BAXCP-dən ECRP-yə çağırış

BAXCP-dən ECRP-yə çağırış

"Ümid edirəm, ECRP və Aİ Ermənistanın siyasi partiyalarının, o cümlədən ECRP-nin üzvü olan "Çiçəklənən Ermənistan” partiyasının "Böyük Ermənistan” ideyasınadan əl çəkmələri, Azərbaycanın ərazi bütövlüyünü tanımaları, qonşularına münasibətdə ərazi iddialarından imtina etmələri, onlarla normal münsibətlər qurmaları üçün öz səylərini əsirgəməyəcək”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Avropada Mühafizəkarlar və İslahatçılar Partiyasının (European Conservatives and Reformists Party - ECRP) prezidenti Corcia Meloni (Giorgia Meloni) və baş katib Anna Fotıqaya (Anna Fotyga) ECRP-nin 10 noyabr tarixli bəyannaməsi ilə bağlı müraciət ünvanlayıb. Müraciətdə deyilir:
"ECRP-nin 2020-ci il, noyabrın 10-da Ermənistanla Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə imzalanmış atəşkəs haqqında birgə Bəyannamə barədə yaydığı açıqlamanı diqqətlə oxudum. Avropa İttifaqının tənzimləmə prosesindən kənarda qaldığana, Türkiyə və Rusiya hərbçilərinin sərhəd boyunca həyatın bir hissəsinə çevrilməsindən dolayısı narahatçılığınızı ifadə edirsiniz. Nəzərinizə çatdırmaq istəyirəm ki, Ermənistan Rusiyanın liderliyi ilə yaradılmış KTMT-nin üzvüdür, həmin ölkədə Rusiyanın böyük hərbi bazası olmaqla onun sərhədlərini də Rusiya Dövlət Sərhəd Xidməti qoruyur. Amma Qərb ölkələri bu günə qədər Rusiyanı Ermənistanın təcavüzkar siyasətinin təminatçısı kimi gördüyündən bu reallıq onları heç vaxt narahat etməmişdir. Türkiyəyə gəldikdə isə o Avropa İttifaqına üzvülüyə namizəd olmaqla NATO-nun, eyni zamanda münaqişənin həllinə kömək etməli olan ATƏT-in Minsk Qrupunun üzvüdür.
Atəşkəsin niyə yalnız Rusiyanın vasitəçiliyi ilə əldə olunması haqda onu deyə bilərəm ki, Avropa İttifaqının üzvü olan Fransanın həmsədr olduğu Minsk Qrupu heç vaxt işğalçı Ermənistandan BMT TŞ-nın işğal olunmuş Azərbaycan ərazilərindən erməni hərbi birliklərinin qeyd-şərtsiz çıxarılmasına dair 822, 853, 874 və 884 saylı qətnamələrinə icra etməyi tələb etməmişdir.
Bu müddət ərzində, təqribən 30 il, torpaqlarımızın 20 % (Dağlıq Qarabağ və ətrafındakı 7 rayon) işğal altında qalmış, bir milyon azərbaycanlı qaçqın bu gün də məşəqqətli bir həyat yaşamaqdadır. Erməni vandalları işğal olunmuş əraziləri tarixi və mədəni abidələrlə birlikdə tamamilə dağıtmış, işğal altında olan ərazidə ekoloji fəlakət yaratmışlar. İlkin hesablamalara görə, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və bu ərazilərdə həyata keçirilən vandalism aktları nəticəsində Azərbaycan Respublikasına və onun vətəndaşlarına 100 milyard ABŞ dollarından artıq ziyan dəyçişdir. Ölkənizin Azərbaycandakı səfirliyindən, Aİ-nin Azərbaycan nümayəndəliyindən bu barədə və Qarabağın, o cümlədən münaqişənin tarixinə dair ətraflı məlumat ala bilərsiniz. 
Qeyd edim ki, son vaxtlar Ermənistan 1949-cu il Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq, növbəti bir müharibə cinayəti törədərək Livandan gətirilən ailələr hesabına işğal altındakı ərazilərimizi məskunlaşdırmağa başlamışdı və bu proses intensiv şəkildə həyata keçirilirdi. 
Ermənistan isə bununla kifayətlənməyərək, öz hərbi cinayətlərini hərbi əməliyyatların getdiyi vaxtda da davam etdirdi. Azərbaycanın hərbi əməliyyatların getdiyi ərazidən kifayət qədər uzaqda yerləşən, hərbi təyinatlı obyektlərin olmadığı Gəncə, Bərdə şəhərləri və digər yaşayış məntəqələri ballistik raketlərlə, qadağan edilmiş kaset bombaları və ağ fosforlu mərmilərlə atəşə tutuldu. Nəticədə 94 mülki şəxs həlak oldu, 414 nəfər yaralandı, 512 mülki obyekt, 3410 yaşayış evi və 120 çoxmənzilli yaşayış binası yararsız hala düşdü.
Azərbaycanın bununla bağlı həyacan dolu çağırışlarına heç kim reaksiya vermirdi. Hamı Ermənistanın hərəkətlərindən məmnun kimi görünürdü. Ona görə də bizim BMT Nizamnaməsinə və BMT TŞ-nın qərarlarına istinad edərək güc tətbiq etməklə torpaqlarımızı işğaldan azad etməkdən başqa yolumuz qalmamışdı. 44 gün davam edən hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının Prezidenti dəfələrlə bəyan etdi ki, Ermənistan BMT TŞ-nin qətnamələrinə uyğun olaraq işğal etdiyi ərazilərdən çıxacağına dair bəyənatla çıxış edib, qoşunların hansı müddətdə Azərbaycan torpaqlarından çıxarılacağına dair cədvəl təqdim edərsə döyüşlər dərhal dayandırılacaqdır. Bu baş verərdisə heç Rusiya sülhməramlılarına da ehtiyac qalmazdı. Amma Avropa İttifaqının üzvü olan Fransa Ermənistana düz yol göstərmək əvəzinə bizi hədələməyə, Ermənistanı isə qızışdırmağa başladı və bununla da özünün tərəfsiz vasitəçilik missiyasını ciddi şəkildə şübhə altına aldı, əlini çoxlu əsgərin qanına batırdı. 10 noyabr tarixli atəşkəsdən sonra isə Ermənistanın Baş Naziri mətbuta verdiyi ilk açıqlamada etiraf etdi ki, Ermənistanın "bir qarış da olsun torpaq qaytarmamaq” siyasəti yalnış olmuşdur. Bunu Avropada hamı bildiyi halda heç kim bir müsəlman ölkəsinə görə Avropadakı zəngin erməni diasporu ilə münasibətləri korlamaq istəmədi, haqqın yanında dayanmadı. Ona görə də biz vasitəçi kimi neytrallığını qoruyub saxlamış Rusiyanın iştirakı ilə atəşkəsə nail olmaqla yüzlərlə, bəlkə də minlərlə insanın həyatını xilas edə bildik.
Ümid edirəm, ECRP və Aİ Ermənistanın siyasi partiyalarının, o cümlədən ECRP-nin üzvü olan "Çiçəklənən Ermənistan” partiyasının, bütövlükdə isə erməni siyasətçiləri və diasporunun "Böyük Ermənistan” ideyasınadan əl çəkmələri, Azərbaycanın ərazi bütövlüyünü tanımaları, qonşularına münasibətdə ərazi iddialarından imtina etmələri, onlarla normal münsibətlər qurmaları üçün öz səylərini əsirgəməyəcək. Bu zaman bölgədə xarici hərbi iştiraka ehtiyac qalmayacaq, 5 il müddətinə gəlmiş Rusiya sülhməramlıları iaə öz vətənlərinə qayıdacaq, bölgə sürətlə inkişaf edəcəkdir. 
Sonda onu da qeyd etmək istəyirəm ki, bu münqişəyə ECRP-nin münasibət bildirməsinin zəruriliyini əvvəllər ECRP-nin Şura iclasında qaldırsam da "bu işlə Minsk Qrupu məşğul olur” deyilərək, təəssüf ki, lazımi reaksiya verilməmişdir”.
Qeyd edək ki, ECRP noyabrın 10-da Ermənistanla Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə imzalanmış atəşkəs haqqında Bəyannamə yayıb. Bəyannamədə deyilir: "Ermənistanla Azərbaycan arasında sülh nizamlanmasının imzalanmasından sonra Dağlıq Qarabağda hərbi əməliyyatların bitdiyini təsbit edirik. Bununla birlikdə, Rusiya Federasiyasının bu danışıqlarda iştirakı və Rusiya əsgərlərinin iki ölkə arasındakı sərhəddə yerləşdirilməsindən dərin narahatlığımızı bildiririk.
Avropa İttifaqı və digər qərb dövlətlərinin razılaşmanın əldə edilməsi üçün kifayət qədər sürətli bir şəkildə hərəkət etməməsi və nəticədə bizə düşmən bir gücün iştirakı ECRP-ni çox təəssüfləndirir. Rusiyanın Ermənistan və Azərbaycan arasındakı sülhdə iştirakı bir daha özünü geopolitikanın kənar xəttlində oturmağa yönəltmiş Avropa İttifaqı üçün böyük bir xəcalət səbəbi olmalıdır.
ECRP eyni zamanda bu müqavilənin kövrək bir bölgədə siyasi sabitlik üçün nə məna kəsb etməsinə dair narahatlığını dilə gətirir. Artıq Türkiyə və Rusiya qoşunları sərhəd boyunca mövqe almaqdadırlar. Ümid edirik ki, daha məqbul və qalıcı bir həll tapıla bilər.
Əlavə olaraq, müqavilə imzalandıqdan sonra baş verən iğtişaşlardan sonra Yerevanda insanları sakitliyə çağırırıq. Vəziyyəti izləməyə davam edəcəyik.
Avropa Mühafizəkarlar və İslahatçılar Partiyası olaraq İttifaqımızda həm Ermənistandan, həm də Azərbaycandan üzv partiyalar var”.
Xatırladaq ki, BAXCP 2015-ci ildən Avropa Mühafizəkarlar və İslahatçılar Partiyasının üzvüdür.

Xəbər 471 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR