“AzerGold” qızıl hasilatını artırıb

“AzerGold” qızıl hasilatını artırıb

Bu ilin 10 ayı ərzində"AzerGold” QSC-nin qızıl hasilatında artım qeydə alınıb.


QSC-dən "Report”a verilən məlumata görə, artıma əməliyyat proseslərində optimallaşdırma tədbirləri sayəsində nail olunub.

Belə ki, 2018-ci ilin on ayı ərzində hasilat ötən ilki göstəriciləri üstələyərək 36 632 unsiya təşkil edib. Ümumilikdə, 2018-ci il üzrə "AzerGold” 45 min unsiya qızıl hasil etməyi planlaşdırır ki, bu da ötən ilin analoji göstəricilərindən 33% çoxdur. Bildirilib ki, hazırda hasilat işləri plana uyğun davam etdirilir.

İstismar olunan mədənlərin ehtiyatlarının artırılması və yeni yataqların istismara cəlb edilməsi məqsədi ilə genişmiqyaslı geoloji-kəşfiyyat işləri həyata keçirilir.

Bu il Daşkəsən rayonunda yerləşən "Çovdar” yatağının sulfid filizlərinin ehtiyatlarını artırmaq məqsədi ilə ümumi dərinliyi 6 min metr təşkil edən 32 kəşfiyyat quyusunun qazılması tamamlanıb. Kəşfiyyat işləri çərçivəsində toplanmış məlumatlar beynəlxalq məsləhətçi şirkət olan "Micon International” tərəfindən layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasında istifadə olunacaq.

"AzerGold” QSC-nin geoloqları tərəfindən bu il aşkarlanan "Ağyoxuş” potensial perspektivli məxsusi qızıl sahəsindən alınmış müsbət nəticələr əsasında iyun ayından etibarən yoxlama–qiymətləndirmə xarakterli buruq-qazma işlərinə başlanılıb.

"Çovdar” yatağının uzaq cinahları olan "Narçala-Ağyoxuş” ərazisində hazırda geofiziki işlər aparılır. Göy-göl rayonunun "Kəpəz” sahəsində yerüstü geofiziki tədqiqatlar növbəti ildə icra ediləcək.

Qızıla perspektivli Göygöl rayonu ərazisində yerləşən "Tülallar” sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə buruq-qazma işlərinin başlanması üçün müqavilə imzalanıb və artıq buruq-qazma işləri aparılır.

Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən "Ortakənd-Xanağa” perspektivli mis-qızıl filizi sahəsində də iyul ayından etibarən intensiv buruq-qazma işləri aparılır.

Balakən rayonu ərazisində yerləşən və əlvan metal ehtiyatlarına görə nəinki Azərbaycan, hətta Avropa üçün strateji əhəmiyyətə malik "Filizçay” polimetal yatağı üzrə ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət olan "SRK Consulting” tərəfindən cari ilin sonuna hazır ediləcək. Hazırda Balakən rayonu ərazisində yerləşən satelit "Mazımçay”, "Katsdağ” və digər yataqların "Filizçay” layihəsi çərçivəsində birgə işlənməsi perspektivləri nəzərdən keçirilir.

İstismarına başlanılacaq yeni yataqların hesabına hasilatın yaxın illərdə əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır. İlkin hesablamalara əsasən təkcə "Filizçay” və "Çovdar” yatağının oksid və sulfid fazalarının istismarından ölkə iqtisadiyyatı 10 mlrd. manatdan artıq gəlir əldə edəcək.

 
Aktual.az
Xəbər 58 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR