Dövlət başçısı: "Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır"

Dövlət başçısı:

"Daimi diskussiyaların mövzularından biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsidir. Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir. Onun vasitəçilik üçün mandatı var. Qeyd etməliyəm ki, Dağlıq Qarabağ və Azərbaycanın digər 7 rayonu 25 ildən çoxdur erməni işğalı altındadır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır".

Aktual.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyevoktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında deyib.
Dövlət başçısı qeyd edib ki, sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb: "Qeyd etməliyəm ki, bu münaqişə ilə əlaqədar çox vaxt reallığı əks etdirməyən geniş fikir müxtəlifliyi var. Bu məsələyə aydınlıq gətirmək üçün deməliyəm ki, 1921-ci ildə Qafqaz bürosunun qərarında Dağlıq Qarabağın çox vaxt erməni tərəfinin interpretasiya etdiyi kimi, Azərbaycana verilməsi deyil, onun Azərbaycanın tərkibində qalması göstərilmişdir. Münaqişə başlayana qədər Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan azərbaycanlı və erməni əhalinin say nisbəti 25:75 faiz kimi olub. Münaqişə nəticəsində Dağlıq Qarabağdan, həmçinin digər 7 rayondan bütün azərbaycanlı əhali qovulub, başqa sözlə desək, orada etnik təmizləmə aparılıb.
Bu gün də işğal olunmuş ərazilərdə azərbaycanlı əhali yoxdur və işğal olunmuş ərazilər, onların böyük bir hissəsi yandırılmış, dağıdılmış torpaqlar, viran qoyulmuş evlər, məktəblər, ictimai binalardır. Münaqişə nəticəsində Azərbaycan humanitar fəlakətlə üzləşib. Dağlıq Qarabağdan və Azərbaycanın işğal olunmuş digər ərazilərindən olan 700 mindən çox məcburi köçkün, üstəgəl müasir Ermənistanın ərazisindəki öz tarixi torpaqlarından qovulmuş 250 min azərbaycanlı. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. İyirmi beş ildən çoxdur ki, bu qətnamələr yerinə yetirilmir. Burada biz mühüm məsələyə - qəbul olunmuş qərarların yerinə yetirilməsinə gəlirik. BMT Təhlükəsizlik Şurası ali beynəlxalq orqandır. Əgər 25 ildən çox müddətdə Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar yerinə yetirilmirsə, onda bu, həmin təşkilatın səmərəliliyi ilə bağlı bir çox suallar doğurur. Azərbaycanda bizi qətnamələrin yerinə yetirilməsinin reallaşdırılmasının seçmə xarakteri narahat edir. Bəzən onlar bir neçə gün ərzində yerinə yetirilir, bəzən isə müəyyən hərbi əməliyyatların həyata keçirilməsində onlara, ümumiyyətlə, ehtiyac qalmır. Bizimlə bağlı məsələdə isə qətnamələr kağız üzərində qalır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır. Ermənistanın baş naziri son vaxtlar tez-tez təkrarlayır ki, münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağ xalqı üçün məqbul olmalıdır. İndi deməliyəm ki, "Dağlıq Qarabağ xalqı” məfhumu mövcud deyil. Dağlıq Qarabağın əhalisi var, münaqişə başlayana qədər bu, bərabər hüquqlara malik olan Azərbaycan və erməni əhalisindən ibarət idi. Azərbaycan üçün hansı həll variantının məqbul olmasına gəldikdə isə, o, Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunması, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasından ibarətdir. Bu, Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur.
Deməliyəm ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü bu gün də davam edir. Dünən erməni snayperi tərəfindən dinc sakin, münaqişə zonasından uzaqda, Ermənistanın Azərbaycanla sərhədində yerləşən Qazax rayonunun sakini qətlə yetirilib. Həmçinin deməliyəm ki, 2016-cı ilin aprelində hərbi təxribat zamanı altı dinc sakin, o cümlədən balaca qız qətlə yetirilib.
Həmçinin Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də "Valday” forumu çərçivəsində müvafiq cavab verilib. Beləliklə, bəyanat sözbəsöz belədir: "Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi.
İşğala, 1990-cı illərin əvvəlində ölkəmizdə hər səkkiz nəfərdən birinin qaçqın olduğu humanitar fəlakətə baxmayaraq, Azərbaycan böyük inkişaf və quruculuq yolu qət edib. Ölkədə oyuncaq, xalqazidd, satqın Xalq Cəbhəsi rejiminin hakimiyyətdə olduğu müstəqilliyin ilk illəri istisna olmaqla, 26 ildir Azərbaycan sabitlik şəraitində yaşayır və burada əsas xidmət vətəndaş müharibəsinin qarşısını almış, işğalı dayandırmış, xaosun, dağıntının öhdəsindən gəlmiş və Azərbaycanı quruculuq yoluna çıxarmış Prezident Heydər Əliyevə məxsusdur. Beləliklə, 26 ildir ki, Azərbaycan xalqı sabitlik və inkişaf şəraitində yaşayır. Ölkəmizin beynəlxalq mövqeləri möhkəmlənir. Bunun göstəricilərindən biri bir neçə il əvvəl ölkəmizin 155 dövlətin səsi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir. Bu, o qədər də asan deyildi, bizim üçün 3 gün və 16 tur tələb olundu, lakin ədalət zəfər çaldı. Həmçinin qeyd etmək istərdim ki, Rusiya Federasiyası və digər 154 ölkə bizə böyük dəstək verdi.
Bizi sevindirir ki, Bakı artıq bir neçə ildir Rusiya və NATO-nun ali hərbi komandanlıqlarının görüş yeri seçilir. Bunu bizə göstərilən etimadın ifadəsi kimi qiymətləndiririk. Bu ayın sonunda Bakıda Qoşulmama Hərəkatının sammiti keçiriləcək. Azərbaycan 3 il müddətinə bu təşkilatın sədri olacaq.
Qarşımızda duran beynəlxalq gündəliklə yanaşı, əlbəttə, biz diqqətimizi iqtisadi inkişafla bağlı daxili problemlərə yönəldirik. Bu istiqamətdə böyük nəticələr əldə olunub. Azərbaycan xarici borcu az olan dövlətdir. Bu göstəriciyə görə biz 9-cu yerdəyik, xarici borc Ümumi Daxili Məhsulun 17 faizini təşkil edir. Məlumat üçün deyim ki, Rusiya 6-cı yerdədir. Biz rəqib deyilik, lakin həmişə ən yaxşı nəticələrə istiqamətlənirik. Yoxsulluğun azaldılması üzrə böyük işlər görülür və bu göstərici 2003-cü ildəki 49 faizdən 5 faizə endirilib. İqtisadi artım sosial problemlərin həllinə də imkan verir. Bu il minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faiz artıb. Biz müasir texnologiyalara sərmayə qoyuruq, əhalimizin 80 faizi internet istifadəçisidir. Azərbaycan 3 peyki olan ölkədir. Bunlardan ikisi telekommunikasiya, biri isə Yer səthini müşahidə edən peykdir.
Son olaraq Vladimir Vladimiroviçin nəqliyyat layihələrinin təkcə ticarətin inkişafına kömək etməməsi, həmçinin xalqlar arasında körpü olması barədə tezisinə dəstək olaraq demək istəyirəm ki, bu istiqamətdə bizim ölkəmizdən keçən Şimal-Cənub və Şərq-Qərb dəhlizləri məhz beynəlxalq əməkdaşlığın genişləndirilməsi və risklərin azaldılması istiqamətində addımlardır, layihələrdir".
Xəbər 4577 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR