Əhaliyə qarşı yeni mobil fırıldaq

Əhaliyə qarşı yeni       mobil fırıldaq

Noyabr ayının 1-dən etibarən şəxsi istifadə, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə ölkəyə gətirilən mobil cihazların qeydiyyatı ödənişli şəkildə təşkil edilir. 


Bizimyol.info Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş "Mobil cihazların qeydiyyatının aparılması Qaydası"nın müvafiq bəndi nəzərə alınaraq qərara alınıb.


Məlumata görə, şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən mobil cihazların hər bir İMEİ nömrəsinin qeydiyyatı üçün 5 manat, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə toplu halında ölkəyə gətirilən mobil cihazların İMEİ nömrəsinin qeydiyyatı üçün 20 qəpik ödənilməli olacaq. Mövcud qaydalara əsasən, Azərbaycan ərazisindəki mobil cihaz satış məntəqələrində əhaliyə təklif olunan mobil cihazların İMEİ nömrələrinin qeydiyyatı həmin cihazları satan hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilməlidir. Ancaq yeni qaydaların tətbiqi zamanı vətəndaşların bir çox problemlərlə üzləşdiyi, həmçinin maddi zərərlə qarşılaşdıqları ortaya çıxıb. 


Vətəndaşlar əlavə xərcə düşür


Əsas problem isə iki nömrəli telefonlarla bağlıdır. Belə ki, satış məntəqələrində müştərilərə təqdim olunan 2 telefon nömrəsini dəstəkləyən mobil cihazlarda 2 İMEİ kod olur. Bu zaman hər iki İMEİ kod qeydiyyatdan keçirilməlidir. Yuxarıda da qeyd etdiyimiz kimi, mövcud qaydalara əsasən, Azərbaycan ərazisindəki mobil cihaz satış məntəqələrində əhaliyə təklif olunan mobil cihazların İMEİ nömrələrinin qeydiyyatının həmin cihazları satan hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilməsi müəyyən olunsa da, satış məntəqələrində 2 nömrəli telefonların yalnız bir İMEİ kodu qeydiyyatdan keçirilir. 


Bu barədə Bizimyol.info saytına problemlə üzləşmiş vətəndaşlardan biri məlumat verib. Onun sözlərinə görə, bir müddət əvvəl Yasamalda yerləşən "Kontakt Home" mağazasından 2 simkartı dəstəkləyən "Alcatel" telefonu alıb. "Həmin telefonda həm Bakcell, həm də Azercell nömrə işlədirdim. Bir neçə gündən sonra, telefonda olan Azercell nömrəsinə İMEİ kodun noyabr ayının 11-dək qeydiyyatdan keçirilməsinin vacibliyi ilə bağlı xəbərdarlıq qeyd olunan SMS gəldi. Telefonu mağazadan aldığımız və İMEİ kodun da onlar tərəfindən qeydiyyatdan keçirilməli olduğunu bildiyim üçün, oktyabrın 31-də həmin mağazaya müraciət etdim. Telefonu satan satıcı bildirdi ki, nömrələrdən biri onlar tərəfindən qeydiyyatdan keçirilib. İkinci nömrənin isə müştərinin özü tərəfindən qeydiyyatdan keçirilməli olduğunu bildirdi. Noyabrın 1-dən etibarən qeydiyyatın ödənişli olduğunu, həmçinin qeydiyyatın mağaza tərəfindən aparılmalı olduğunu bildirsəm də, razılaşmadılar. Noyabrın 1-də Mərkəzi Poçtda 4 saata yaxın növbə gözlədikdən sonra, İMEİ kodu qeydiyyata saldırdım və bunun üçün 5 manat 20 qəpik rəsmi ödəniş etdim. Bundan sonra yenidən mağazaya müraciət edərək, yetkili şəxslərlə görüşdüm. Mağazanın rəhbərliyi səviyyəsində cavab verildi ki, onlar mobil telefonları rəsmi distribütor olan firmalardan götürürlər və onlara 2 nömrəni dəstəkləyən telefonların yalnız bir İMEİ kodu qeydiyyatdan keçirilmiş halda verilir. Bu səbəbdən də onlar satışı bu cür təşkil edirlər. Yəni ikinci nömrə üçün İMEİ kodu müştəri özü qeydiyyatdan keçirməlidir", deyən şikayətçi bildirir ki, o, telefona ödədiyi puldan əlavə olaraq 5.20 manat ödəniş etməklə yanaşı, istirahət gününün yarısını da itirib. 


Nazirlik vətəndaşların pul ödəməli olmadığını deyir


Məsələ ilə bağlı rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşviq Əmirov Bizimyol.info saytının sorğusuna cavab olaraq bildirdi ki, mobil cihaz satış məntəqələrində olan bütün mobil telefonların və digər cihazların İMEİ nömrələrinin bazaya qeydiyyatı həmin cihazları satan hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilməlidir: "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş "Mobil cihazların qeydiyyatının aparılması Qaydası"nın 4.1-ci bəndinə əsasən satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə mobil cihazları ölkəyə idxal edən bütün hüquqi və fiziki şəxslər idxal etdikləri mobil cihazların markaları, modelləri, sayı və İMEİ nömrələri barədə məlumatlar qeyd edilmiş ərizə formasını (1 nömrəli əlavə) dolduraraq, aşağıdakı sənədlər də əlavə edilməklə, qeydiyyat mərkəzinə təqdim edirlər.


5.1-ci bəndinə görə isə satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə mobil cihazları ölkəyə idxal edən hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilmiş məlumatlar qeydiyyat mərkəzi tərəfindən 2 (iki) iş günü ərzində araşdırılır və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən MCQS-ə elektron formada göndərilən İMEİ nömrələri ilə müqayisə edilir. Sənədlərdə çatışmazlıq olmadıqda, habelə təqdim edilmiş məlumatlarda uyğunsuzluq aşkar edilmədikdə və bu qayda ilə müəyyən olunmuş tələblərə riayət edildikdə, ərizədə göstərilmiş İMEİ nömrələri dərhal ağ səhifəyə daxil edilir və bu barədə ərizəçiyə qeydiyyat mərkəzi tərəfindən yazılı məlumat verilir. 

Nəticə olaraq mobil cihaz satış məntəqələrində olan bütün mobil telefonların və digər cihazların İMEİ nömrələrinin bazaya qeydiyyatı həmin cihazları satan hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilməlidir. Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən mobil cihazın qeydiyyata alınması üçün həm elektron, həm də yazılı müraciət etmə üsullarında təqdim edilmiş məlumatlar qeydiyyat mərkəzi tərəfindən 2 (iki) iş günü ərzində araşdırılır və sənədlərdə çatışmazlıq olmadıqda, habelə təqdim edilmiş məlumatlarda uyğunsuzluq aşkar edilmədikdə və qeyd olunan qayda ilə müəyyən olunmuş tələblərə riayət edildikdə, ərizədə göstərilmiş İMEİ nömrələri dərhal ağ səhifəyə daxil edilir və bu barədə abunəçiyə qısa mesaj vasitəsilə məlumat verilir". 


Beləliklə, məlum olur ki, 2 nömrəli telefonlarda hər iki nömrəni qeydiyyatdan keçirmək onu satan fiziki və ya hüquqi şəxslərin üzərinə düşür. Nəzərə alsaq ki, hər gün satış nöqtələrində yüzlərlə 2 nömrəli telefon satılır. Hüquqi şəxslər hər nömrənin İMEİ kodunu qeydiyyatdan keçirmək üçün 20 qəpik rüsum ödəyərək, qeydiyyatdan keçirməli olduqları halda nömrənin yalnız birini qeydiyyatdan keçirməklə əlavə xərclərini yarıbayarı azaltmaq məqsədi güdürlər. Bu isə istehlakçı vətəndaş üçün 5 manat 20 qəpik əlavə xərcə səbəb olur. Yəni rəsmi satış nöqtələrinin ödəməli olduğu 20 qəpik əvəzinə, alıcılar 5 manat 20 qəpik ödəməli olurlar.


Qaydaları pozanlar cəzalanacaq


Qeyd edək ki, bu kimi problemlərlə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil cihazların satışı ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edib. Müraciətdə bildirilir ki, mobil telefonların satış məntəqələrində yalnız sertifikatlaşdırılmış və "İMEİ" nömrələri bazada qeydiyyatda olan mobil cihazların satışı təşkil olunmalıdır. "İstehlakçıların hüquqlarının qorunması məqsədilə aidiyyəti qurumlarla birgə satış məntəqələrində olan cihazların "İMEİ" nömrələrinin qeydiyyatda olması yoxlanacaq, qeydiyyatsız cihazların satışını təşkil edən hüquqi və fiziki şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun tədbirlər görüləcək", -deyə nazirliyin müraciətində bildirilir. 


Xəbər 1561 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR