“Cənab Prezident öz vətəndaşını göz bəbəyi kimi qoruyur” – Elşən Musayev

“Cənab Prezident öz vətəndaşını göz bəbəyi kimi qoruyur” – Elşən Musayev

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev "aktual.az”ın suallarını cavablandırır.

 

- Elşən müəllim, ilk sualım gündəmlə bağlıdır: koronavirus mövzusunun bu qədər şiddətlə irəliləyəcəyi proqnoz edilirdimi? Xəstələrin müsbət dinamika üzərindən ciddi artımı müşahidə olunur. Səbəb nədir sizcə?

- Səbəb bütün dünya dövlətlərində müşahidə edilən səbəbdir. Çünki ixtiyari pandemiyanın gedişat cədvəli, qrafiki var və o da təsnifat baxımından bəlli etaplara bölünür. İlkin dövr, pik dövr və eniş dövrü. Əvvəllər koronavirusun mahiyyəti belə anlaşılmırdı, bu haqda ciddi informasiya qıtlığı vardı, epidemiya geniş yayılmamışdı, həndəvər, çərçivə müəyyənləşməmişdi. İndi isə durum fərqlidir. İnsanların böyük əksəriyyəti anlayır ki, vəziyyət həqiqətən çox ciddidir. Artımın səbəbi isə ötən dövrlə müqayisədə daha çox insanın test edilməsi, xaricdən qayıdan və şübhəli xəstə qismində karantinə alınanların çoxluğu və nəhayət həm də ölkə daxili yoluxmadır. Bilirsiniz, bir qism – hətta mənim bəzi tandıqlarım da həmin kateqoriyaya aiddir, daha doğrusu aid idi – uzun müddət məlum virusu ciddiyə almadı. Haradansa eşidilən, oxunan populist fikirlər bir ara baş alıb getdi ki, guya yalandı, siyasətdi, qorxutma, neftin qiymətini aşağı salma cəhdidir və sair, ilaxır. Hərgah, belə düşünənlər zamanında özlərini və ətraflarını məlum qeyri-ciddi fikirlərdən təcrid etsəydilər, bəlkə indiki durum da fərqli olardı. Risk amili artıb, razıyam. Artıq proqnoz vermək olmur, bu da ayrı gerçəkdir. Fəqət, dövlətimiz və hökümətimiz də yerindədir, öz üzərinə düşən bütün vəzifələri lazımınca icra edir, tədbirlər görür - bunu da ayrıca vurğulamaq, təqdir etmək lazımdır. Qısa zamanda ölkədə tibb laboratoriyaları quruldu, süni tənəffüs - ventilyasiya aparatları gətirildi, qeyri-səhiyyə müəssisələri karantində olanların sərəncamına verildi, koronavirusa qarşı mübarizəyə dəstək fondu yaradıldı, imkansız ailələr üçün sosial yardım paketi hazırlandı, maska istehsal edən müəssisə açıldı. Əlqərəz, çox addımlar atıldı. Çox! Hər biri də vətəndaş rifahı və ölkə əhalisinin sağlamlığı üçün. Cənab Prezident bu çətin anlarda, kritik məqamda da öz vətəndaşını göz bəbəyi kimi qoruyur. Bütün imkanlar, limitlər və ehtiyatlar xalqın hüzurundadır. O arzu və minvalla ki, bu prosesdən maksimum itkisiz çıxaq.

- Virusa yoluxan çox olsa, xəstəxanalarımız bu yükü qaldıra biləcəkmi? Məsələn, İtaliya nəhəngliyində  dövlət bunu bacarmadı.

- İtaliya ssenarisini heç ağlımın uc nöqtəsində belə təsvir etmək istəmirəm. Siz də etməyin. Orada durum kritikdir, tam nəzarətdən çıxıb. Azərbaycan dövləti isə virusun ilk və bünövrə dövründən ciddi addımlar atmağa başlayıb. Dəqiqə, saat, gün etibarilə prosesi nəzarətində saxlayır. Üstəlik, xəstəxana və personal gücü də lazımlı səviyyədədir. Yəni, bilin ki, ən pis ehtimallar belə nəzərə alınıb və bu fikri bizə TƏBİB-in idarə heyətinin sədri, çox hörmətli Ramin müəllim də Milli Məclisdəki görüşündə xüsusi vurğu ilə dedi. Dedi ki, hər vəziyyətə hazırıq. Sadəcə arzu budur, əməli fəaliyyət o istiqamətə yönəlib ki, həmin qorxulu məqama gəlib çatmayaq.

- Koronavirusun xarici laboratoriyalarda yetişdirilmə ehtimalını bölüşürsünüzmü?

- İndiki vəziyyətdə ağıllı insanlar səbəbi deyil, nəticəni dəyərləndirməlidirlər. Təhqiqat aparmağa və "vanqalıq” eləməyə zaman yoxdur. Üzərimizə düşən vəzifələri toplum halında dərk edib müsbət, itkisiz sonuca doğru yön almalıyıq.

- Ala bilirikmi?

- Almışıq artıq.

- Milli Məclisin komitə iclasları "online”, Plenar iclasları isə canlı, ənənəvi keçirilir. Məntiqlə geniş zalda və çoxluq olan yerdə təhlükə, kontakt daha təhlükəlidir. Nə əcəb, belə qərar verilib?

- Plenar iclaslarda prosedur daha geniş və çoxşaxəlidir. Məlum iclaslar o zaman qanunverici əsasla təxirə salınacaq ki, artıq alternativ olmasın. Üstəlik, biz az qala hər iclasdan öncə yaxma üsulu ilə test edilirik  və bu intensiv prosedur Aparat əməkdaşları üçün də keçərlidir. Bunu da nəzərə alın. 

- Aparatın bütün işçıləri fəaliyyətinə davam edirmi?

- Bu haqda səhih məlumatım yoxdur.

- Yeni sədrin Parlamentdə kadr islahatları ilə bağlı verdiyi sərəncam medianın əsas diqqət mərkəzində olan mövzulardandır. Bu islahatlardan sonra sizcə nə dəyişəcək?

- Düşünürəm, sualın cavabı çox yaxın zamanda və özü-özlüyündə bəlli olacaq. Məlum kontekstdə bir tək onu deyə bilərəm ki, hörmətli sədrimiz, çox dəyərli Sahibə xanım yüksək idarəçilik qabiliyyəti olan peşəkar kadrdır, yerində olan adamdır, ədalətli insandır. Yəni, nəticə hər necə olursa olsun, olacaqsa olsun, bütün hallarda ən yüksək, ən pozitiv, ən düzgün, ən lazımlı təzahüratı özündə ehtiva edəcək. 

- Həmkarınız Qüdrət Həsənquliyev bu gün çox ciddi bir təkliflə çıxış edib. İnformasiya məkanında epidemiyaya qarşı mübarizəni çətinləşdirən şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı. Bölüşürsünüzmü onun fikrini?

- Qüdrət bəy dövlətini, millətini sevən çox dəyərli bir insandır. Onun narahatlığını bölüşürəm və təklifini dəstəkləyirəm. Müzakirəyə çıxarılsa həmin təklifi ən üst səviyyədə müdafiə edənlərdən biri də mən olacam. İnformasiya siyasəti, ələlxüsus da efir siyasəti həm də təbliğat vasitəsidir. İnsanlar bəzən efirdən örnək götürür, informasiya məkanında nəzər yetirdiyinin ən düz və lazımlı olduğunu düşünür. Virtual aləmdəki dezinformasiyalar, yalnış təbliğat aktları anındaca nəzarətə götürülürsə, bu mexanizm televiziyalarla bağlı daha mötəbər şəkildə işləməlidir. Həm də qanunverici əsasla. Ayrıca, madam ki, fürsət düşüb, onu da deyim. Bir baxırsan, hansısa kanalda böyük bir tamaşaçı kütləsi ilə veriliş çəkilir. Öz də canlı. Burada rejissorlar, operatorlar, canlı izləyicilər, qonaqlar. Hamısı bir yerdədir. Hardandir bu əminlik ki, onlardan kimsə virus daşıyıcısı deyil? Kim zəmanət verir buna? O gün azyaşlı qızım mənə deyir ki, ata bax, televizorda hamısı maskasızdı, 50 nəfər də bir yerdə, amma sən məni marketə belə aparmırsan. Və...mən bu yanaşmanın qarşısında cavab tapmağa acizəm. Çünki haqlıdır. Hərçənd, olmamalıdır  belə. Olmaz belə! Efir həm də siyasətdi. Eynən bayaq qeyd etdiyim kimi – həm də təbliğat vasitəsidir. Lokal müzakirələri demirəm, barı 30-50 adamın yığışdığı yerdə ya bir tədbir görülməlidir, ya belə kütləvilik olmamalıdır, ya da deyilməlidir ki, hamı yoxlamadan keçib. Hərçənd sonuncu variantı reallaşdırmaq fiziki cəhətdən mümkün deyil. Diqqət eləməliyik hər şeyə. Mütləq şəkildə. Hamılıqla!

- Nəhayət, son sual. Milli Məclisin aprelin 9-na planlanan iclasında fövqəladə vəziyyətə keçid qərarı gözlənilirmi?

- Gözlənilmir.

- Təşəkkürlər, müsahibə üçün.

- Buyurun, mən təşəkkür edirəm.


Xəbər 547 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR