Bakının 3 yaşayış massivində yol yenidən qurulur

Bakının 3 yaşayış massivində yol yenidən qurulur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xəzər rayonunda genişmiqyaslı işlər həyata keçirilir.

Bu barədə Aktual.az-a "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən xəbər verilib.


Məlumata görə, Xəzər rayonunda görülən işlər vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə problemlər yaranan qəsəbədaxili yollarını əhatə edir. Hazırda bu çərçivədə 24 km uzunluğunda bir-neçə yolda təmir-tikinti işləri gedir. Söhbət rayonun 3 yaşayış massivinin yollarından gedir. Bu "Badam bağları”, Südçülük sovxozu” və "Binə aqrokompleksi” yaşayış massivləridir.

Layihəyə uyğun olaraq, yolların mövcud örtüyü sökülərək kənara daşınıb, deformasiyaya uğramış hissələr qazılaraq çıxarılıb, karxana qruntu ilə əks-dolğu işləri görülüb və kipləşdirilib, torpaq yataqları avtoqreyderlə profilə salınıb, lazımi hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından istifadə olunmaqla əsasın tikintisi işləri görülüb. Bu işlər ümumilikdə 160 min kv.m-dən çox sahəni əhatə edib.

Hazırda "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun asfaltlanması işləri də aparılır. Belə ki, yol örtüyünün alt və üst layı 12 sm hündürlüyündə iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilir. Bu çərçivədə yollar boyu örtüyün alt layının döşənməsi işləri yekunlaşmaq üzrədir.

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yollar boyu yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.

Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Cari ilin əvvəlindən Xəzər rayonunun 6 qəsəsi üzrə vətəndaşların ümumi istifadəsində olan və payız-qış mövsümündə gediş-gəlişdə çətinlik yaşanan torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılan təmir-tikinti işləri çərçivəsində artıq ümumi uzunluğu təqribən 25.5 km olan 22 adda küçənin 180 min kv.m-dən çox sahəsində təmir-bərpa işləri aparılaraq yekunlaşdırılıb.

Təmir-tikinti işləri çərçivəsində zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçə profilə salınıb, optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və asfaltlanma işləri görülüb.
Xəbər 233 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR