. Bunun əsas səbəblərindən biri isə terrora müəyyən dövlətlərin verdiyi dəstəkdir və onların sırasında bu gün işğalçı Ermənistanın adı ön sıralarda çəkilir.
Hazırda Ermənistan terrorun yaratdığı böyük təhdidə rəğmən, onu dövlət siyasəti səviyyəsinə qaldırıb. Bunun ən böyük fəsadlarından birini isə Azərbaycan xalqı yaşayır. Çünki erməni terrorunun daim əsas hədəflərindən biri məhz Azərbaycan olub. Erməni terroru Azərbaycana qarşı çoxşaxəli xarakter daşıyıb. Belə ki, bu terrorun qurbanları təkcə dinc sakinlər olmayıb, Azərbaycanın maddi mədəniyyət abidələri də hər zaman onun hədəfində yer alıb, erməni vandalizminin qurbanı olub.
Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda çıxışı zamanı prezident İlham Əliyev bu məqama diqqət çəkərək qeyd edib ki, erməni işğalı nəticəsində bizim tarixi, memarlıq və dini abidələrimiz məhv edilib: "Siz bu vəziyyətlə video və rəsmlərlə, internet vasitəsilə tanış ola bilərsiniz. Azərbaycanın 600-dən çox tarixi və memarlıq abidəsi erməni silahlı qüvvələri tərəfindən tamamilə məhv edilmişdir. Daxilində 40 min eksponat sərgilənən 22 muzey məhv edilmişdir. O cümlədən, bizim tarixi irsimizə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılmışdır. Erməni işğalçıları tərəfindən 10 məscid yerlə yeksan olunmuşdur. Buna baxmayaraq, siz bu gün Bakının mərkəzində Azərbaycan hökuməti tərəfindən bərpa olunmuş erməni kilsəsini görə bilərsiniz. Bu, multikulturalizmə olan yanaşmada bir fərqdir, bu, dini tolerantlığa olan yanaşmada bir fərqdir və bu, bir daha terrorizmin heç bir dinə, milli mənsubiyyətə aid olmadığını nümayiş etdirir".
Təəssüf ki, Azərbaycan bu gün də Ermənistan tərəfindən dövlət səviyyəsində aparılan terrorizm təhlükəsi ilə üz-üzədir. Hesab edilir ki, dünya erməni terrorizminin dayandırılması üçün qəti hərəkətə keçməlidir. Əks halda, noyabrın 13-də Parisdə baş vermiş dəhşətli terror hadisələri dünyanın başqa məkanlarında da təkrarlanacaq. Amma ötən əsrin əvvəllərindən sürətlə genişlənən erməni terroruna qarşı hələ də dünya miqyasında lazımınca mübarizə aparılmır, buna görə Ermənistana heç bir təzyiq göstərilmir. Xatırlatmaq yerinə düşərdi ki, ötən əsrin 70-ci illərindən başlayaraq vüsət alan erməni terrorizminin yeni dalğası ASALA və onun alt-qrupları olan "Orli Group", "Geqaron", "Erməni ittifaqı", "Gənc erməni ittifaqı", "9 iyun qrupu", "Sui-qəsd skadronu", "Apostol", "İsveç qrupu" kimi terror təşkilatlarının fəaliyyətindən elə Avropa da böyük zərər görüb. Bu gün terrorizmdən əziyyət çəkən Fransada ən qəddar və qanlı terror aktlarını da məhz ASALA törədib. 15 iyul 1983-cü ildə Fransanın Orli hava limanında törədilmiş qanlı terror hadisəsi bunun bariz sübutudur.
Xatırladaq ki, məşhur erməni terrorçu Varujan Karapetyan Orli hava limanında törədilmiş terror aktına görə 1985-ci ildə Parisdə andlılar məhkəməsinin qərarı ilə təqsirli bilinib və ömürlük həbs cəzasına məhkum edilib. Amma maraqlıdır ki, Ermənistanın sabiq prezidenti Robert Koçaryanın müraciətindən və ASALA təşkilatının terror aksiyalarını yenidən başlamaq barədə hədələrindən sonra 2001-ci il 24 aprel tarixində Ermənistan vətəndaşı olmadığı halda bu ölkəyə ekstradisiya edilib və yenə də bu respublikanın vətəndaşı olmadığı halda prezident tərəfindən əfv olunub. Daha sonra o, qəhrəman qismində ictimaiyyətə təqdim olunub. Bu da ermənilərin terrora münasibətinin əsl mahiyyətini ortaya qoyur.
Müasir Avropa ölkələrinə yaxşı məlumdur ki, 1980-ci illərin sonundan başlayaraq erməni terror təşkilatları və işğalçı ölkənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycanın nəqliyyat sistemində və digər ictimai obyektlərdə 32-dən artıq silsilə terror aktları törədilib. Nəticədə minlərlə günahsız insan bu terrorların qurbanı olub. Bu terror əməllərinin Ermənistanın xüsusi xidmət orqanları tərəfindən törədilməsi əməliyyat-istintaq yolları ilə tam şəkildə sübuta yetirilib. 1992-ci ilin 26 fevral tarixində ASALA-nın "Aramo" və "Arabo" qruplarının iştirakı ilə günahsız insanlara qarşı Xocalı faciəsinin törədilməsi Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi terrorizm siyasətinin ən ifrat nümunəsidir. 19 mart və 3 iyul 1994-cü il tarixində Bakı metrosunda Ermənistanın xüsusi xidmət orqanları tərəfindən törədilmiş terror aktları ilə məhz Ermənistan dünyada metro nəqliyyatında terrorun əsasını qoyub.
Ermənistan bu gün dünyada yeganə ölkədir ki, terrorçuluq ənənələri ilə fəxr edir. Bütün bunlar isə mütləq şəkildə dünya ictimaiyyəti tərəfindən nəzərə alınmalıdır. Əks halda, Ermənistan kimi dövlətlərin sayəsində terror daim inkişafda olacaq.
"Azərbaycan" qəzeti