“Bəzi apteklərdə ciddi nöqsanlar var”

“Bəzi apteklərdə ciddi nöqsanlar var”

Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı AR Səhiyyə Nazirliyində geniş toplantı keçirilib. 

Aktual.az xəbər verir ki, nazirliyin struktur bölmələrinin, səhiyyə və tibb müəssisələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş iclasda səhiyyə naziri Oqtay Şirəliyev ölkənin sosial-iqtisadi inkişafının yekunlarına toxunub. Nazir Azərbaycanda pozitiv iqtisadi dinamikanın müşahidə olunduğunu, son altı ayın göstəricilərinə nəzər salarkən, bir çox nailiyyətlərin əldə edildiyini diqqətə çatdırıb.

“Yuxarıda sadalananlara baxmayaraq, ölkədə müəyyən məsələlərdə bəzi problemlər mövcuddur” deyən nazir, Nazirlər Kabinetinin iclası zamanı ölkə başçısının sosial-iqtisadi inkişafa maneçilik törədən, Səhiyyə Nazirliyini uzun müddətdir narahat edən məqamlara toxunduğunu vurğulayıb. Oqtay Şirəliyev bu barədə ölkə başçısına məruzə olunduğunu da qeyd edib və bildirib ki, bir neçə aydır İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə dərman sahəsində araşdırmalar aparılır.

Səhiyyə naziri Azərbaycanda bazar iqtisadiyyatının hökm sürdüyünü və dərmanların qiymətinə nəzarətin bazar tərəfindən tənzimləndiyi bildirib. Nəticədə isə bazar iqtisadiyyatı adı altında dərmanların üzərinə yüksək qiymətlərin qoyulması əhalinin haqlı narazılığına səbəb olub. Bu səbəbdən yeni maliyyə mexanizmi yaradılıb və bu ilin payızına kimi dərmanların qiyməti sahəsində olan problemlərin qarşısının alınması üçün bu layihənin tətbiqi nəzərdə tutulub. O.Şirəliyev layihənin tətbiqindən sonra vətəndaşların dərmanları daha rahat şəkildə ala biləcəklərinə əminliyini qeyd edib.

Nazir əhaliyə dövlət tərəfindən təqdim olunan dərmanların təminatında, onların keyfiyyətinin yoxlanılmasında, əvvəllər mövcud olan problemlərin aradan qaldırılması istiqamətində bəzi işlərin görüldüyünü xatırlatdıb. O cümlədən, Səhiyyə Nazirliyinin tərkibində dərman vasitələrinə nəzarət strukturu, Analitik Ekspertiza Mərkəzinin yaradıldığını, vahid resept blankına keçidi, dərmanların mərkəzləşdirilmiş qaydada müəssisələrə paylanması layihələrinin tətbiqini misal çəkib. Lakin müəyyən hallarda mərkəzləşdirilmiş qaydada səhiyyə müəssisələrinə əhalinin yararlanması üçün təqdim olunan dərman vasitələri ünvanına çatmır. Bəzi apteklərin fəaliyyətində ciddi nöqsanlar aşkarlanır. Müəyyən hallarda həkimlər xəstələrə təqdim etdikləri reseptlərə əsassız olaraq əlavə dərman preparatları daxil edirlər. Bu isə əhali kütləsinin haqlı narazılığına səbəb olur. Bütün bunlar yolverilməzdir və qarşısı mütləq alınmalıdır. Dərman preparatları sahəsində mövcud problemləri aradan qaldırmaq məqsədilə Səhiyyə Nazirliyi tərəfindən tədbirlər kompleksi hazırlanmış və tətbiq olunacaq.

İclasın sonunda nazir səhiyyə müəssisələrinə belə nöqsanların aradan qaldırılması üçün bütün zəruri addımların atılması tapşırığını verib.

 
Xəbər 535 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR