Ermənistan dilənçi dövlətə çevrilib

Ermənistan dilənçi dövlətə çevrilib

Xarici ianə və yardımların kəsiləcəyi təqdirdə işğalçı ölkənin daha böyük səfalətə sürüklənəcəyi proqnozlaşdırılır 

Ermənistanda məlum konstitusiya referendumu ölkə əhalisinin daha çox ümidsizliyə qapılması ilə müşayiət edilməkdədir. Xalq bu gedişlə yaxın illər ərzində Serj Sarkisyan iqtidarından yaxa qurtarmağın mümkünsüz olduğunu aydın görür və prezident üsul-idarəsindən parlament üsul-idarəsinə keçidin məhz hakimiyyətin ömrünün uzadılmasına xidmət etdiyini yaxşı anlayır. Çünki əsas qanunda edilən dəyişikliklər Serj Sarkisyanın lideri olduğu Respublika partiyasının hər hansı vaxt məhdudiyyət olmadan hakimiyyətdə qalmasına imkan yaradır. Məhz elə bu səbəbdən ölkə müxalifəti və xalq son referendumu indiki iqtidarın öz hakimiyyət müddətini uzatmaqdan başqa heç nəyə xidmət etmədiyini bildirir.
Ermənistanın "Joxovurd" qəzeti yazır ki, hazırda Serj Sarkisyan 2018-ci ilə qədər ölkəni idarə edən əsas şəxs olacaq və bundan sonra konstitusiyaya əsasən, o, daha dövlət başçısı postuna namizədliyini irəli sürə bilməz. Konstitusiya referendumu ilə bağlı edilən yeni dəyişikliklər yalnız 2017-ci ildə keçiriləcək parlament seçkilərindən sonra qüvvəyə minəcək. Bu fonda Sarkisyan 2018-ci ildə başa çatacaq səlahiyyət müddətindən sonra hər hansı vəzifə tutmağa can atmayacağını bəyan etsə də, "Joxovurd" onun insanları aldatdığını yazır. 
Hazırlanmış ssenariyə görə, o, 2018-ci ildə istirahətə gedəcək, lakin Respublika partiyası guya xalqın istəyi əsasında onun siyasətə geri qayıtması və baş nazir vəzifəsini tutması haqda çağırışla çıxış edəcək. Məhz bundan sonra Serj Sarkisyan baş nazir postunda ölkəni idarə edə biləcək. 
Ermənistanda hakimiyyət dəyişikliyinin qeyri-mümkünlüyü isə ölkənin iqtisadi durumuna da təsirsiz ötüşmür. Məsələ bundadır ki, məhz indiki hakimiyyət dövründə iqtisadi tənəzzül daha da sürətlənib. Yaxın perspektivdə isə vəziyyətin dəyişməsi gözlənilmir. 
Ümumiyyətlə, Ermənistan formal müstəqilliyini əldə etdikdən indiyə qədər iqtisadi problemlərini həll edə bilməyib. Əvvəllər Rusiya və digər ölkələrin hesabına yaşayan Ermənistan indinin özündə də xaricdən asılı vəziyyətdədir. Xarici ianə və yardımların kəsiləcəyi təqdirdə Ermənistanın daha böyük səfalətə sürüklənəcəyi şəksizdir. Əhalinin getdikcə dərinləşən sosial problemləri, işsizlik, xarici sərmayənin az olması, istehsalın yoxluğu vəziyyəti daha da ağırlaşdırır. Ölkənin istehsalı əsasən dağ-mədən və kimya sənayesi çərçivəsində olub ki, hazırda burada da ciddi tənəzzül hökm sürür. Bu sahələr əsasən Rusiya, İran şirkətlərinin nəzarətindədir və böyük əksəriyyətinin fəaliyyəti dayanıb. 
Real vəziyyət də nümayiş etdirir ki, ölkə iqtisadiyyatını böhrana sürükləyən Serj Sarkisyan iqtidarı vəziyyətdən çıxış üçün daha çox xarici borclanmaya üstünlük verir. Bunun üçün beynəlxalq təşkilatlardan, maliyyə qurumlarından böyük miqdarda borclar alınır. Amma maraqlısı odur ki, həmin borcların faiz ödənişlərini vermək üçün digər təşkilatdan kreditlər götürülür və bu minvalla alınan borcla başqa borcun faizləri ödənilir. 
Amma ilkin və sonrakı borcların əsas məbləğləri ilə bağlı heç bir ödəniş olmadığından borclar daha da artır, faizlər böyüyür. 
2014-cü ilin sonundan başlayaraq bu ölkənin milli valyutası sürətlə devalvasiyaya məruz qalır və bu proses inflyasiyanı daha da artırdığından əhalinin maddi durumu getdikcə pisləşir. Xatırladaq ki, bu günlərdə Con Hopkins Universitetinin Beynəlxalq Araşdırmalar İnstitutunun nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya və Qafqaz İnstitutunun əməkdaşı Natalya Konarzevska da Ermənistanda iqtisadi durumun sürətlə pisləşməsi barədə xəbərdarlıqla çıxış etmişdi. O qeyd edirdi ki, pul köçürmələri həcminin azalması ölkə əhalisinin həyat səviyyəsinə mənfi təsir göstərir: "Rusiyaya ixracın və xarici investisiyaların kifayət qədər azalması, dövlət borcunun artması və büdcə gəlirlərinin aşağı düşməsi fonunda Ermənistan iqtisadiyyatındakı durğunluğun qarşısının alınması üçün imkanlar məhduddur. Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, 2015-ci ildə Ermənistanın iqtisadi artımının zəif və ya mənfi olacağı gözlənilir. Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olması heç də yaxşı dövrə təsadüf etməyib. Bu, təşkilatın aparıcı üzvü olan Rusiyanın iqtisadiyyatının zəiflədiyi vaxtda baş verib. 2015-ci ilin mayında ABŞ və Ermənistan arasında Ticarət və İnvestisiya Çərçivə Sazişinin imzalanmasına baxmayaraq, iki ölkə arasında ticarət dövriyyəsinin aşağı səviyyədə olması bu sazişin iqtisadi faydasını sual altına qoyub".
Ölkədə fəaliyyət göstərən azsaylı müəssisələrin bağlanması da ciddi böhrana rəvac verir. Məsələn, Ermənistanın digər sənaye müəssisələri ilə müqayisədə daha yüksək ixrac qabiliyyəti olan dağ-mədən və metallurgiya sənayesində artıq çox problemlər mövcuddur. Medianın yazdığına görə, ölkənin qızıl və mis ixracından əldə etdiyi gömrük gəlirləri xeyli azalıb. Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv olmaq haqqında müqaviləni imzaladıqdan sonra milli tədavül vasitəsi olan dram qiymətini hələ də itirməkdədir. Ermənistan rəsmiləri ictimai rəyi sakitləşdirmək üçün bunun Avropa İttifaqı və ABŞ-ın Rusiyaya qarşı həyata keçirdikləri iqtisadi sanksiyaların nəticəsi kimi gördüklərini bildirsələr də, müxalifət baş verənlərin hakimiyyətin yarıtmaz siyasətinin nəticəsi kimi xarakterizə edir. 
Belə bir vaxtda dünyanı bürüməkdə olan yeni iqtisadi böhran Ermənistan iqtisadiyyatını daha sürətlə çökdürür. İlin sonunadək Ermənistan iqtisadiyyatında tənəzzülün 20 faizə qədər olması isə istisna olunmur. Ağır iqtisadi vəziyyət isə əhalinin əksəriyyətini yoxsulluğun son həddində yaşamağa gətirib çıxarmaqda, yaşayış səviyyəsi həddindən artıq ağırlaşdırmaqdadır. Enerji qiymətlərinin artması fonunda, qarşıdan gələn qış ayları əhalinin həyat tərzinə ciddi təsir göstərəcək, yaşayış səviyyəsi daha da ağırlaşacaq. 
O da xatırlanır ki, Ermənistanda elektrik enerjisinin qiymətinin artması nəticəsində 2015-ci ilin iyunundan bəri ölkədə baş verən etirazlar hökumətin iqtisadi siyasətinə ictimai məyusluğun artdığını göstərir. Bir önəmli məqama da diqqət çəkilir ki, Ermənistan iqtisadiyyatının oliqarx strukturu və aşağı səviyyəli idarəçilik sisteminin iqtisadiyyatın modernləşdirilməsi və gücləndirilməsinə yönəlmiş istənilən cəhdlərə əngəldir. Belə vəziyyət əhalinin maddi durumunu ağırlaşdırmaqla insanların hakimiyyətdən narazılığını artırır və sosial etiraz dalğasını daha da gücləndirir. 

"Azərbaycan" qəzeti

Xəbər 502 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR