Avropa Parlamentinin həbsdəki gənc bloger Mehman Hüseynovla bağlı Azərbaycan əleyhinə qəbul etdiyi sərt qətnamə bir çox məsələləri aktuallaşdırdı. Nəzərlər bir anda bu beynəlxalq qurumun üzərinə cəmləndi. Avropa Parlamentinin tarixi, onun funksiyaları, ölkələrə təsiri və digər bu kimi məsələlər ətrafında ciddi müzakirələr açılıb.
Mövzunun aktuallığını və oxucular üçün marağını nəzərə alaraq bu qurum barəsindəki geniş məlumat verməyi lüzum bildik.
Avropa Parlamenti 1952-ci ildə qurulub. İclasları Brüsseldə və Strasburqda keçirilir. 1979-cu ilə qədər onun üzvlərini dövlətlər təyin edirdi. Həmin il verilən qərarla üzvlər birbaşa seçkilərdə seçilirlər. Avropa Birliyinə üzv dövlətlərin milli parlamentləri ilə oxşar haqlara sahib olan Avropa Parlamenti AB xalqlarının demokratik siyasi iradəsini təmsil edir. Parlament Avropa Birliyinin üç vacib qurumundan biridir və birlik ölkələri xalqlarının maraqlarını müdafiə edir.
Parlamentin üç vacib funksiyası var:
Avropa qanunlarını elan etmək;
Avropa qurumlarına demokratik nəzarət etmək;
Şura ilə birlikdə büdcəyə dair qərarlar vermək.
Parlament öz səlahiyyətlərini Şura ilə bölüşür. Qərarların əksəriyyəti birlikdə verilir. Parlament həm də Avropa Komissiyasının üzvləri barədə təkliflərə baxır, onları təsdiq edir.
1979-cu ildən başlayaraq vahid dərəcəli ümumi seçimlə 5 illik iş başına gələn Avropa Parlamentinin cavabdehlikləri bunlardır:
Komissiya tərəfindən edilən qanun təkliflərini Şuraya da bildirərək qanuniləşdirir. Bundan başqa hər il dekabr ayında Avropa Birliyi büdcəsini təsdiqləyir.
Avropa Parlamentində bütün siyasi işlər birbaşa seçilən üzvlər tərəfindən və milli parlamentlərdən azad bir formada təmsil edilir. Parlament, eyni zamanda, Avropa Komissiyası üzvlərinin təyinlərini təsdiq etmə və üçdə iki səs çoxluğu ilə Komissiyanı işdən azad etmə hüququna sahib bir yoxlama orqanıdır. Parlament Komissiyanın proqramına səs verir və xüsusilə Komissiya və Şuraya şifahi və yazılı suallar istiqamətləndirərək Avropa siyasətlərinin gündəlik fəaliyyətini izləyir. 2003-cü ilin fevral ayında qüvvəyə minən Nice Anlaşması çərçivəsində Avropa Parlamentindəki kreslo sayı 626-dan 732-yə yüksəldi. Buna görə Parlamentdəki kreslo yayılmasının yeni qatılan ölkələri də əhatə etməsinə qərar verildi; Almaniya 99, Fransa 88, İtaliya 78, İngiltərə 78, İspaniya 54, Polşa 54, Hollandiya 27, Belçika 24, Çexiya 24, Yunanıstan 24, Macarıstan 24, Portuqaliya 24, İsveç 19, Avstriya 18, Danimarka 14, Slovakiya 14, Finlandiya 14, İrlandiya 13, Latviya 13, Litva 9, Sloveniya 7, Estoniya 6, Kipr 6, Lüksemburq 6, Malta 5.
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev düşünmür ki, hazırda Azərbaycan gündəmi Avropa Parlamentinin qərarı ilə zəbt olub: "Qətnamə qəbul edildi, müzakirələr açıldı, ciddi fikir ayrılıqları oldu, qarşılıqlı arqumentlər səsləndi və bununla da hər şey bitdi. Ələlxüsus da Mehmanla bağlı cənab prezidentin tövsiyəsindən sonra Baş Prokurorluğun atdığı düzgün addım məlum çərçivəni lokallaşdırdı. Yəni, Azərbaycana qarşı Mehman məsələsini əllərində bayraq edənlər, öz mənfur niyyətlərini güdənlər sakitləşdilər. Daha doğrusu sakitləşməkdən o yana əlacları qalmadı. O ki qala, qərarın məcburi şəkildə yerinə yetirilib-yetirilməmə məsələsinə...Azərbaycan Avropa Parlamentinin üzvü deyil, Avropa Birliyinin digər qanadı – Avropa Şurasının üzvüdür, bütün öhdəliklər də həmin Avropa Şurasının qarşısındadır. Fəqət hər nə qədər öhdəlik olursa olsun, hətta bu halda belə, lap dəqiqi: həmin öhdəliklərin imperativ icrası halında belə beynəlxalq hüququ dövrəyə salaraq manevr etmək imkanı var. Bütün dövlətlər üçün! Yəni, tutaq Avropa Parlamenti masa üzərinə "Birlik Anlaşması”nı, "Nice Anlaşması”nı qoyarsa, qarşı tərəf də Beynəlxalq Hüququn ana prinsiplərinin təsbit olunduğu 1975-ci il tarixli Helsinki Yekun aktını istinad, cavab kimi ortaya çıxarar.. Ardınca da sayı onlarla, yüzlərlə olan Konvensiyaları, digər Beynəlxalq razılaşmaları. Demək istədiyim budur ki, milli qanunvericiliklərdə qanunun tətbiq mexanizmi özü üçün hansı manevr imkanlarını saxlayırsa, beynəlxalq sferada bu presidentin 100 qatını etmək mümkündür. Beynəlxalq Hüququn ana prinsiplərindən biri dövlətlərin daxili işlərinə qarışmamaqdır. Bu prinsipin üzərindən hansı gücü, icra mexanizmini tətbiq eləmək mümkündür? Və ya BMT qeyri-ciddi qurumdurmu? Deməzdim. Amma baxın, Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistan tərəfindən qeyd-şərtsiz boşaldılması, tərk edilməsi haqda qəbul elədiyi 4 qətnamə havada uçuşur, icra yoxdur. Niyə? Çünki icra mexanizminin öz yoxdur. Sadəcə sual oluna bilər ki, bəs qərar nə üçün "qeyd-şərtsiz” sərlövhəsi ilə, əmr xarakteri ilə bəyan edilir? Axı tənbeh eləmək imkanın yoxdursa, əmr də verməməlisən, ya da dedinsə sözünü tutmalısan. Düzdürmü? Qərarı verir, vəssalam. Gerisi qalır, Allahın və zamanın ümidinə. Heç siyasi sanksiya da tətbiq eləmir, məsələ budur. Yəni məsələn, Ermənistan icra eləmədi, barı bunu təşkilat üzvlüyündən çıxar, hansısa embarqonu qoy və s. Eləmirlər. Bunu da eləmirlər. Mövzular şəxsi müstəviyə gəlməyincə, ümumi maraqlar ortalıqda cövlan etmədikcə, hansısa məsələ həm də özlərinə sərf eləmədikcə ağızlarına su alıb otururlar. Eyni qayda həm də Avropa Parlamentindədir. Onların da qərarları əsla və əsla tövsiyədən o yana keçə bilməz. Bu parlament heç bir özünə hörmət qoyan dövlət üzərində söz keçirmə, əmr etmə, ultimatum vermə, nəyisə zorla tətbiq elətdirmə gücünə sahib deyil. Mümkünsüz bir şeydir bu. Təbii, siyasi. Hüquq – dövlətlərin daxili məcburiyyət, hətta məhkumiyyət çərçivəsidir. Hüquq sistemi beynəlxalq təcrübədə öz praktik ədalətinə əslində heç zaman vara bilməyib. Ələlxüsus da, 21-ci əsrdə. Hər kəs, hər dövlət kənarda, qlobal məkanda öz niyyətini, marağını güdür. Hər qurum siyasi məqsədlər naminə hüququ imitasiya edir, çeynəyir, alət edir. Bu səbəbdəndir ki, beynəlxalq hüququn anası ağlar günə qalıb, ikili-üçlü standartlar ümumbəşəri kuluarlarda meydan sulayır.
Deputat fikirlərinə bu cür davam etdi: "Avropa Parlamentinin hədə-qorxu və sərt cümlələrdən savayı heç bir təsir imkanı, tədbiri ola bilməz. Bunun mexanizmi yoxdur. 1979-cu il Nizamnaməsinə görə də bu Parlamentin icra təsnifatı özündə 3 komponenti ehtiva edir: 1) Məsləhət üsulu. 2) Əməkdaşlıq üsulu. 3) Ortaq-qərar üsulu. Vəssalam. Cəza aparatı yox, ordu yox, silah-sursat yox. Neyləyəcək? Ən uzağı iştirakçılıq və gediş-gəliş sanksiyası tətbiq edilə bilər. Amma onu da eləmirlər. Bilirsinizmi niyə? İştirakçı dövlətlərin ödədiyi üzvlük haqqında görə. Təsəvvür edirsinizmi? Pul burada da rol oynayır. İri həcmli dövlətlərin ödədiyi pullar da iri olduğu üçün həmin dövlətlər Avropa dəyərlərinə qarşı ən tərs paraleldə, xətdə dursalar belə onlara toxunulmur. Bircə Britaniyanı dilə gətirib əldə saxlaya bilmədilər. Qalan istənilən hegemon dövlətin xətrinə öz xoşları ilə heç vaxt dəymirlər. Bu Parlamentin qanuni funksiyası Avropa qanunlarını elan etmək, Avropa qurumlarına demokratik nəzarəti həyata keçirmək və səlahiyyətlərini bölüşdüyü Şura ilə bərabər büdcəyə dair qərarlar verməkdən ibarətdir. 1952-ci ildən bəri də prinsiplər dəyişməyib. Baxdım, axtarış verdim, tapmağa cəhd elədim ki, bəlkə həmin prinsiplər içində Mehmanın xaricdə yaşayan qardaşı Emin Hüseynovun danosları, saxta məlumatları əsasında qərar vermək, qətnamə qəbul etmək barədə də nəsə ola, amma rast gəlmədim. Elə dediyim 3 prinsipdir. Əvvəllər bu Parlamentin üzvlərini dövlətlərin özləri həll edirdi, sonra isə onların seçimi səsverməyə çıxarıldı və illərdir belədir. Çünki dövlətlər müəyyən bir mərhələdə qlobal siyasi proseslərə alət olmaq istəmirdilər, öz strateji müttəfiqlik maraqlarından çıxış edirdilər. Seçkidən sonra isə parlamentarilərin öz fikir kodeksi yarandı, hamı da məcbur edildi ki, ümumi maraqlardan çıxış etsin. Sadəcə məsələ burasındadır, həmin ümumi maraqlar əksər hallarda ədalətə deyil, çərçivəli standartlara, Qərbin müəyyən dairələrinin tövsiyəsinə, bəzi hallarda isə lobbi oyunbazlarının fəlsəfəsinə söykənir. Deyim ki, parlamentin iş mexanizmində də sanki bir mərkəzdənqaçma, gözəçarpan mistika var. Heyət Strasburqda toplanır, katiblik isə Lüksemburqdadır. Yəni, iş üslubları da eynən mübtəda və xəbərləri, fikir və məntiqləri, məqsəd və arzuları, təyinat və vəzifələri arasındakı fərq kimidir. Rabitəsiz, nataraz, qeyri-müəyyən və yayğın”.
"Yeni Müsavat”