Bu məmurların maaşı ilə bağlı məsələ parlamentdə müzakirə olundu

Bu məmurların maaşı ilə bağlı məsələ parlamentdə müzakirə olundu

Ombudsman və Hesablama Palatasının sədrinin maaşı artırılır. 

Aktual.az qafqazinfo-ya istinadla xəbər verir ki, bununla bağlı "Hesablama Palatası haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Hesablama Palatasının sədri 3150 manat, Hesablama Palatası sədrinin müavini 2800 manat, Hesablama Palatasının auditorları 2625 manat məbləğində aylıq vəzifə maaşı alacaqlar. Hesablama Palatasının üzvlərinə hər ay vəzifə maaşlarının iki misli həcmində vəzifə maaşına əlavə ödəniləcək. Qüvvədə olan qanunda qeyd edilib ki, Hesablama Palatası sədrinin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin birinci müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir.

Hesablama Palatası sədrinin müavininin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir. Hesablama Palatasının auditorlarının aylıq vəzifə maaşı və digər təminatları Milli Məclisin komitə sədrlərinin aylıq vəzifə maaşlarına və təminatlarına bərabərdir. Hesablama Palatasının üzvlərinə bir aylıq vəzifə maaşı həcmində əlavə ödənilir.

Digər bir dəyişikliklə isə Hesablama Palatasının üzvlərinə əmək məzuniyyətinə çıxarkən müavinət verilməsinə dair müddəa da ləğv olunub. "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanununa dəyişikliklə də Ombudsmanın maaşı artırılır. Hazırkı qanunvericiliyə əsasən, müvəkkil 2230 manat məbləğində aylıq əmək haqqı alır. Müvəkkil məzuniyyətə çıxdığı vaxt onun müalicə olunması və istirahət etməsi üçün iki aylıq əmək haqqı məbləğində ona pul təminatı verilir.

Dəyişikliklə isə Müvəkkil 3060 manat məbləğində vəzifə maaşı alacaq. Bundan əlavə, Ombudsmanın aylıq vəzifə maaşının 1,65 misli həcmində vəzifə maaşına əlavə ödəniləcək. Qanunlara dəyişikliklər qəbul ediləcəyi təqdirdə 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək. Dəyişiklik layihələri müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib. 
Xəbər 305 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR