Elşən Musayev: “Azərbaycanlı olmaq həqiqətən böyük şərəfdir”

Elşən Musayev:   “Azərbaycanlı olmaq həqiqətən böyük şərəfdir”

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevin Aktual.az-a müsahibəsi

Elşən müəllim, 2-ci Qarabağ müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə yekunlaşdı, hətta artıq Zəfər Paradı da keçirildi. Bu haqda təəsüratlarınızı bilmək istərdik.

Çox doğru vurğuladınız ki, biz bu müharibəni şanlı qələbə ilə yekunlaşdırdıq. Məhz, şanlı qələbə ilə. Ermənistan, onun rəhbəri, havadarları gerçək anlamda məhv oldular, diz çökdülər, açıq və aydın şəkildə müharibəni uduzdular. Yekun olaraq isə kapitulyasiya aktını imzalamağa məcbur qaldılar. Çünki başqa çarələri yox idi, çünki Azərbaycan ordusunun qarşısında ermənilər tab gətirə bilmədilər. Şuşanın qəhrəman ordumuz tərəfindən işğaldan azad edilməsindən sonra isə düşmən tamamən panikaya düşdü, dərhal 71 kənd də işğaldan azad olundu. Və ardı gələcəkdi. Ona görə ermənilər məğlubiyyətlə barışdılar və Paşinyan üçtərəfli bəyənatı imzaladı. Belədə isə doğma Ağdam, Kəlbəcər və Laçın da bir güllə atılmadan, şəhid verilmədən, itki olmadan öz əzəli sahibinə qayıtdı. Təbii, bu qələbəni şərtləndirən bir çox amillər vardı. Həmin amillər sırasında Ali Baş Komandanın qətiyyətini, Azərbaycan xalqının əzmini, ordumuzun şücaətini və milli birliyimizi xüsusi qeyd etmək istəyirəm. Bizi qələbəyə aparan bu xüsusiyyətlərimiz idi, ruhumuz idi, arzumuz idi, istəyimiz idi. Nə yaxşı bu günləri gördük, bu hissləri yaşaya bildik. Tanrı şəhidlərimizə qəni-qəni rəhmət eləsin. İnşallah, qazilərimiz, yaralılarımız tez bir zamanda sağlamlıqlarına qovuşsun. Əsgərlərimiz var olsun. Cənab Prezidentə isə sonsuz minnətdaram ki, rəhbər kimi, əsl şəxsiyyət kimi, qətiyyətli lider kimi bizlərə bu sevinci yaşatdı. Zəfər paradına gəlincə isə....möhtəşəm bir parad idi. Qürur duydum. Dövlətimlə, əsgərlərimizlə, millətimlə növbəti dəfə fəxr elədim. Azərbaycanlı olmaq həqiqətən böyük şərəfdir.

Yeri gəlmişkən, müharibə zamanı siyasi partiyalar da həmrəylik nümayiş etdirdilər, dövlətin yanında olduqlarını bəyan elədilər. Sadəcə AXCP bu prosesə qoşulmadı. Rəsmi qeydiyyatdan keçmiş digər 50 siyasi partiya rəhbərinin imzası isə demək olar bütün ümummilli bəyənatlarda öz əksini tapdı.

Mən, müharibə dövründə həmrəylik nümayiş etdirən hər kəsə, bütün siyasi təşkilatlara xüsusi təşəkkürümü bildirirəm. Onlar çox düz mövqe tutdular və dövlətin yanında oldular. Bircə AXCP-dən savayı. O da gözlənilən idi. Niyə? Çünki xislətləri, xarakterləri, mahiyyətləri budur. Çünki onları dövlət yox, milli maraqlar yox, yalnız hakimiyyətə gəlmək maraqlandırır. Eyni zamanda bir məqamı da qeyd edim: Siyasi Partiyaların və ümumən siyasi təsisatların bu cür mütəşəkkil, təşəbbüskar və bərabər olmasında xüsusi koordinasiyanın böyük rolu var. Həmin koordinasiyanı isə Prezident Administrasiyasının "Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi” reallaşdırdı. Təbii, haqqında danışılan partiyaların içində dövlətcil ruh, Qarabağ sevdası, millət sevgisi olduğu üçün milli maraqları düşünüblər, həmrəylik nümayiş etdiriblər. Amma məsələ burasındadır ki, koordinasiya da hər zaman böyük rol oynayır. Ələlxüsus da həssas məqamlarda. Haqqında danışdığım şöbənin müdiri, hörmətli Ədalət müəllim Vəliyev məlum şöbəyə rəhbər təyin olunandan dərhal sonra siyasi partiyalarla əməkdaşlığa, fikir mübadiləsinə xüsusi diqqət yetirib. Bu ilin fevral ayından etibarən siyasi partiya rəhbərləri ilə mütəmadi görüşlər keçirilib, ən kiçik müraciətimiz də cavabsız qalmayıb, ən xırda nüans, detal da incələnib. Hətta hörmətli Ədalət müəllimin təşəbbüsü və iştirakı ilə həm Parlament partiyalarının, həm də digər partiyaların birgə konfransları, "online” formatda görüşləri keçirilib. Hər kəs də belə müsbət məqamları təqdir edib, dəstəkləyib. Hər kəs bu duruma, bu diqqətə sevinib. Ona görə müharibə vaxtı da rahat koordinasiya mümkün oldu, bir-birimizi qucaqlaya, bərabər sevinə, əl-ələ verə, birləşə bildik. Yəni, demək istədiyim budur ki, kimin kimdən xoşu gəlməsinə və ya gəlməməsinə baxmayaraq meydanda düzgün və müdrik əlaqələndirici olanda, məmur öz işini vicdanla yerinə yetirəndə belə gözəl mənzərə, tablo peyda olur, yaranır. Ədalət müəllim öz işini bilən və həm də son dərəcə vicdanlı, vətənpərvər insandır. Bu cür ləyaqətli məmurlar nə qədər çox olarsa, daha dəqiqi onlar harada olacaqsa, qərarlaşacaqsa həmin sektorun, həmin sahənin üzü güləcək. Hansısa sektorun, sahənin üzünün gülməsi isə həm də dövlətin üzünün gülməsi deməkdir. Dövlətçilikdə, idarəetmədə insan faktoru çox önəmlidir. Həddindən ziyadə önəmlidir! Məmurun yerində olması həmin sahədə rahatlıq deməkdir. Ədalət müəllimə həm də ona görə təşəkkür edirəm ki, bizim siyasi sahəyə, sektora, camiəyə həmin rahatlığı gətirib. Öz səviyyəsi, müdrikliyi və insanpərvərliyi ilə.

Pandemiya dövrüdür. Virus sürətlə artır. Yenidən sərt karantinə keçirik. Bu dönəmdə öz fəaliyyətinizi necə tənzimləyirsiniz, qurursunuz?

Çox doğru dediniz. Ağır dönəmdir. Virus sərhəd tanımır. Amma bu bir tək bizdə deyil, bütün dünyada belədir. Hamı məlum vəziyyətdən dolayı çarəsiz qalıb. Ona görə özümüzü qorumağa çalışırıq. Daha dəqiqi, mümkün olan hər şeyi edirik ki, bu qorxunc virusa yoluxmayaq. İnsanlara da tövsiyyəm odur ki, mümkün qədər koronadan yayınmağa, qorunmağa çalışsınlar. Çünki ani bir məsuliyyətsizlik ucbatından bu bəla ilə baş-başa qalmaq mümkündür. Üstəlik, onu da nəzərə alaq ki, hamının ailəsində yaşlı və ya digər risk qrupuna aid insanlar var. Özümüzlə bərabər onları da düşünməliyik. Mütləq düşünməliyik. 

Deputat həmkarlarınızdan da bəziləri koronavirusa yoluxublar. Mediada bu haqda mütəmadi məlumatlar verilir. Saydan xəbəriniz varmı?

Xeyr. Dəqiq sayı bilmirəm. Amma arzum, istəyim budur ki, virusa yoluxan bütün həmkarlarım tezliklə şəfa tapsınlar, sağalsınlar və sıralarımıza qayıtsınlar.

Yəqin ki, yaxın günlərdə Parlamentdə büdcə müzakirələri başlayacaq və paralel olaraq intensiv, ardıcıl iclasların keçirilməsi zərurəti yaranacaq. Maraqlıdır, Milli Məclisin deputatları içində yoluxma halı artsa, məlum vəziyyətdə Parlamentin normal fəaliyyəti mümkün olacaqmi? Səsvermə zamanı bütün qanunların qəbulu üçün ən azından yetərsay olmalıdır. Ona görə soruşuram.

Ümidvaram ki, hər şey yaxşı olacaq. Nikbin olaq, sabaha pozitiv köklənək. Gözəl düşünək ki, hər şey gözəl olsun.

Təşəkkür edirəm, müsahibə üçün.

Mən təşəkkür edirəm. Minnətdaram.

Xəbər 438 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR