"Demokratiyanın 19-cu qanunu"nu necə pozuram?


TALEH ŞAHSUVARLI YAZIR

İstənilən araşdırmaçı kütləyə oynamağa başlayanda elmə xəyanət edir, dəyərlərini itirir və marginallaşır. Ancaq cəmiyyət elədir ki, hər zaman gerçəyi ortaya çıxarmaq istəyənlər tapılır. Bu zaman konflikt yaranır və kütləyə oynayanlar "sən bilmirsən. Sən anlamırsan. Hamı hər şeyi görür" kimi sarsaq arqumentlərə sarılır. Sərdar Cəlaloğlunu yəqin ki tanıyırsınız. Sərdar bəy həm də maraqlı əhvalatlar danışan adamdır. Bu əhvalatı da o danışıb. Deyir 1989-cu ildir, AXC yaranıb, Naxçıvanda mitinq gedir. Mitinqdə çıxış edənlərdən biri (sonradan AXC və Müsavatda populyar fiqurlardan oldu, rəhmətə gedib deyə adını çəkmirəm) tribunadan qayıtdı ki, bəs, Kremlin bu addımı demokratiyanın 19-cu qanununa ziddir. Səhər hər kəs çayxanada başladı ki, bəs, Kremlin bu addımı demokratiyanın 19-cu qanununa ziddir. Deyir, həmin natiqlə qarşılaşdım və soruşdum ki, bəy, bu demokratiyanın neçə qanunu var ki, Kremlin addımı onun qalan 18-nə yox, 19-a ziddir? Deyir bunu eşidənlər oldu və üstümə gəldilər ki, sənin belə məsələlərdən danışmağa savadın çatmaz. Kütlə psixologiyası və kütləyə oynamaq bu cürdür. Heç kim sorğulamır və sorğulamaq istəyənlərə qıcıq olur. Çox təəssüf ki, dünəndən bəri qoyduğum məsələlərlə bağlı mübahisələrdə bilgi yox, elmi dünyagörüş yox, "demokratiyanın 19-cu qanunu" keçərlidir.  


İndi gələk gerçəklərə. Bizim bir professorumuz vardı. O deyirdi ki, tarixdə bir məsələni dərindən öyrənmək istəyirsinizsə özünüzü "yad" təsəvvür edin. Oxuduğunuz bütün kitabları, dinlədiyiniz bütün mühazirələri, eşitdiyini bütün rəyləri unudun. "Zehin əməliyyatı" qurmaq üçün o dövrə girin. Bu barədə geniş danışmayacam, çünki tarixin elmi prinsiplərindən və metodlarından agah olanlar artıq söhbətin nədən getdiyini anladılar. 


İndi fərz edək ki, mən yad adamam. Məsələn, ABŞ-dan gəlmişəm Azərbaycana. Ölkə haqqında məlumatlananda məlum olur ki, Azərbaycan müstəqil dövlətdir. Bu ölkənin  Konstitusiyasında yazılıb ki, dövlət müstəqilliyi bərpa edilib və Azərbaycan 1918-20 ci illərdə mövcud olmuş eyniadlı demokratik respublikanın varisidir. ADR-ə baxıram. Müsəlman şərqində ilk demokratik respublika, mütərrəqi inkişaf modeli seçmiş cəmiyyət. Marağım lap böyüyür və suallar yaranır. Birinci sual təbii ki odur ki, şərq bataqlığında bu müstəqil respublika necə oldu ki meydana çıxdı? Amerikada bir-iki kitab oxumuşam və bilirəm ki, dövlətin meydana çıxması üçün müəyyən şərtlər lazımdır. Müstəqil bir respublikanın da meydana çıxması üçün bir cəmiyyətdə istiqlal hərəkatı olmalıdır. Zehin əməliyyatımı bax, bu fikir hərəkatına fokuslayıram və müəyyən ilkin təftişdən sonra dövrü konkretləşdirirəm: "1903- 16 may 1918-ci il aralığında Azərbaycanda istiqlal düşüncəsi". Mən yoxam o dövrdə, dünyaya gəlməmişəm, heç atam, babam da dünyaya gəlməyib. Odur ki, heç kimsəyə heç bir önyarğım yoxdur.  Heç kimi də tanımıram. İsim, mənim tanıyacağım adam, adamlar, təşkilatlar fakta əsasən müəyyənləşəcək. Mən hansı faktı, o faktın üzə çıxaracağı hansı adamları axtarıram? "Əqdnamə"də göstərilən şəkildə Azərbaycanın müstəqil dövlət olmasını hədəfləyən ideyanı və o ideyanın müəlliflərini. Bu ideya bir qəzet, jurnal məqaləsində ortaya qoyula, tribunadan səsləndirilə, bir təşkilatın rəsmi sənədlərində əks oluna bilər. Açıram qəzet-jurnalları,  baxıram memuarlara, nəzər salıram dövrün təşkilatlarının məram və qərarlarına. Axtarıram, axtarıram tapmıram. 


Bu zaman yadıma həmin dövrün araşdırmaçıları düşür. Mən "yad"am, cahiləm, savadsızam, anlamıram, qanmıram. Amma onlar savad dəryasıdırlar, araşdırmaçılığın asıdırlar, ehey, alimdirlər, professordurlar. Qoy bir məsləhət alım, fikirlərini soruşum deyirəm.  Çiçəkləri çırtlaya-çırtlaya, öz müdrik ədaları ilə bir az vaxt və həvəs söhbəti edəndən və mən qafilin təkidli minnətlərindən sonra dilə gəlirlər: "Bizim istiqlal məfkurəmizin ideoloqu Məmməd Əmin Rəsulzadədir" 


"A bəy, a xanım, ölüm ayağının altında" deyirəm, mən sənə inanıram, mən sənə pərəstiş edirəm, hətta sizin dahi şəxsiyyətiniz önündə baş əyirəm, ancaq qurban sənə, pzotiv elm dediyimiz şeyin bir qaydası var: faktlar istənilən zamanda və məkanda hər kəs tərəfindən yoxlanılan olmalıdır. Çox-çox üzr istəyirəm, faktlar bu şəkildə yoxlanılan olmayanda söhbət olur dərviş təkkəsinin. Amma vallah, billah, cəmi ölənlərimin goru haqqı, mənim ricam çox böyük, çox çətin deyil, bircə mənbə göstərəcəksiniz ki, orada sayğılı Məmməd Əmin bəy 1903-16 may 1918-ci illər arasında "Əqdnamə"də əks olunan şəkildə müstəqil bir cümhuriyyətdən bəhs edib. 


Elə bu zaman çığırtı qopur və mən o çığırtıdan anlayıram ki, elmin başına daş düşüb!    


İstəyirəm gedəm elmin başına düşən daşı tərpədib altında qalan həqiqəti xilas edəm, "əqidə müfəttişləri" özünü yetirir: 


"Sən demokratiyanın 19-cu qanununu pozursan"!

Xəbər 1402 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR