Nəsimi rayonu ərazisində törədilmiş qətlin üstü "isti izlər”lə açılıb.
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Trend-ə verilən məlumatına görə, noyabrın 6-da paytaxtın Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, 81 saylı ünvanda baş vermiş yanğın saat 09:30 radələrində söndürüldükdən sonra həmin evdə yaşamış, 1941-ci il təvəllüdlü Tamilla Axundovanın üzərində bıçaq xəsarəti olan yanmış meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında Bakı şəhər, Nəsimi rayon prokurorluqları və polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər aparılmışdır.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış və müvafiq ekspertizalar təyin edilmişdir.
Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin T.Axundovanın nəvəsi, 1994-cü il təvəllüdlü Eldar Əfəndiyev tərəfindən tamah niyyəti ilə törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
Hazırda cinayət işi üzrə Bakı şəhər prokurorluğunda zəruri istintaq tədbirləri davam etdirilir.
Aktual.az
Xəbər 654 dəfə oxunub.