Milli Məclisin iclasında çıxış edən deputat Elşən Musayev seçildiyi dairənin problemlərindən bəhs edib.
Musavat.com xəbər verir ki, deputat 2012-ci ildəki zəlzələdən sonra Zaqatalada hələ də tikilməmiş, qəzalı vəziyyətdə qalan evlərlə bağlı da hökumətə, aidiyyəti qurumlara səslənib və təcili, təxirəsalınmaz addımların atılmasının vacibliyini qeyd edib.
Daha sonra o, su problemindən danışıb: "Zaqataladakı su problemi ilə bağlı düz 4 dəfə parlament tribunasından danışmışam, bu da olsun 5-ci. Amma məsələ həll olunmur. Olmur ki, olmur. "Azərsu” sanki hər şeyi tərsinə edir, sanki bizimlə bəhsə girib. Bir düz-əməlli cavab da vermir ki, heç olmasa bilək məramları, planları, strategiyaları nədir? Kəndlər susuzluqdan yanır, Zaqatalanın ən iri kəndlərindən olan Tala kəndi də daxil, kənar kəndlər su problemi ilə əlaqədar acınacaqlı vəziyyətdədir.
Belə getsə, həmin kəndlər bir azdan Ərəbistan çöllərinə, səhralarına bənzəyəcək. Mən buradan növbəti dəfə "Azərsu” rəhbərliyinə müraciət edirəm: nə isə edin, nə isə bir addım atın, insanların köməyə ehtiyacı var!”
Xəbər 580 dəfə oxunub.