Bakıda keçmiş polis əməkdaşına ağır cəza verildi

Bakıda keçmiş polis əməkdaşına ağır cəza verildi

Bakıda qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən İbad Quliyevə hökm oxunub və o, doqquz il müddətinə azadlıqdan məhrum edilib.

"Report”un xəbərinə görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, hadisə 2021-ci ilin fevral ayında paytaxt ərazisində qeydə alınıb.

Belə ki, narkotik vasitənin istifadəçisi olan İ.Quliyev müalicə aldığı Respublika Narkoloji Mərkəzində Ehtiram Hüseynov və Ağa adlı şəxslə tanış olub.

Bir müddət sonra Ağa ilə Ehtiram arasında mübahisə yaranıb. Mübahisəyə səbəb Ağanın mobil telefonunun və elektroşok cihazının itməsi olub. Ağa buna görə E.Hüseynovdan şübhə etməyə başlayıb.

Sonuncu dəfə onlar Respublika Narkoloji Mərkəzində metadon suyu qəbul etməyə gələndə Ağa ilə Ehtiram yenidən mübahisə edib. Ağa telefonunu və elektroşokunu tələb edib. Ehtiram isə onda olmadığını deyib və Ağanı təhqir edib.

İ.Quliyev ifadəsində deyib ki, mübahisəyə müdaxilə edərək onları sakitləşdirmək istəyib. Bu zaman Ehtiram onu söyüb. Daha sonra o, E.Hüseynovun boğazına yumruqla bir zərbə vurub. Həmin vaxt Ehtiramın qıcolması tutub, yerə yıxılıb və başı asfalta dəyib. Üzünə su vurduqdan sonra Ehtiram ayılıb, amma halsız vəziyyətdə olub. Sonra üçü birlikdə şəhəri gəzməyə gediblər. Növbəti gün onlar Ehtiramı başqa tanışları ilə evə yola salıblar. Həmin gün də Ehtiram ölüb.

İstintaq orqanı tərəfindən İ.Quliyevin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, İ.Quliyev 2008-ci ildən 2015-ci ilə qədər Yasamal Rayon Mühafizə Polisində polis nəfəri vəzifəsində işləyib.
Xəbər 415 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR