Ədliyyə Nazirliyi daha 20 QHT-ni rəsmi qeydiyyata aldı

Ədliyyə Nazirliyi daha 20 QHT-ni rəsmi qeydiyyata aldı

Bu gün Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib. 
 
Aktual.az xəbər verir ki, iclasda Prezident İlham Əliyevin andiçmə mərasimində proqram xarakterli çıxışından irəli gələn vəzifələr və verilən tapşırıqların icrası üzrə tədbirlər müzakirə olunub.

Vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasda çıxış edən ədliyyə naziri Fikrət Məmmədov aprel ayının 11-də ədalətli və şəffaf keçirilmiş prezident seçkilərində İlham Əliyevin yenidən ölkə başçısı seçilməsinin son 15 ildə görülən işlərə, sürətli tərəqqiyə, bərqərar edilmiş möhkəm ictimai-siyasi sabitliyə verilən yüksək qiymətin təzahürü olduğunu vurğulayıb. 

Kollegiyada ölkə başçısının tapşırıqlarının dürüst və dönmədən icrasının təmin olunması istiqamətində konkret tədbirlər müəyyən olunub.

İclada qeyd olunub ki, ötən dövrdə imzalanmış əfv sərəncamları ilə 3800 məhkum, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş amnistiya aktları ilə 40 mindən çox şəxs, həmçinin cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilərək iqtisadi sahədə bəzi əməllərin dekriminallaşması nəticəsində yüzlərlə məhkum müxtəlif cəzalardan azad edilib.
Bildirilib ki, 2017-ci il fevralın 10-da imzalanmış cəza siyasətinin humanistləşdirilməsinə dair sərəncamının icrası nəticəsində ötən 1 il ərzində istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı 25 faizə qədər azalıb, həbsdən azad edilənlərin sayı 14 faiz artıb, cəzanın yüngüllüyü ilə bağlı verilən protestlər isə xeyli azalıb.

Tədbirdə dövlət başçısının tapşırıqlarına uyğun olaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılması, çəkişmə prinsipinə dönmədən əməl olunması, ədalətli qərarların qəbul edilməsi, həbsin yalnız müstəsna hallarda seçilməsinə diqqətin artırılması, təqsirsizlik prezumpsiyasının daim təmin olunması üzrə əlavə tədbirlər müzakirə edilib.

İclasda həmçinin, cinayətkarlıqla mübarizədə və ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rol oynayan məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər müzakirə olunub, cari ilin birinci rübündə Məhkəmə ekspertizası mərkəzinə 40 ekspert ixtisası üzrə 8 min işin daxil olduğu və bu zaman ekspertlər tərəfindən 96 min suala cavab verilməklə qaldırılmış məsələlərin 98,5%-nin həllinə nail olunduğu qeyd edilib.

Kollegiyada ədliyyə və məhkəmə fəaliyyətində şəffaflığın artırılmasının, vətəndaş məmnunluğunun yüksəldilməsinin vacibliyinə toxunulub.

Tədbirdə vətəndaş cəmiyyətinin inkişafına dövlət dəstəyinin təzahürü olaraq 20 qeyri-kommersiya hüquqi şəxs dövlət qeydiyyatına alınıb.
 
Aktual.az
Xəbər 858 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR