Dağ kimi ADAM

Dağ kimi ADAM

Dağbəyi İsmayılovun 70 illiyinə sözardı



Dağbəyi müəllimi bir neçə ildir ki, yaxından tanıyıram. Daha öncə adını, imzasını, daşıdığı dəyərləri, yüksək mənəvi keyfiyyətləri haqqında həmkarlarım arasında gəzən söz-söhbətlərdən təsəvvürümdə yaratdığım obrazını tanımışdım. 
Tanıdım və Dağbəyi İsmayılovun şəxsiyyətinin bəlkə də mifləşdirilmiş obrazından dəfələrlə yüksəkdə dayandığının şahidi oldum. 
...Onun haqqında yalnız sevgiylə yaza bilərəm. Elə bu an, bu sətirləri yazdığım zaman kəsiyində elə xoş duyğulara bürünmüşəm ki, ayrılmaq istəmirəm. Dağbəyi müəllimin sadəcə adının çəkilməsi onu tanıyanların və tanıyaraq sevənlərin ata, qardaş və yaxud, sadəcə İnsan sevgisinə bürünməsi üçün yetərlidir. 
Bəzən mənə elə gəlir ki, Dağbəyi İsmayılov insanlığa olan inamın, etimadın itməməsi, xeyirlə şər arasındakı qırmızı cizginin ikincinin xeyrinə pozulmaması, qaranlığın işığı öz içində əbədilik əritməməsi üçün dünyaya gələn sonuncu maneələrdən, sərhədlərdən, dağlardan biridir. 
...Onun gəlişini göz yetən uzaqlıqdan sezmək olar, hətta silueti görünsə də belə... Dağbəyi İsmayılov qürur və sadəliyin birgəliyinin, həm də sevgi, anlayış və qarşılıqlı sayğı içərisində bir arada, bir bədəndə, bir canda olmasının unikal nümunəsidir. Onun uzaqdan, qaranlıqların içərisindən irəliyə doğru aramla adddımlayan siluetini görəndə, bəlkə də sadəcə hiss edəndə belə insanın bütün ovqatı dəyişir. Nə qədər yüklənsən də bir anlığa üzərindəki ağırlıqdan xilas olur, işığa, sevgiyə, şəfqətə bürünürsən. Dağbəyi müəllimlə istənilən mövzuda, həm də çox rahat, düşüncələrinə sərhəd və maneə qoymadan, fikirlərini süzgəcdən keçirmədən danışa bilərsən. Ağırlığın, səni narahat edən nə varsa bir anın içində onun işıqlı çöhrəsindən süzülən zərrələr arasında yox olub gedəcək və sanki dünyaya yenidən gəlibsənmiş kimi yüngülləşəcəksən... Dağbəyi İsmayılov sadəcə baxışlarıyla, təbəssümü ilə adama qanad taxır, yaşamaq eşqini, mübarizə əzmini zirvəyə qaldırır, haqlısansa getdiyin yola, haqlı deyilsənsə geriyə qayıtmağın mümkünlüyünə və doğruluğuna olan inamını artırır. 
Dağbəyi İsmayılov Vətənə təmənnasız, pafossuz, haysız-küysüz sevginin və xidmətin ən bariz nümunələrindən biridir. Hətta ən iddialı və hikkəli adam belə Dağbəyi müəllimi tanıdıqdan sonra addımbaşı gözə soxduğu, bərli-bəzəkli məcməyidə təqdim etdiyi xidmətləri haqqında danışmaqdan vaz keçir və bəlkə də... utanır. Dağbəyi İsmayılovun zərif, yüksək mənəvi keyfiyyətlərlə qol-boyun olmuş qürurunun mənbəyini də, düşünürəm ki, elə bu Sevgidə axtarmaq lazımdır. 
Dağbəyi İsmayılov şəhid atalarının Tanrının simvolizə etdiyi obrazıdır. 
Dağbəyi İsmayılov jurnalistikanın canlı məbədlərindən, əli öpüləsi babalarından, atalarından biridir... Dağ kimi Adamdır Dağbəyi müəllim! Dağ kimi!
70 yaşı qutlu olsun! Tanrı uzun və sağlam ömür versin! Versin ki, işıqla qaranlığın arasındakı cizgi ikincinin xeyrinə pozulmasın! 

Elçin Mirzəbəyli

Xəbər 1904 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR