“Bu qədər namərdlə eyni anda döyüşmək nə qədər çətinmiş, İlahi...”

“Bu qədər namərdlə eyni anda döyüşmək nə qədər çətinmiş, İlahi...”

Xankəndi paradı bəlli dairələrdə necə panika yaradıbsa, vaxt itirmədən hərəkətə keçiblər: Dezo şəbəkəsi gözlə görünəcək səviyyədə aktivləşib. "Washington Post”un missiyası təcili şəkildə "The Guardian”a dövr edilib. Bloqer qiyafəli avantüristlərə babat məbləğlər ötürülüb. "Fetoçu” ünsürlərə ələkçinin qıl verəni funksiyası həvalə olunub.
 
Hətta "Xankəndidə parad eləməklə fürsətcilləri daha da qıcıqlandırmadıqmı? Lazım idimi, bu bizə?”- ritorikası belə məlum mafiyanın ictimai rəyə soxuşdurmaq istədiyi provokasiya məhsuludur.
 
Ədalət qibləsi açılıb-bağlanmaqdan "sorvat” olan Qərb və Avropa hələ də fərqində deyil ki, istənilən problemi həll etməkdən daha rahat icra mexanizmi var: Həmin problemi yaratmamaq! Bölgədəki konfliktlərlə, münaqişə ocaqları ilə şantaj və diktə etmək üsulu artıq keçmişdə qalıb! Keçmir, belə şeylər indi. Makronun qulağına bir adam pıçıldasın ki, Paşinyana hansısa ölkədən torpaq qoparıb vermək ona qonaqlıq vermək qədər rahat iş deyil. Kanadanın tarixi faktlardan bixəbər naziri, kvartalda bir dəfə "Qubad rüzgarı” əsdirməyə çalışan ermənipərəst konqresmenlər, sülhün bərqərar olması üçün deyil, (məhz!) olmaması üçün çaba göstərən saxta "demokratlar”, 30 il ərzində 1 milyon qaçqının taleyinə biganə qalıb, Xankəndidən köçən 40 min erməniyə görə özünü lezvalayan saxta "Tereza ana”lar nəhayət bir həqiqəti anlasınlar ki, biz 44 günlük müharibədə sadəcə torpaq geri qaytarmamışıq, həm də bütün riyakarların maskasını yırtmışıq. Həm də elə yırtmışıq, yamaqla düzəlməz. Neynəsələr yenə deşik yerləri qalacaq, görünəcək, bilinəcək...
***
 
Bütün namərdlərlə eyni anda vuruşmaq, saxtakarları ifşa etmək, zərərsizləşdirmək, hamının əvəzinə düşünmək, qərar vermək, mənşəyi və xəritəsi bəlli olmayan dünya labirintində baş çıxarmaq, döyüşüb qalib gəlmək, həmin qalibiyyəti hər kəsə həzm etdirmək, təxribatlardan sığortalanmaq, ətrafda bu qədər enerji vampirlərinin var olmasına rəğmən yenə də güc toplayaraq irəli addımlamaq nə qədər çətinmiş, İlahi...
Xatırlayırsızmı, Şuşadakı festivalda Heydər Əliyevlə bağlı video-çarxa İlham Əliyevin reaksiyasını? Hətta kadrlarda rejissor-operator heyətinin həyəcanlı səsi də yer alıb: "Kamera. Tez! İri plan: Cənab kövrəlib..”
Həmin an Prezident nə düşünüb, onu təxmin etməkdə belə acizəm. Çünki biz Qarabağ müharibəsinin sadəcə görünən tərəflərinə şahidlik etdik və fərqində belə olmadıq ki, İlham Əliyev bunun üçün nələrdən keçdi, nələr yaşadı, kimlərin zəngini üzünə qapatdı, hansı hədələrin və şantajların qarşısında tab gətirdi, nə miqyasda riskləri gözə aldı...
 
Sadəcə tək bir şeyi əminliklə deyə bilərəm. O tabloda sükut belə danışır. O tabloda yorğunluqla rahatlığın qovuşması var. O tabloda Heydər Əliyevin "Gülüstan”da söylədiyi "Azərbaycan” şerinə möhtəşəm bir cavab var...  
***
 
Düşmənlər ayaq üstdədir. Onlar dayanmayacaqlar. Qapıdan qovacağıq, bacadan girməyə cəhd edəcəklər. Makronla uğraşarkən bir baxacağıq, hansısa kanadalı xokkeyçi itmiş "şayba”sını Bakıda axtarır. Alman nazirə verilən cavabın "kraska”sı qurumamış görəcəyik, İranın Ermənistandakı səfiri nəsə təzə "quş” buraxıb.
Ayrıca, "Qarabağ alınsa, qulaqlarımı kəsərəm” deyən oğlanlar, "İlham Əliyev Xankəndiyə ayaq bassın, oradan salam göndərsin, sonra üzrxahlıq edərik” söyləyib də sonradan verdiyi sözü u(nu)dan siyasi bomjlar, "Rusiya Paşinyanı cəzalandırmaq üçün Qarabağı bizə verdi” sərsəmləməsinə imza atan nadürüstlər də nə yazıq ki, hər zaman ortalıqda var-gəl edəcəklər.
***
 
Düz 60 il öncə Anatoli Falkoviçin canlandırdığı "İo Kio” obrazı hər kəsi "Sehirli xalat”la gələcəyə aparmışdı. İndi isə biz həmin gələcəyə real həyatda qovuşmuşuq. Biz indi həmin gələcəyə toxunuruq.
Biz artıq gələcəyin adamlarıyıq...
 
Hə, onun da fərqindəyəm ki, insan xisləti yaxşı və gözəl olan hər şeyi tez unutmağa, özü üçün adiləşdirməyə pərgardır. Amma lütfən, bu pərgarlığımız barı son 3 il üçün keçərli olmasın...
Xoşbəxtliyimizin və həmin xoşbəxtliyi bəxş edənlərin dəyərini bilək...
 
Elşən Musayev, 
 
Milli Məclisin deputatı. Demokratik Maarifçilik Partiyasının sədri.

Xəbər 745 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR