“Dünəndən koronavirusa da o qızın gözləri ilə baxıram” - MÜSAHİBƏ “Dünəndən koronavirusa da o qızın gözləri ilə baxıram”    - MÜSAHİBƏ

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev gündəmlə bağlı sualları cavablandırır

- Bəy, karantin rejimi necə keçir? Millət vəkilləri belə bir durumda necə çalışırlar? Sizlər üçün istisnalar varmı?

- İstisna deyəndə ki...çox vacib hallar olmadığı sürəcdə evdən çıxmıram. "Online” rejimdə işləyirik. Yəqin məlumatınız var, deputatların cəmləndiyi müxtəlif "whatsapp” qrupları yaradılıb. Həmin qruplar üzərindən fikir mübadiləsi aparırıq, komitə iclasları keçiririk. Plenar iclaslar isə hələ canlıdır. Gerisi necə olacaq, bilmirəm. Seçicilərlə olan kontaktlar isə obyektiv səbəblərdən məhdudlaşıb. Bütün ölkədə karantin rejimidir. Tabe olmalıyıq. Amma bununla belə rayondakı nümayəndəm hər gün mənə operativ məlumatlar verir, aidiyyatlı qurumlarla əlaqə saxlayıram, əlimdə olan imkanlar səviyyəsində hansısa problemin həllinə çalışıram.

- Belə bir sərt rejimdə problemi necə həll etmək olar?

- Məsələn, o gün mənə seçicimin avto-qəza səbəbilə Zaqataladan Bakıya yönləndirilməsi haqda məlumat verdilər. Xəstəxananın qəbul şöbəsində problem var idi. Gecə saat 1 radələri olardı. Dərhal məsələyə telefonla müdaxilə etdim.  Aydın oldu ki, anlaşılmazlıq olub və mənim müdaxiləmdən sonra məsələ anındaca həllini tapdı. Və ya kəndlərin birində koronavirusla bağlı narahatlıq yaranmışdı. Sakini Balakən xəstəxanasına yerləşdirmişdilər. Həkimlə danışdım. Prosesi daimi diqqətdə saxladım və bu gün də saxlayıram. Əlqərəz, az qala hər saat hansısa informasiya gəlir və səlahiyyətimin imkan verdiyi çərçivədə məsələləri nəzarətimə götürürəm. Elə bu gün səhər saat 9-da zəng edib məlumat verdilər ki, Muxax kəndində ciddi içməli su problemi yaranıb. Təsəvvür edirsinizmi, pandemiya dönəmində? Bunu sonraya saxlamaq, ertələmək olarmı? Əlbət, yox. Ona görə də bütün əlaqədar qurumlarla kontakta keçmişəm. Təcili məsələnin həllinə çalışıram. Heç bir müraciət gözləmədən. Çünki müraciət gözləməli zaman deyil. Ayrıca, 2 aylıq maaşımın tamını Zaqatalada aztəminatlı ailələrə ayırmışam. Artıq 50 evə yardım edilib. Proses isə davam edir. Mən bu rayonun vəkiliyəm. Onlara bir tək qazancım deyil, canım da qurbandır. Dövlət onsuzda əlindən gələni edir. Amma bizlər də fərd olaraq məlum prosesdə həssaslıq və həmrəylik nümayiş etdirməliyik.

- Həssaslıq və həmrəylikdən söz düşmüşkən. Prezident Koronavirusla Mübarizəyə Dəstək Fondu yaratdı. Müxtəlif kateqoriyalı insanlar həmin fonda ianə köçurüb və köçürməyə davam edirlər. Amma sosial şəbəkələrdə həm keçmiş nazirlərlə həm də Azərbaycan kökənli rəsmi milyarderlərlə bağlı ittihamlar səsləndirilir ki, niyə fonda ciddi vəsait ödəmirlər? 

- İanə könüllü məsələdir. Bu mövzuya mənim birtərəfli münasibət bildirməm düz çıxmaz. Odur ki, məlum prosesə kim hansı ürəklə, səmimiliklə, imkanla və can yanğısı ilə yanaşırsa bir özü bilsin, bir vicdanı, bir də Allahı. Amma bu məqamda şəxsən özüm üçün əxz etdiyim həqiqətin anlayışı budur: 10 manatı olub 1 manat xərcləyənlər 100 milyonu olub 1000 manat xərcləyənlərdən daha səmimi və daha fədakardırlar. Cənab Prezident də çıxışlarının birində bu məsələyə haqlı olaraq xüsusi münasibət bildirib. Ümumilikdə isə dəstək verən hamı sağ olsun. İndiki məqamda birliyə, cəm olmağa həqiqətən çox böyük ehtiyac var.

- Milli Məclisin plenar iclasları davam edəcəkmi? Yoxsa onun da "online” sistemə keçidi gözlənilir?

- Növbəti iclas ənənəvi qaydada olacaq. Daha sonrakı gedişatla bağlı addımlar isə yəqin vəziyyətə uyğun atılar. Bu gün heç nəyi planlamaq olmur. Məsələnin ən qəliz tərəfi budur.

- Parlamentin sədarətində hər kəs yenilənib. Sizcə bu dəyişiklik fəaliyyətdə də yeniliklərə, müsbət məqamlara yol aça, rəvac verə biləcəkmi?

- Əminəm ki, verəcək. Buna çox inanıram. Çünki rəhbərliyin potensialı olduqca yüksəkdir. Yeni sədr, çox dəyərli Sahibə Qafarova böyük ziyalıdır, əsilli-nəcabətli bir xanımdır, olduqca aristokrat və mədəni bir insandır. Üstəlik, tər-təmiz tərcümeyi hala sahibdir. İndiyə qədər heç bir qara və əyri məqamlarda adı hallanmayıb. Ona görə bu seçimə ən çox sevinənlərdən biri mən olmuşam. Hə, düşünə bilərsiniz və ya kimlərsə düşünər ki, Sahibə xanım yüksək posta seçilib deyə onun haqda xoş sözlər deyirəm. Amma inanın, belə deyil. Mən bu fikirləri Sahibə xanım siravi deputat olanda da demişəm. Həm də bir tək mediada deyil, birbaşa Plenar iclaslardakı çıxışlarımda demişəm. Onun Avropa Şurasındakı fədakarlıqlarını, nümayəndə heyətimiz adına ilk dəfə komitə sədri seçilməsini, bizlərə hansı baş ucalığı gətirməsini detal-detal vurğulayaraq demişəm. Şükür ki, dövlətimiz yerindədir. Rəhbərliyimiz yerindədir. Qiymətləndirmə meyarları yerindədir. Hamı görünür. Hamı olduğu kimi görünür. Yəqin, bu səbəbdəndir ki, ən şəffaf dövlət adamlarından biri bu gün Milli Məclisə sədrlik edir. Mən Sahibə xanıma sonsuz uğurlar arzulayıram və heç şübhə etmirəm ki, onun yüksək idarəçilik qabiliyyəti və şəxsi keyfiyyətləri Milli Məclisin gələcək fəaliyyətinə də öz müsbət təsirini göstərəcək.

- Yeni sədr Milli Məclisdə struktur islahatlarının aparılması ilə bağlı sərəncam verib. Dünən saytımızda da belə bir təhlil yazısı  getmişdi ki, Parlament köhnə qvardiyadan, daha dəqiqi konkret şəxsin adamlarından təmizlənir. Məsələyə sizin də münasibət bildirməyinizi xahiş edirəm.

- İslahat hər yerdə və hər dönəmdə lazımdır, labüddür, buna ehtiyac var. Hətta Milli Məclisə keçirilən növbədənkənar seçkilərin özü də islahat xarakteri daşıyırdı. Ona görə, sədrin bu sərəncamını alqışlayıram. Düzdür, o fikrə dəstək vermirəm və verə bilmərəm ki, məclis kiminsə qvardiyasından təmizlənir – çünki bu barədə təfsilatlı informasiyam yoxdur. Amma bir daha qeyd edirəm: islahat addımının atılması bütün hallarda pozitiv məqamdır. Bunu təqdir etmək lazımdır. Yaşlı nəsil, 20-25 il şöbə mudiri işləyənlər artıq gənc nəsilə yol verməlidirlər. Milli Məclisin aparatında yetərincə istedadlı insanlar, peşəkarlar var. Onlar böyük ümid və həvəslə daha geniş fürsətlər gözləyirlər. Üstəlik, bunun üçün lazım olan intellektual resursa, bazaya da sahibdirlər. Bilirsinizmi həmin əməkdaşlar haqda niyə bu qədər əminliklə danışıram? Çünki onları gözəl tanıyıram. Çünki mən də deputat olmadan öncə onlarla bərabər çalışmışam, Milli Məclisin əməkdaşı olmuşam. Təxminən 6 ay öncə mənə bir xanım işçi  yaxınlaşıb dedi ki, 25 ildir mütəxəssis işləyirəm. İşimdən da hamı razıdır. Bəs niyə inkişaf etmirəm, vəzifədə yüksəlmirəm? Əslində maraqlı və orijinal sual idi. Hətta o xanıma söz vermişdim ki, bu məsələni xüsusi qaydada qaldıracam. İndi isə düşünürəm, artıq buna ehtiyac yoxdur. Niyə? Çünki Sahibə xanım hər kəsin potensialını ən yüksək səviyyədə qiymtləndirəcək gücdədir və onun bütün kadrlarla bağlı səhih məlumatlar aldığına da qətiyyyən şübhəm yoxdur. Məlum kontekstdə isə islahat ilk addımdır. Hamı öz yerində olacaq. Hamı layiq olduğu məqamda qərarlaşacaq. Hamının fəaliyyəti stimullaşacaq. Buna hər kəs əmin olsun.

- Elşən bəy, söhbətimizi yenidən aktual mövzuya yönəldək: yaxından tanıdıqlarınız arasında koronavirusa yoluxanlar varmı?

- Var. Çox təəssüf ki, var.

- Sizcə pik dövr nə qədər davam edə bilər?

- Bu bizim vətəndaş olaraq fərdi məsuliyyətimizdən asılıdır. Dövlət öz üzərinə düşəni maksimum edir. Vətəndaş da etsə, tez bir zamanda koronavirusa qalib gələcəyik. Hətta, lap yaxın müddətdə. Yetər ki, hamılıqla məsələnin ciddiyyətini anlayaq və eyni amal ətrafında səfərbər olaq.

- Bəy, hər kəsin üzündə, səsində, hərəkətində bir depressiya müşahidə olunur. Sanki azadlığın, rahat yaşamağın dərki indi çatır hamıya. Belə bir məqamda sizi sevindirən hansısa hadisə baş veribmi?

- O gün dəyərli həmkarım, həyatımın ən çətin anlarında məni öz verdiyi məsləhətləri ilə qoruyan Zahid Orucla telefonda danışıram. Deyir, evdəyəm neçə gündür. İşdə yarım saniyə də əlavə vaxtım olmur, amma indi zaman tapıb bir təhlil yazısı yazmışam. Bir azdan mediada veriləcək, baxarsan ona. Qayıtdım ki, Zahid müəllim, nəhayət bu koronavirusun da xoş tərəfini, xoş bir işə vəsilə olduğunu gördük. Və gerçəkdən elə düşündüm. Çünki Zahid Oruc təhlil aləminin fenomenidir. Onun hər cümləsi qızıldan qiymətlidir. Ayrıca, ona dediyimi elə sizin media vasitəsilə də bəyan etmək istəyirəm ki, mənim və mənim kimi bir çox insanın Zahid Oruc səviyyəsində təhlil aparması, o mərtəbəyə çatması üçün hələ uzun illər lazımdır. Odur ki, bir onun yazısına ürəkdən sevindim. Bir də...gözdən əlil olan seçicimdən xoş müjdə aldm – ona sevindim. Təbliğat dövründə ən son getdiyim ev idi. Söz vermişdim ki, sənin əməliyyatın üçün əlimdən gələni edəcəm. Şükür, sözümü tuta bildim. Təbii, bacardığım və imkanım yetən səviyyədə. Beləcə 18 yaşlı gözəl balamız ağır cərrahiyə əməliyyatına girdi. Dünən atası zəng edib ki, qızım görür. İlk dəfə görür. Bizi görür, ətrafı görür, sizlə çəkdirdiyi şəkili görür. İnanın, həmin xəbər mənə hər şeyi unutdurdu. Mən dünəndən etibarən bu həyatda koronavirus daxil bütün neqativlərə o xanımın xoşbəxt gözləri ilə baxıram. Dərddən böyük dərd var. Hər zaman şükür eləməyi bacaraq. Müstəqilliyimizlə, sabitliyimizlə, bu gün sərgilədiyimiz həmrəyliyimizlə qürur duymağı bacaraq. Tanrı dövlətimizi, Prezidentimizi, xalqımızı qorusun. Hər kəs sağlam və xoşbəxt olsun. Bu dönəm də tezliklə bitsin və keçmiş, normal həyatımıza qayıdaq. Hamılıqla. İtkisiz.

- Müsahibə üçün təşəkkürlər.

- Mən təşəkkür edirəm. Var olun və sizlər də özünüzü koronavirus bəlasından qoruyun.  

Xəbər 1139 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR