"Düşmənə daha da sarsıdıcı zərbələr endiriləcək" - Zakir Həsənov


Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, qoşun qismləri və hərbi hissə komandirlərinin, xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinləri, aidiyyəti üzrə kafedra rəisləri ilə keçirilən təlim-metodiki toplantısında müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Müdafiə naziri döyüş və mənəvi-psixoloji hazırlıq işinin hazırkı vəziyyəti ilə bağlı ətraflı təhlil aparıb, bu sahədə tədbirlərin daha da yüksək səviyyədə təşkili, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, müasir silah və texnikanı dərindən bilməsi və bir çox məsələlərlə bağlı fikirlərini toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Prezident İlham Əliyevin sərəncamına əsasən 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunduğunu xüsusi vurğulayan nazir bu istiqamətdə Silahlı Qüvvələrin üzərinə düşən vəzifələri qeyd edib.

Müdafiə naziri, eyni zamanda Silahlı Qüvvələrdə aparılan islahatlar, Ali Baş Komandanın diqqət və qayğısı sayəsində xeyli sayda yeni hərbi şəhərciklərin açılması, ordu təchizatına müasir döyüş texnikası, silah-sursat və yeni avadanlığın daxil edilməsi barədə məlumatı da diqqətə çatdırıb.

Aparılan islahatların bundan sonra da davam etdiriləcəyini vurğulayan nazir cari ilin birinci yarısında bəzi hərbi şəhərciklərdə tikinti işlərinin sona çatdırılacağını, eləcə də cəbhəboyu zonada tam təminatlı yeni hərbi hissələrin açılacağını da bildirib: "Xidməti mənzillərlə yanaşı ilin sonunadək daha 500-dək daimi mənzilin hərbi qulluqçuların istifadəsinə verilməsi nəzərdə tutulub. Silahlı Qüvvələrin istifadəsinə ən müasir texnika və silah-sursatın verilməsi prosesi də davam etdiriləcəkdir.

Silahlı Qüvvələrimiz düşmən ordusundan qat-qat üstün olduğunu döyüş meydanında bir daha sübut etdi. Düşmən xeyli itki verib. Nə qədər ki, torpaqlarımız işğal altındadır, düşmənə daha da sarsıdıcı zərbələr endiriləcəkdir. Əldə etdiyimiz uğurlar xalqımızın orduya olan inamından, Ali Baş Komandanın diqqət və qayğısından irəli gəlir".

Sonda general-polkovnik Z.Həsənov döyüş və mənəvi-psixoloji hazırlıq işinin daha da gücləndirilməsi ilə bağlı konkret tapşırıqlarını verib.

Xəbər 432 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR