BAXCP Xoya görə İlham Əliyevə müraciət etdi

BAXCP Xoya görə İlham Əliyevə müraciət etdi

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Güney Azərbaycanın Xoy şəhərində baş verən zəlzələdən zərər çəkən soydaşlarımıza yardım göstərilməsiylə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
Aktual.az xəbər verir ki, müraciətdə Xoy şəhəri və ətrafında baş verən zəlzələlər nəticəsində yaşayış evlərinin əhəmiyyətli hissəsi dağıldığı bildirilib.
"Güney Azərbaycandan olan soydaşlarımızın açıqlamalarından və zəlzələ baş verən bölgədəki mənzərəni əks etdirən foto və video görüntülərdən belə anlaşılır ki, evləri uçulan insanların əhəmiyyətli hissəsi hələ də çadırlarla və yaşayış üçün gərəkli olan digər ləvazimatlarla təmin olunmayıb, şaxtalı qış günlərində açıq hava şəraitində yaşamaq məcburiyyətindədirlər.
Azərbaycan, hətta özünün çətin günlərində belə hər zaman, təkcə Güney Azərbaycanda deyil, yaxın və uzaq ölkələrdə yaşayan, təbii fəlakətlərin doğurduğu məhrumiyyətlərlə qarşı-qarşıya qalan insanlara xüsusi həssaslıqla yanaşıb, onların dərdlərinə şərik olub, yardımını əsirgəməyib. Bu çətin günlərdə yardımlarımızla zəlzələdən zərər çəkən soydaşlarımızın yanında olmaq hər bir azərbaycanlının mənəvi borcudur.
BAXCP əmindir ki, Azərbaycan Prezidenti Güney Azərbaycanda və İran adlanan ölkənin hüdudlarından kənarda yaşayan soydaşlarımızın müraciətlərini nəzərə alacaq, Xoy və ətraf ərazilərdə baş verən zəlzələlərdən ziyan çəkən insanlara yardım edilməsi üçün müvafiq göstəriş verəcək. Şübhə etmirik ki, ehtiyac duyulacağı təqdirdə Azərbaycan Respublikasının əksər vətəndaşları və dünya azərbaycanlıları da Güney Azərbaycandakı soydaşlarımıza dəstəklərini əsirgəməyəcəklər”, - müraciətdə bildirilib.
Xəbər 344 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR