Ceyhun Bayramov: "Regiondakı bütün əlaqələrin yenidən bərpa olunması nəzərdə tutulur"

Ceyhun Bayramov:

"Münaqişələr, uzun sürən xarici işğal və cavabdehliyin olmaması sülh və təhlükəsizliyi təhdid altına alır. Məmnuniyyətlə Şuraya bildirmək istərdim ki, Cənubi Qafqazda və ümumilikdə bütün Avropada sülh və təhlükəsizlik üçün təhdid olan, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin qeyri-qanuni işğalı sona çatıb. Azərbaycan, 30 ilə yaxındır ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini açıq-aşkar pozan Ermənistanın işğalı altında olan əraziləri üzərində nəzarəti bərpa edib. BMT-nin əsas orqanları tərəfindən qəbul edilən qərarların icrası beynəlxalq hüquq qaydalarının səmərəli və məsuliyyətli şəkildə həyata keçirilməsinin əsas yoludur".
Aktual.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.
O vurğulayıb ki, Azərbaycan öz suveren ərazisində hərəkət etmiş və suverenliyi, ərazi bütövlüyü, habelə mülki əhalisinə qarşı yönələn ciddi təhlükəni dəf etmək üçün zəruri olan adekvat və mütənasib tədbirlər görüb: "Azərbaycan Silahlı Qüvvələri beynəlxalq humanitar hüquqa ciddi şəkildə riayət edərək, yalnız legitim hərbi hədəflərə qarşı gücdən istifadə etmişdir. Hücumların miqyası və ardıcıllığı, habelə Ermənistan tərəfinin hərbi əməliyyatlardan əvvəl və onların gedişatında verdiyi bəyanatlar Azərbaycanın mülki əhalisinə və mülki infrastrukturuna qarşı hücumların əvvəlcədən planlaşdırıldığını və Ermənistanın cinayətkar hərbi strategiyasının bir hissəsi kimi həyata keçirildiyini bir daha sübut etmişdir".
"Ümid edirik ki, 44 günlük müharibənin başa çatmasından sonra yaranmış vəziyyət münaqişədən sonrakı yenidənqurma və bərpa, eləcə də dinc birgəyaşayışın bərpa olunması mərhələsi kimi xarakterizə olunacaq. Üçtərəfli bəyanat Ermənistanla Azərbaycan arasında təxminən otuz ilə yaxın davam edən silahlı münaqişəyə son qoyulması, məcburi köçkünlərin öz evlərinə qayıtması və nəhəng iqtisadi potensialın reallaşması üçün zəmin yaratmışdır. Regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin yenidən bərpa olunması nəzərdə tutulur. Bu, regionumuzun Asiya və Avropa arasında ticarətdəki rolunu gücləndirməsinə imkan yarada bilər", - nazir qeyd edib.
Xəbər 164 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR