“Belə olmur e, əziz bacım, olmur belə...” – Elşən Musayevin yazısı

“Belə olmur e, əziz bacım, olmur belə...” – Elşən Musayevin yazısı

Belə olmur e, olmur. Kim nə deyirsə desin, vallah- billah olmur. Olmamalıdır. Bu yaşda ölünməz...

48 yaş ölümün deyil, yaşamın əhatə dairəsində. Belə yaşın faciəsini nə səbəb qəbul edir, nə əcəl, nə gərdiş, nə də qismət. Amma illah ki, ölməyi tərcih etdinsə, yenə də belə ölünməz, əziz bacım. Öyrətmədən, alışdırmadan, xəstələnmədən, xəstələnib sağalmadan, sonra yenə xəstələnmədən, qorxutmadan, həmin qorxunu adiləşdirmədən ölünməz.

10 il öncə feysbuk səhifəmdə atalar haqda paylaşdığım yazıya ilk reaksiyanı sən vermişdin: "Bütün atasızları ağlatdın, qardaş...”

Mən atasızları ağlatmışdım, gözəl bacım. Sənsə öz ölümünlə atalıları, analıları da ağlatdın. Sən balacadan böyüyə hamını ağlatdın. Sən – zamanında qədrini bilməyənləri belə ağlatdın...

***

2 ay öncə övladımın Universitetə imtahan verəcəyini söyləmişdim. Gündə ən az 5 dəfə zəng edib soruşurdu. Ki, balamızın işi necə oldu? Özünü oda-közə vururdu. Narahat idi. Hətta elə narahat idi ki, heç mən özüm o qədər narahat deyildim. Və bir dəfə dözməyib dedim, ay Qənirə xanım İnşallah hər şey gözəl olacaq, darıxma, bu qədər gərginləşmə. Qayıtdı ki, əgər onun bibisiyəmsə ən çox mən narahat olmalıyam da. Uşaq axı mənim qardaşım övladıdır.

Və mən...uşağın xoş xəbərini həmin xəbəri hamıdan çox gözləyən bibisinə verə bilmədim. Çünki o, Universitetə Qənirənin ölüm günü qəbul oldu..

***

Yaşamağa borclu idin, əziz bacım. Sənin bu həyatda 10 dəqiqə daha çox yaşaman 10 insanın probleminin həlli demək idi. 24 saat ərzində hər yerə çatırdın. Şəhid ailəsinə də, qaziyə də, seçicilərə də, mədəniyyət xadimlərinə də, iclaslara da, tədbirlərə də. Hətta özünü körpüdən atıb intihar etmək istəyən də son sözünü sənə deyirdi, hər şeyin yaxşı olacağını sənin dilindən eşitmək istəyirdi...

Sən yaxşılıq və xeyirxahlıq üçün heç bir zaman bəziləri kimi məşq etmədin. Demədin baxaram, çalışaram, sabah zəng edərəm, görüşəndə filankəslə danışaram. Dərhal dəstəyi götürüb harasa telefon açdın, sənə ünvanlanan insanların problemini kimliyindən asılı olmayaraq yerindəcə həll etdin, hamıya hansısa şəkildə dəstək oldun. Üstəlik, təmənnasız, ürəklə, sevə-sevə.

Mən indi anlayıram ki, sən hər yerə niyə bu qədər tələsirmişsən. Mən indi anlayıram ki, Tanrı sənin parlaq karyeranı niyə bu qədər sürətləndirib. Mən indi anlayıram ki, sən bir insanın ən yaxşı halda 1 ilə görə bildiyi işi necə 1 aya sığdıra bilmisən...

Yerin hər zaman görünəcək. Sadəcə bunu bil.

Sənin üçün darıxmamaq mümkün deyil...

 Screenshot_2.png (179 KB)

Elşən Musayev, Milli Məclisin deputatı

Xəbər 2433 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR