“Dialoq fərariləri…” - deputatdan “5-ci kolon” haqqında sərt yazı

“Dialoq fərariləri…” - deputatdan “5-ci kolon” haqqında sərt yazı

Amansız virusun dünyanı cənginə aldığı və bu səbəbdən Azərbaycanda da bütün önləyici, adekvat tədbirlərin gerçəkləşdiyi həssas məqamda belə siyasətimizin bir-iki "janqlyor”u bir türlü rahatlıq tapa bilmir ki, bilmir. Onlar illərdir batıb və yatıb qaldıqları "səngər"dən baxırlar hər şeyə. Kin və qısasla cilalanmış səngərdən. Təlaşlı barmaqları ilə sıxdıqları tətiklər, atdıqları güllələr könül bulandırsa da hədəfə dəymir. Çünki koronovirusdan fərqli olaraq, "5-ci kolon”un ünsürlərinə qarşı peyvəndimiz və immunitetimiz var.

Onlar üçün heç önəmi yoxdur, müzakirə predmeti milli maraqmıdır, milli təhlükəsizlikmidir, milli mənafemidir, yoxsa nədir - gerçəkdən heç önəmini dərk etmirlər! Onlar üçün heç fərq eləməz, filan addım dağıtmağamı xidmət edir, yoxsa düzəltməyəmi?  Ciddən, eləməz! Onlar Azərbaycanı sınmaz və əyilməz formada görəndə özləri sınıb-əyilirlər. Əriyirlər. Tam əksini etmək, buna sevinmək əvəzinə bu cür davranırlar! Onlar siyasətin ridumentləridir. İllər boyunca avazıyıb, kiçilib, cırlaşıb məlum vəziyyətə düşüblər. Onlar qaragüruhdur. Həm də, qapqara – güruh. Onlar "Əlibaba və 40 quldur”un canlı personajlarıdır. Üstəlik, müasir personajları. Sadəcə bu dəfə meydanda "Əlibaba” əvəzinə "Əlikərimli” zühur edib. Vəssalam. Tək fərq budur...

Hamımızın sərvəti olan neftin qiyməti düşür, sevinirlər. Viruslu xəstə peyda olur, sevinirlər. Həmin xəstələrin müsbət dinamika üzərindən sayı artır, sevinirlər. Beynəlxalq hüququn ana prinsiplərinin atasını deyil, elə sinxron formada məhz anasını ağladan və üçlü-dördlü standartların banisi olan beynəlxalq təşkilatlar Azərbaycana qarşı bəyənatlar verir, sevinirlər, atılıb-düşürlər. Vidadini, onun kimi "sürünənlər" sinfinin digər nümayəndələrini dirildib, dirçəldib, yenidən "Azadlıq” qəzetində xortladıb, sevinirlər. Hakimiyyəti Avropadan söydürüb, söyənlərə isə "əqidə dostu” deyib, sevinirlər. Kimsə yıxılır, əzilir, ölür, sevinirlər.

Demək ki, bunların sevinc ruhu, düşüncəsi, ovqat tipi, xoşbəxtlik meyarı budur! Tərs-məzhəb. Altdan üstə. Bu məziyyətin başqa nə izahı, tərifi ola bilər ki?

Prezident bəyan etdi, dialoqa açığıq. Və bəyənatını da tez bir müddətdə reallığa çevirdi. Uzun illərdir mediada yalnızca rəsmi açıqlama ilə də olsun çıxış etməyənlərlə, partiya sədri olduğunu özü belə unudanlarla, hətta Tanzaniya siyasətinə Azərbaycan siyasətindən daha çox dəxli olan Əli Kərimli və Gültəkin Hacıbəyli ilə belə təmasa keçildi. Onlara PA-nın müvafiq şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən görüş təklifi göndərildi. Amma çifayda. Sonuncuları nəzərdə tutaraq deyirəm ki, çifayda. Və ya Əli Kərimli hara, dialoq hara. Əli Kərimli hara, sivil qaydada, masa arxasında fərqli siyasi zümrənin təmsilçisi ilə oturub fikir mübadiləsi aparmaq hara. Əli Kərimli hara, mədəni təmas, rəsmi protokol hara. Adam 28 ildir  monoloq söyləyir. Adam 28 ildir, marafonda tək qaçır, axsaya-axsaya. Adam 28 ildir, əlindəki qəzet səhifələrini, feyk profilləri belə tək işlədir. Adam 28 ildir, bütün dostlarını, silahdaşlarını bada verərək müxalifətçilik monopoliyasını əlində tək saxlamağa çalışır. Adam təklikdən zövq alır. O, təkliyə aludədir, tənhalığı sevir.
Dialoq təklifi olanda isə əcaib ön şərtlər irəli sürüb. Birini deyim: "Parlament seçkiləri ləğv olunsun”. Heyhat! Nə danışırsan? Sənin görüşə gəlmən üçünmü? Gerçəkdən, ciddisənmi, Əli Kərimli? Bəlkə hörmətli Ədalət müəllimin otağındakı divar kağızlarının rəngi də dəyişsin, yerə salınmış xalının naxışlarına da əl gəzdirilsin? Ki, nə var-nə var "bəy" o məkana təşrif buyuracaq? Sən fərqindəsənmi, şərti qoyanda da zəiflər deyil, güclülər qoyur? Hərçənd belə bir şərt yoxdur, bu sadəcə xoş bir təşəbbüsdür. Sən fərqindəsənmi, yüz yeyib min şükür eləməlisən ki, hələ səni siyasətçi bilib, zəng edib, görüşə çağırıblar? Sən fərqindəsənmi ki, dialoq  saziş deyil, pakt deyil, müqavilə deyil, öhdəlik  deyil, sadəcə normal müstəvidə intellektual mübadilədir?
İlqar Məmmədov iqtidara yaxınmı adamdır? Yox, təbii. Qatı müxalifətçidir. Özü də tünd qatısından. Amma o da anladı ki, burada şübhəli və seperat bir şey yoxdur. Uzağı feysbukda, internet efirində  söylədiyini görüşdə də deyəcək. Və ya ortada narahat məqam sezilsə, növbəti addımı atmayacaq. Düz də düşündü. Ardınca AXP sədri Pənah Hüseyn görüşə getdi. Sərdar Cəlaloğlu da getdi. Digərləri də. Bildiyim qədər Arif Hacılı da təşəbbüsə müsbət yanaşıb. Yaxşı, bəs Əli Kərimli niyə getmədi? Guya, "seçilmək” üçünmü? Öz aləmində "fərqlənmək” üçünmü? Ya da hamilərinə,  beynəlxalq qəyyumlara  "baxın, əsl müxalifət mənəm, ona görə iqtidarın təklifini geri çevirdim” söyləmək üçünmü?
Azərbaycanın hər uğuruna qara yaxmaq, sevinəcək olmalı yerdə qüssələnmək, qüssələnəcək yerdə sevinmək dahamı kişiyana, millət naminə olan işdir? Söyüş müxalifətini bəsləmək, Vidadi, Mirzəli, Orduxanla, ləhcəsi hələ də efirdən qulaq cingildədən Natiqlə, restoran otaqlarında ad qoymuş Qənimətlə, sata-sata gəlib, bata-bata gedən Gültəkinlə, Amerikaya siyasətdən baş çıxarmağa gedib də, sonucda orada yalnızca bığ çıxarmaqla kifayətlənən Cəmil Həsənli ilə oturub-durmaq, onlarla eyni masanı bölüşmək bəlkə daha mötəbər icraatdır? Ədalət Vəliyevin görüş təklifinə "mənim ranqımda deyil, görüşə Seymur Həzini göndərə bilərəm” atmacası ilə cavab vermək, bütün ciddi mətləblərə məlum və yarımçıq fəlsəfə ilə elə məhz bu tərzdə bəsit yanaşmaq səncə onsuzda tarixin zibilliyinə gömülən varlığını dahamı qaldıracaq, dahamı yüksəldəcək? Bu nə özünəvurğunluqdur, bu nə özündənmüştəbehlikdir, bu nə kompleks yığınıdır?
Kimsən axı sən? Baykotşünas! Klavişbaz! Feysbuk ssenaristi. Nakam ideoloq. Siyasi romantik. Lap uzağı da Osmanqızının duet ortağı. Başqa?
Başqa heç kim!
Və məsələ, məğz bilirsənmi nədir? Bu ölkədə kimsənin ürəyi getmir səninlə dialoq üçün. Bu, dövlət və millət naminə təşəbbüsdür. Bu, siyasi zümrələrə heç bir fərq qoyulmadan sərgilənən münasibətdir. Bu əl uzatımıdır. Bu xoşməramdır. Bu, alt fikirsiz, qeyd-şərtsiz yanaşmadır. Sizə gərək deyilsə, bu iqtidara dünəndən gərək deyil. Gedin, ruhunuz azad olanda, əliniz yad ciblərdən çıxanda, Azərbaycan vətəndaşını, Qarabağı, bayrağımızı, gerbimizi, manatımızı özünüzdən biləndə gələrsiniz...
Gözləyəcəyik.
Sırf, tövbə qapısının xətrinə.
Elşən Musayev, 
Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili.


Xəbər 1334 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR