"Daha qəti və təsirli addımların atılmasına ehtiyac var" - Məmmədyarov


"ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərini dəstəkləyirik. Yalnız daha qəti və təsirli addımların atılmasına ehtiyac var”.

Aktual.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Fransaya səfəri çərçivəsində Fransa parlamentinin "Le Journal Du Parlement” jurnalına müsahibəsində deyib. Nazir bildirib ki, Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal olunmuş ərazilərində mövcudluğu Azərbaycanın və regionun sülh və təhlükəsizliyi üçün ən ciddi təhdiddir. 

O, qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri rəsmi İrəvanın münaqişənin həlli ilə bağlı danışıqları pozmasına imkan verməməli, siyasi-diplomatik təzyiqlər vasitəsilə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını təmin etməlidir: 

"Bu halda danışıqların gedişində irəliləyişə nail olmaq mümkündür. Hərbi güc tətbiq edərək Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları işğal edərək bir milyondan artıq Azərbaycanlıya qarşı etnik təmizləmə törətdi. İşğala və bir milyondan artıq vətəndaşı etnik təmizləməyə məruz qalmış tərəf kimi münaqişənin tezliklə həllində ən maraqlı tərəf Azərbaycandır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipləri əsasında həll edilməlidir. Bu isə öz növbəsində Cənubi Qafqazda davamlı inkişaf və hərtərəfli regional əməkdaşlıq üçün zəmin yaradacaq. Bundan təkcə region ölkələri deyil, Avropadan olan tərəfdaşlarımız da faydalana biləcək”.

E.Məmmədyarov əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı dörd qətnaməsi beynəlxalq ictimaiyyətin Ermənistanın Azərbaycana qarşı işğalçılıq əməllərinə verdiyi qəti və birmənalı mövqeyidir.
Xəbər 395 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR