Bu gün müxalifət lideri də İlham Əliyevin alternativsizliyini etiraf edir

Bu gün müxalifət lideri də İlham Əliyevin alternativsizliyini etiraf edir

Bu gün xüsusi siyasi əhəmiyyəti olan bir gündür. Çünki düz 15 il bundan öncə, məhz bu gün - oktyabrın 15-də Ulu Öndərimiz Heydər Əliyevin layiqli varisi cənab İlham Əliyev "Mən hər bir azərbaycanlının prezidenti olacağam” deyərək bütün azərbaycanlılara səsləndi və böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının prezidenti seçildi.


Biz ötən 15 il ərzində dövlət və cəmiyyət olaraq olduqca böyük inkişaf yolu keçib gəlmişik. 15 il ümumdünya tarixi kontekstində çox kiçik bir zaman kəsiyidir, lakin gənc müstəqil Azərbaycan dövləti üçün çox uzun və fövqəladə əhəmiyyətli bir dövrdür, epoxadır. Biz bu 15 ili əsrə bərabər tarix kimi də dəyərləndirə bilərik. Əslində, 2003-cü ildən bəri yaşadığımız reallıqlar və dövlət başçısının rəhbərliyi ilə dəyişən, yeniləşən Azərbaycanın hər bir nailiyyəti "niyə məhz İlham Əliyev?” sualına ən dolğun cavabdır. İlham Əliyev 15 illik prezidentlik fəaliyyəti ilə 21-ci əsrin çağdaş siyasi liderinin mükəmməl obrazını yaratmağı bacardı. Dövlət idarəetmə təcrübəsinin məktəbini yarada bildi.

Dünya düzəninin pozulduğu, beynəlxalq münasibətlərdə siyasi əxlaqsızlığın və prinsipsizliyin baş alıb getdiyi, super güclərin öz geopolitik maraqları uğrunda xüsusi amansızlıqla didişdiyi hazırki mürəkkəb şəraitdə Azərbaycan kimi önəmli ölkənin sükanı arxasında inamla dayanmaq, ölkənin maraq və mənafelərini qətiyyətlə müdafiə etmək, qorumaq heç də hər siyasi liderin işi deyil. Bu gün Azərbaycanın mövcud siyasi liderləri arasında İlham Əliyevdən başqa heç kim bu çətin və məsuliyyətli missiyanın öhdəsindən gəlməyə hazır deyil. Bunu nəinki İlham Əliyevin öz komandasından olan şəxslər, hətta müxalifət strateqləri də etiraf etməli olurlar. REAL Partiyasının Məclis üzvünün bu günlərdə siyasi mühitdə şok effekti yaradan "Mən özümüzü hələ hazırlıqlı saymıram. Ona görə də deyirəm ki, tələsən yerimiz yoxdur. Çünki hakimiyyət bu gün çöksə, heç kəs hakimiyyətə gəlməyə hazır deyil. Heç kəs də hakimiyyəti saxlamağa hazır deyil. Ona görə də bu hakimiyyət bir müddət qalmalıdır ki, müxalifət təcrübə toplasın" açıqlaması heç də təsadüfi verilməyib. Bu açıqlama əslində bütün müxalifətin çarəsiz etirafıdır. Başqa sözlə desək, bu gün müxalifət lideri də İlham Əliyevin alternativsizliyini etiraf edir.

Mən iqtidaryönlü Demokratik Azərbaycan Dünyası Partiyasının sədri kimi cənab Prezidenti 15 illik uğurlu fəaliyyəti münasibətilə ürəkdən təbrik edir və ona Azərbaycanımızın daha böyük uğurlara imza atması yolunda başarılar diləyirəm!


Əlisahib Hüseynov - 
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri



Xəbər 299 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR