"Ərdoğanın bu cür həssas məqamda müdrik addımlar atacağına inanırıq"


Hamımız müqəddəs Ramazan ayının gəlişini səbrsizliklə gözləyirdik. Amma 11 ayın sultanı bu dəfə xoş gəlmədi. Daha doğrusu, neoimperialist güclərin əliylə hakimiyyətə gətirilmiş Donald Trampın qızışdırıcılıq siyasətinin nəticəsində B.Netanyahu rejimi İsrailin paytaxtının Qüdsə köçürülməsi məsələsini reallaşdırmağa başladı. Şübhəsiz ki, müsəlmanlar (xüsusən də Fələstin müsəlmanları) bu cür məkrli avantüraya reaksiyasız qalmayacaqdılar, etirazlarını bildirəcəkdilər. Bildirdilər də. Və nəticəsi... Nəticəsi isə çox məşum, tükürpərdici, qanlı oldu. İsrail əsgərləri son 2 gün ərzində 50-dən artıq fələstinli müsəlmanı qətlə yetirib, 2000-dən çox müsəlman isə qanına qəltan edilib, yaralı vəziyyətdədir.


Dünyanın ədalətli, sülhsevər qüvvələri təbii ki, bu vəhşiliyə öz etirazını bildirir. ABŞ-ın isə İsraili əsla qınamaq fikiri yoxdur. İsrail ordusunun və polisinin qəddarlığına ən kəskin formada etirazını bildirən tək ölkə isə qardaş Türkiyədir. Bunun real təsdiqi kimi Türkiyə hökuməti haqlı olaraq İsrail səfirini ölkədən qovdu. İsrail tərəfi isə geri çəkilmək, səhvini düzəltmək və müsəlman dünyasından üzr istəmək əvəzinə, Türkiyənin bu addımına eyni tərzdə qarşılıq verdi və Türkiyə səfirini ölkədən çıxardı. Dağıdıcılıq xətti yürüdən, dünyanın yenidən bölüşdürülməsinə start verən D.Tramp isə bu hadisələri məmnunluqla seyr edir.

Ramazan ayının başlanğıcı ərəfəsində baş verən bu qanlı olaylar Türkiyəyə və müsəlman dünyasına yaxşı heç nə vəd etmir. Çünki yeni Dünya Düzəni planının həyata keçirilməsi prosesində ilk hədəf məhz müsəlmanlardır. Lakin hər bir halda Türkiyə Cümhuriyyətinin lideri R.T.Ərdoğanın bu cür həssas və kritik məqamda ağıllı və müdrik addımlar atacağına şübhə etmirik. Belə bir ağrılı məqamda bütün dünya müsəlmanlarının vəhdət, birlik nümayiş etdirməsi də hava-su kimi vacibdir.


Əlisahib Hüseynov 
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

 
 
 
Xəbər 487 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR