"Azərbaycan tərəfi törədilmiş təxribatlara qarşı adekvat addımlar atır. Atəşkəsin pozulmasına görə bütün məsuliyyəti Ermənistan dövləti daşıyır".
Aktual.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şair Ramaldanov deyib. Hərbi ekspert qeyd edib ki, Azərbaycan Ordusu atəş açan mövqeləri cavab atəşi ilə susdurur:
"Bu cür hadisələr Azərbaycanın öz sərhədini bərpa etməyinə qarşı atılmış addımdır. Özlərinə xas olan formada sərhəddə gərginlik yaradırlar. Həm beynəlxalq qurumların, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərinin diqqətini cəlb etmək istəyirlər. Vətən müharibəsindən əvvəl sərhəd yox idi, çünki işğal etmişdilər. İndi isə Azərbaycan ərazi bütövlüyünü bərpa edib və 1976-ci ildə tərtib edilmiş xəritə əsasında coğrafi sərhədlərini müəyyənləşdirir.
Azərbaycanın bir hissəsi işğal altında olduğu üçün o ərazilərdə dövlət sərhədi qura bilməmişdik. İndi biz həmin o sərhədi qururuq. Ancaq Ermənistan hər zaman olduğu kimi bu prosesə mane olmaq istəyir. Ermənistan dövləti hakimiyyətdə kimin olmağından aslı olmayaraq, fərqli ölkələrin aləti olub. Hər zaman həmin təsir qüvvələrinin sifarişini yerinə yetiriblər. Bütün proseslər Azərbaycan Ordusunun nəzarəti altındadır və ordumuz bütün vəzifələrini yerinə yetirir. Dövlət sərhədimizi həm qoruyur, həm də yenidən qururlar”.
Ş.Ramaldanov bildirib ki, ermənilər bu cür təxribatlar yaratmaqla öz başlarına bəla yaradırlar:
"Azərbaycan bütün bu təxribatlara cavab verəcək gücdədir. Azərbaycanın tək fikri qonşu dövlətlər ilə sülh içində yaşamaqdır. Biz erməniləri öz torpaqlarımızdan qovsaq da, onlar öz çirkin niyyətlərindən əl çəkmir. Bundan sonra atəşkəsin pozulması halları istisna olunmur. Azərbaycan Ordusunun bölmələri hər şeyi nəzarətdə saxlayır və adekvat cavab tədbirləri görür. Təəssüflər olsun ki, bu təxribatlar nəticəsində şəhidlərimiz də olur. Bundan sonra sərhəddə təhlükəsizlik məsələlərinə daha çox diqqət ediləcək. Azərbaycan Ordusu şəhidimizin qanını yerdə qoymadı. Ermənistan tərəfi 3 yaralıları olduğunu açıqladı. Yəni ordumuz istənilən təxribatın cavabını verir və bundan sonra da bu cür çirkin halların qarşısını alacaq. Ermənistan tərəfi belə təxribatlar törətməyə davam edərsə, bundan sonra da itkilər verəcək”.
Xəbər 603 dəfə oxunub.