Böyük KİŞİnin böyük OĞLU

Böyük KİŞİnin böyük OĞLU

Aydın Canıyev

Mən dostum Aqil Alışovun özünü və şəklini təbrik etməyəcəm! Çünki Aqil Alışov mənim üçün hər gün şəkli və özü ilə təbriklik bir anlamdadı!!! Onun ad günü 26 fevraldadı - Aqil də bütün azərbaycanlılar kimi (Qənimət Zahid və çetesi istisna olmaqla) öz ad gününü Xocalıya qurban verib və ad gününü mənimlə keçirib - əgər keçiribsə... o da mart ayının 1-də! 50 qəpiklik çay verilən çayxanada! Mən Aqilin yerinə olsaydım... 26 fevral da ad günüm, yüzəyüz inanın: ŞƏHƏRİN ƏN GÖRKƏMLİ YERİNDƏ, ƏN KƏHKƏŞANLI BUCAĞINDA VƏ ƏN TƏNTƏNƏLİ ŞƏKİLDƏ ad günümü keçirəcəkdim!!! Məhz ona görə ki:

1. Bu ölkənin Şuşası gedib - həyat davam edir!

2. Bu ölkənin Laçını gedib - həyat davam edir!

3. Bu ölkənin döyüşçü oğlanları ölüb... şəhid... olub - Allah rəhmət eləsin. 

4. Qarabağ yoxdur - "Qarabağ şikəstəsi" hər il oxunur...

5. Qarabağ yoxdur, daha qarabağlı dünyaya gəlmir, ancaq şairlər, yazıçılar Qarabağdan yazır, özü də arsız-arsız uduzmağımızdan, miskin şəkilə öldürülməyimizdən, zorlanmağımızdan.

6. ...

666. ...

VƏ mən 26 fevralda keçirəcəyim möhtəşəm ad günümün sonunda qışqıracaqdım - BİZ HƏLƏ DƏ ÖLMƏMİŞİK! Yer üzü bizi üstündə gəzdirdiyinə görə xəcalət çəkir. Nəinki 26 fevralda... 1 Yanvardan ta 31 dekabra qədər - cəmi dörd günü çıxmaq şərtiylə - 20 Yanvar, 28 may, 17 noyabr və 31 dekabrdan başqa...

Anlayan varmı???

Anlamırıq və anlamadığımızdan da Aqil Alışovun ad günü qara gəlir!!!

Və mən içimdə qırıla-qırıla qalıram - Aqil Alışov 20 omonçunun içinə özünü çırparaq dörd azərbaycanlını Moskvanın mərkəzində onların əllərindən diri çıxaran oğuldu!

Aqil Alışov Rusiya Federasiyasında eninə-uzununa Azərbaycanı təbliğ edən və bu barədə bir yerdə danışmayan oğuldu!

Aqil Alışov iki uşaq atası ola-ola, bu Vətənin çağırışına cavab olaraq, ailəsi ilə birgə döyüş bölgəsinə köç edən oğuldu - digərlərindən fərqli olaraq, jurnalistliyini "zurna"listliyə çevirib "ay aman, azad sözü boğurlar, jurnalistə təzyiq edirlər" şivənin salmayan oğuldu!!!

Və... ordudan qayıdandan sonra da yollar arayır ki... bundan sonrakı ömrünü də orduya həsr etsin!

 Bu gün üçün artıq Aqil Alışovun gəncliyi də geridə qalıb. Son 20 ildə Gəncliyini bitirənlər həm də GƏNCLİYİNİ İTİRMİŞ olanlardır. Amma Aqil Alışovun gəncliyindən gəncliyinə də ahıllığına da, qocalığına da, müdrikliyinə də, lap yeddi bel sonrasına bir dəyər qalacaq: Aqil Alışov onu böyük böyüdən kişinin böyük böyüyən oğludu! Harda Azərbaycan üçün ağlayan göz görsəniz - Aqil Alışovun gözləri bilin, harda Azərbaycan üçün döyüşə qalxan əl görsəniz, Aqil Alışovun əli bilin, harda Azərbaycan üçün "döyüş üçün, irəli!" sədası eşitsəniz, Aqil Alışovun harayı hesab edin!

Və Aqil Alışov Azərbaycan adına çabalarını baş qaxıncına çevirməyənlərdəndir - 2002-ci ildən bu yana DƏYİŞMƏZ QALAN Aqil Alışovla "Millətim", "Millətin səsi" və digər qəzet və daycestləri buraxanda mən elə bilirdim Aqil Alışov bu günün üstündə pafos sərgiləyir. Düz 12 ildir Aqil mənim PAFOS dediyimin HƏQİQƏT VƏ VƏTƏNPƏRVƏRLİK olduğunu nümayiş etdirir!

Və mən bu gün - heç bilmirəm neçə yaşı tamam olur Aqilin - 12 ilin peşində deyirəm: savaşın-mübarizən-xidmətin-qəzan mübarək, 12 yaşlı QƏHRƏMAN!

Böyük KİŞİnin böyük OĞLU!

SON SÖZ ƏVƏZİ: Mən dostlarımın övladlarının qələbəsinə sevinmişəm - bunu onlardan gizlətməmişəm və hətta çəkinmədən dostlarımın oğlanlarından yazılar da yazmışam. Arada mənə "bəs filankəsin oğlu filan yerdə oxuyur və yaxud da filan yerdə işləyir, niyə bir xoş söz demirsən" deyənlərə cavabımı da yerində bilirəm: hər kişinin oğlu kişi deyil, hər oğul da atası kimi kişi olamaz. Mən KİŞİ OĞLU KİŞİləri təbliğ və təqdir edirəm - Vətənin ehtiyacı onlaradı: yazıram ki... Vətən sevinsin!

Sağ ol, Aqil - Vətən sevindirən dost!
Xəbər 738 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR