Babəkin oğulları, Zərnisənin qızları..

Babəkin oğulları, Zərnisənin qızları..


Aydın Caniyev

Rəhmətlik Məmməd Aslanla gec dostlaşdıq, tez ayrıldıq. Amma Azərbaycan dilinin şəhdi-şəkəri bal kimi süzülən dilində həm də bir  həyat yanğısı-acısı vardı. Fikirləri düşünüdürücüydü bu həqiqi türk kişisinin, türk sevdalısının. Çox söhbətlərimiz olub, amma mən onun dilindən səslənən bir sualı xatırladım bu günlərdə: niyə analar indi Koroğlu doğmur?

Çox latayır cavab vermişdim: kişilər indi fahişəyə də "can" deyir, Koroğlu, Nəbi hardan doğsunlar bu kişilərdən? Kişilər indi bəy-xan qabağında dızıdır, hardan Babək çıxsın qoyduqları yerdən?..

Küsmüşdü...

Nə mən bildim Məmməd müəllim o niyə haqqında nə düşünür, nə o mənim dediyimlə razılaşdı.
Unutmuş kimiydim xalqın özünə ünvanlanan bu sualı. Bu yaxınlarda bir videoya baxdım. Nəvəmin çabalarına. Qızım onu həvəsləndirirdi: "polzay, polzay!"
Mənim qızım uşağını "iməkləməyə" təhrik edirdi!
Bu... mənim üçün dəhşətli bir şey oldu!
 
***

- Bizim oğlumuz olsa, 10 yaşında Moskva Dövlət Universitetində oxuyacaq!
- Oğlumuz olmasa, qızımız olsa bəs?
- Ona Söhrab Tahirin "Daş ürək" hekayəsini oxudub anlatmaqdan başqa heç nəyə ehtiyac olmayacaq!
- 10 yaşında uşaq necə MQU-da oxuya bilər ki?
- Makedoniyalı İskəndər 10 yaşında sərkərdə idi və 33 yaşında məğlubedilməz üç fatehdən biri kimi dünyadan köçdü.
- ?
- Sən onsuz da anlamazsan. Yeyib-içib, bəzənib düzənib, poza verib şəkil çəkdirməkdən başqa əlindən də heç nə gəlmir, ağlından da. Makedoniyalı İskəndərin repetitorlarının başında Aristotel olsa da, indi dünya Yeddi Müdrikin əsərlərinə, Napoleon, Suvorov, Çingiz xan, Atilla kimi sərkərdələrin döyüş və hərb strategiyalarına, Seneka, Balzak, Çörçill, Şarl de Qoll, Kissincer kimi dövlət xadimlərinin, Nizaminin, Füzulinin, Ruminin, Servantesin, Şekspirin, Molyerin, Robespyerin, Dantenin, Blokun töhfələrinə sahibdi! İndi kompüterin belə uda bilmədiyi Kasparov təfəkkürü-gedişləri-öncəgörmələri var. Bəs eləmir ki? Sadəcə, indi atalar-analar Babəkin oğullarını böyütməklə məşğuldurlar. Zərnisənin qızları oğul tərbiyə edir.
Mən onda Məmməd Aslana deyə bilməmişdim bunları - təcrübəm çatmamışdı.
Sonra... mən 10 yaşında oğlunu MDU-da (Kembirc, Oksford, Yel, Tartu, Berlin universitetləri sonradan əlçatar oldu) oxutmağa həm də atayla bərabər ananın da təfəkkürlü, düşüncəli, qlobal düşüncəli olmasının vacibliyini anladım.
30 ildi o ağılla, o meyarla baxdım qadınlara. Təkcə bu yaxınlarda elə birinə rast gəldim. Təəssüf ki, mənə də çox gec idi, ona da...
10 yaşında oğulun MDU tələbəsi, ibn Sinalığı, makedoniyalıiskəndərliyi Azərbaycan kimi ölkələr üçün çox vacibdir!
Bizdə analar cinsi oğul olanı doğur və... oğul böyüdə bilmir!
Analar istəyir oğlu olsun, oxusun və vəzifəli, varlı olsun - təhsilin anlamı bu! Əgər təhsil oğlu üçün deyilsə, banditliyini də, narkobaronluğunu da - dolayısıyla "biznesmen"liyini də məqbul sayır!
Odu oğullar Babək ola bilmir! Cılxa Babəkin oğlu olur!
BDU-nun tarix (!!!) fakültəsini bitirən qızım oğluna "iməklə" deyir, iməkləsə sevinəcək!
Amma atası... "otuz il tuluqda zeytun satan kişinin oğlu" otuz ildi vuruşur, barışmır, sağlamlığını, ailəsini, ömrünü itirib, nümunə olub!   
Amma atası... heç vaxt ona "iməklə, iməklə" deməmişdi! "Qalx, özünü çatdır divana (stula, termoya, şifonerə), dur ayağa, ayaq üstə dur" demişdi!
Mənim qızım belə düşünməliydi, belə yanaşmalıydı oğluna! Amma və lakin... yenə də sağ olsun ki, Söhrab Tahirin "Daş ürək" hekayəsini anlayıb, atasını bu baxımdan şad edə bilib. 
İnsan iməkləməz, sürünməz - yaşından asılı olmayaraq, düşüncədə bu söz-fikir olmamalıdı! Ac qalmaq, kasıb olmaq sürünmək deyil! Həyatla çarpışmaqdı! Həyat həm də yeyib-içib, bəzənib-düzənib, poza verib xoşbəxtlk görüntüsü yapmaq deyil!
Həyat düşüncənlə, əməllərinlə gözəl görünməkdi... insanların təfəkküründə, xəyallarında, arzularında!
Mənim TARİXÇİ QIZIM jurnalist dədəsindən AĞILLIDI - o universitetdən sonra kollecdə farmasevtlik oxumaq zülmünə qatlaşır qürbətdə!
O bu həyatda HAMI kimi yaşamaq istəyir və bu həyatı yaxşı yaşayanlara uduzan atası kimi uduzmaq istəmir! Bütün analar kimi!
Bütün anaların içində isə... KOROĞLU böyüdə bilən nümunə yoxdu! Koroğlu olmayacaq! Artıq Babəkin oğlunu böyüdən Zərnisənin qızları indi Koroğlunu homoseksual, pedofil çıxarmaqla məşğuldurlar, Nizamiyə barmaq eləməklə, üzr istəyirəm, barmaq uzatmaqla qəhrəmanlıq edirlər, 17-ci əsrdə Yekaterinanın qəhbə olmağına aid anekdot danışır, amma evindəkindən-qucağındakından xəbəri yoxdu.
Zərnisənin qızlarının içində təkgöz Börümən (və yaxud da Bərumənd) yoxdu!
Zərnisənin qızlarının içində Şarl de Qollun anası ola biləcək qadın yoxdu!
HAŞİYƏ: Alman düşərgəsində əsir olan Şarl de Qoll altı dəfə cəhd edir qaçmağa, lakin uzun boyu onu ələ verir, amma axır ki, qaçır və Milli Müxalifət hərəkatını yaradır. Fransız xalqına müraciət edir. Bunun təxribat olmadığına yəqinlik üçün anasını çağırırlar və səsini eşitdirirlər. Anası çıxışı-müraciəti dinləyir və əminliklə deyir: "Bəli, bu mənim Şarlımdır!"
Şarl, İskəndər böyütmək lazımdı!
Bizim kasıb azərbaycanlı ailəsindən çıxıb DİN polkovniki rütbəsinə yüksələn Hacı Məmmədovumuz killer olur, akademikimizin ailəsindən Eldar Mahmudov çıxır!
Bizim "cəlilməmmədquluzadələrimiz" də bunu lağa qoymaq məharətlərini nümayiş etdirirlər!
Hər gün 50-ə qədər ailə dağılır - "alınmadı, ayrılın sakitliklə!" tendensiyası, gender bərabərliyi sərgilənir!
Bu xalq bu gedişlə fərqinə varmır! Fərqinə varmır ki... bir kvadratmetr torpaqda alma da, əncir də, pomidor da, sarımsaq da, bibər də bitən torpağa baxıb bir az düşünsünlər: Azərbaycanda "əkdiklərinizin barı" nə olacaq? Fərqinə varılmır ki... millət öz sonuna dəstək olur!
Mən bir az da sərtləşib yuxarı eşalona replika atmaq cəsarətimin boynuna tula bağlayıb buraxıram Küdrü düzünə. Çünki mənim yazdıqlarım onların heç harasına deyil, olmaz, nəinki mövqeləri, heç tükləri də tərpənməz.
Düşünməli olanlar onlar deyil...
 
***

"Yarımın altında inomarka var...
De görüm, a ceyran, niyə naz edirsən?"

Bu mahnının sözləri ayrı cürdü, amma dostum mənə zəng edəndə bunu oxuyurdu və mən dinləməyə məcbur idim.
Deməli, iki dövlət idarəsini ayıran küçənin ortasında bir xanımla onun maşınında oturmuşam, sən demə, 14-cü mərtəbənin pəncərəsindən baxan dostum görür ki, mən xanımın əlindən tutmuşam. Başlayır zəng eləməyə. Götürmürəm. Necə götürüm ki, əlimi bu xanımın əlindən, indicə ona Ayaz Şıxalıoğlunun şeirindən "ağappaq əllərin bir cüt göyərçin, bir cüt isti qanad mənim bəxtimə" misralarını pıçıldamışam, ekstaz momentinin pikidi, dosta cavabınmı yeridi...
Nəhayət, dost 127-ci dəfə (!!!) zəng vuranda hirslə cavab verdim:
- Eşidirəm...
- Hardasan?
-Buzovnada...
-Yaxşı, şəhərə gələndə xəbər elə.
Bununla da telefonda yalan cavabı tövbə elədim, çünki axşamüstü dostla görüşəndə başladı oxumağa:
- Yarımın altında inomarka var, de görüm, a ceyran, niyə naz edirsən...
- Başa düşmədim!!!
- A kişi, Rəsul Quliyevlə pəncərədən sənə tamaşa edirdik, sən də deyirsən Buzovnadayam. Demirdin yalan danışmaq belədi, elədi, yalan danışmısan, gizlədə də bilməzsən, iki göz məndə, iki göz də spikerdə, əllərinizin seyrini vururduq! İndi cəzanı çək!
Bu maşınlı gözəli də yadıma elə Məmməd Aslanın sualı saldı!
Analar oğullarına vətən sevgisi aşılamır, mikrofon görəndə vətənin ana obrazı kimi bədii ifadəsi ilə alver olunur. İndi doğrudan da qadın və vətən sevgisi elə gündədi ki, ana sevgisi də erroziyaya, korroziyaya uğrayıb.
Niyə?
Deyim...
Azərbaycanın qərbinə 500, şimalına 350, cənubuna 325, şərqinə 26 kilometr eninə-uzununa bu "inomarka" ilə gəzəndə mənə böyük sevgidən danışan xanıma hər gün axşam ondan ayrılandan sonra yazıb səhər saat 8-də əlbəəl təqdim etdiyim sevgi məktublarından əlavə şagird dəftərinin 2 vərəqinə - 4 səhifəsinə bircə "mən səni sevirəm"dən ibarət naməni də verdim.
Baxdı: "Mən Səni sevirəm. mən səni Sevirəm. Mən səni sevirəm. Səni mən sevirəm. səni Mən sevirəm. səni mən Sevirəm".
Vərəqləri çevirdi, səhifələrə gözucu və sürətlə baxdı və dedi:
- Niyə qışqırırsan? Hərfləri böyük, balaca yazmağın nə anlamı var ki? Bir dəfə yazsan, bəs edərdi də. Nə ehtiyac vardı ki, 2 vərəq yazmağa?
... Maşın Küdrü düzündən ötürdü!
İşləyəndə əllərimə kotan, dalaşanda qılınc, yazanda qələm deyən xanım o dörd vərəqdə nə kotanı gördü, nə qılıncı, nə qələmi. Bunu uddum. Qırılmayım deyə sual etdim:
- Sənə maraqlı deyil neçə dəfə yazılıb?
- Doldurmusan dörd səhifəni "mən səni sevirəmlə"
- Sən məni sevirsənmi?
- Hə. Ehtiyac var deməyə. Hər dəfə deməyin nə mənası var ki?
- Doğrudan, elə düşünürsən?
- Hə...
- Saxla maşını!
- Trassın ortasında niyə saxlayım ki?
- Saxla!!! Düşürəm!!!
- Dəlilik eləmə!
- Saxla!!! Mən düşürəm və sənə zəng edirəm, sənsə sürə-sürə sürdüyün ömrümdən uzaqlaşırsan, rədd olursan, itilirsən, yoxa çıxırsan, qeybə çəkilirsən. İzahını telefonda danışanda verəcəm!
Düşdüm. Mən Küdrü düzüylə piyada yeriyə-yeriyə, "yarım" isə altındakı "inomarka" ilə məndən və ömrümdən uzaqlaşa-uzaqlaşa ona düşündüklərimi dedim:
- Sən o yazılışdakı intonasiyanı tutmalıydın, hər dəfə yazılandakı fərqi tutmalıydın, ən azından neçə dəfə yazıldığını saymalıydın. Sən söz adamı kimi aparırsan özünü, sevgi şeirlərindən, hekayələrindən, romanlarından danışırsan, amma inan ki, Gəncə kənd təsərrüfatı texnikumunun, insitutunun yox ha, baytarlıq fakültəsində oxuyan mal həkimindən də uzaq olduğunu nümayiş etdirdin. Sən təsəvvür etməkdənsə ki, hər dəfə yazanda mən səni düşünmüşəm, o sözləri tələffüz eləmişəm, intonasiyaya fikir vermişəm, vurğunu hecaların hər birində sınamışam, sənə hisslərimi daha necə gözəl çatdırmaq barədə düşünmüşəm və səhərin açılmağını gözləmişəm ki, Bakıdan Tovuzacan yolda oxuyarsan, üzündəki təbəssümü, ürəyindəki fərəhin təsdiqini büruzə verən gözlərini, dodaqlarının səyriməsini, əllərinin istilənməsini, saçlarının xumarlanmasını, ayaqlarının suyunun qaçmasını, maşını yolun qırağına çəkib pörşələnən ciyərinə bir içim su çəkməyini seyr edəcəm. Və... sənin sevginə görə sənə ömrümün anlarından illərinə qədər hədiyyə etməyimdən qürur duyacam. Səni sevməyimi sevəcəm. Səni dinləməyimi sevəcəm. Sən 234 dəfə müxtəlif formada yazdığım "mən səni sevirəm"i söz kimi oxumağı bacarmadın, saymağı bacarmadın, mənim kimi dəlini 24 saat sevməyi necə bacaracaqsan? Sevmək ağrıdı, hissdi, yaşamdı, saymaq iş. Sən sevdiyin adamın işini qiymətləndirə bilmirsən, bu qədər laqeydsən, dünyasını, ruhunu necə dəyərləndirərsən?
- Sən dəlisən!
- İstəyirsən gedək Maştağaya, oranın pasiyenti də olum...
- Sən nankorsan!
- Düz deyirsən!
- Sən parazitsən!
- Minnətdaram!
- Sən mənim kostyumlarımı oğurlayıb satan miskinsən...
- Kostyumlarını yox, büstqalterini, alt geyim dəstlərini London birjasının auksionunda hərraca qoyub, iki milyon dollar almışam, qızlarımı oxutmuşam, dədəmi xaricdə müalicə elətdirmişəm, anamı sanatoriyaya göndərmişəm, qalan pula da dədənlə anana başdaşı qoydurmuşam Küdrü düzündə!
- İyrənirəm səndən! Qurbağaya oxşayırsan...
- İyrəndiyi, qurbağaya oxşatdığı adama ömrünün dörd ilini sərf edən qadından saxtası varmı bu yer üzünün? Az danış, qoy Küdrü düzü saf qalsın - sənin kimi ifritənin varlığından xəbərsiz olmağı daha məsləhətlidi!
***
Hər gün sevdiklərinə sevirəm demək işdi! Bir qadının (kişinin) sevgisini qorumaq üçün ən sadə və asan iş!
Bunu bacarın və sonra böyük sevgidən danışmağı düşünün!
Böyük sevgi:
- xəstə ərin (qadının) yanından, yatağının başından əskik olmamaqdı;
- kişinin (qadının) geyim-gecimi, bəzək-düzəyi, səliqəsi, məğrur addımıdı;
- hər günkü məişət qayğılarının həllidi;
- elin xeyir-şərində layiqincə iştirakdı;
- uikendlər, gəzintilər, səyahətlərdi;
- kişinin (qadının) valideynlərinin, qardaş-bacılarının, qohum-əqrəbasının qarşılanması, yola salınmasıdı, qayğılarının çəkilməsidi;
- ilk növbədə isə, seçdiyin kişini (qadını) başuca eləməkdi!
Heç bir halda ehtiras deyil, hərçənd "bütün müharibələr faciəlidi, ən faciəlisi yataqdakı müharibədir" (L.N.Tolstoy), baxmayaraq ki, hər şey bu müharibəni uduzmaqdan başlayır kişi (qadın) üçün.
***
Hardasan, igid Koroğlu, ser Çörçill, müsyo de Qoll, cənab Çingiz xan?
***
İllər keçib, həqiqətən düşündüklərimi reallaşdırmaq istədiklərim baş verməyib və acı bir mənzərə var beynimdə: oğul dediklərimiz oğul da ola bilmir, kişi də. Zərnisənin böytdükləri isə Buğday olur!
Babəklər isə istər-istəməz edam kürsüsünə çıxası!

***

Sevməyi bacarın! Bəlkə... alındı!

Aktual.az








Xəbər 1293 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR