“Azərenerji”: 2025-ci ilə qədər ölkədə elektrik enerjisinə tələbat 35% artacaq

“Azərenerji”: 2025-ci ilə qədər ölkədə elektrik enerjisinə tələbat 35% artacaq

"Hər bir ölkələrin iqtisadi vəziyyəti məhz elektroenergetikanın vəziyyətindən asılıdır. Respublikamızda elektrik enerjisinin istehsalında əsas yer 92%-lə istilik elektrik stansiyalarının payına düşür. Su elektrik stansiyalarının payı təqribən 7,8-8%, alternativ enerjinin (külək və günəş enerjisini nəzərdə tutur) payı isə 1%-dən də az təşkil edir”. 

"Report” xəbər verir ki, bunu "Azərenerji” və "Azərişıq” ASC-lərin həmtəsisçisi olduğu "Azərbaycan işıqları” jurnalında yazdığı məqaləsində "Azərenerji”nin texniki istehsalat idarəsinin aparıcı mütəxəssisi Muxtar Mahmudov qeyd edib.
Onun fikrincə, Azərbaycanda elektrik enerjisinə tələbat özünün təbii artım dövrünə daxil olub: "2006-ci ildən "BakıElektrikŞəbəkə” ASC-də həyata keçirilən və 2015-ci ildən "Azərişıq” ASC-nin yaradılması ilə davam etdirilən islahatların nəticəsidir ki, enerjisistem üzrə elektrik enerjisinin istehsalı 2006-cı ildə 23,784 milyard kVts-dan 2017-ci ildə 21,772 milyard kVt/s-a enmişdir. Beləliklə, paylayıcı şəbəkədə kompleks yenidənqurma tədbirlərinin icrası nəticəsində 2006-cı illə müqayisədə 2017-ci ildə elektrik enerjisi istehlakı 2,012 milyard kVts və ya 8,4% azalıb. Lakin hazırda ölkənin elektrik enerjisi paylayıcı şəbəkəsində optimallaşdırma tədbirləri ilə istehlakın azaldılması üçün resurs tükənmək üzrədir. Bu özünü xüsusilə 2017-ci illə müqayisədə 2018-ci ildə güc tələbatının 193 MVt artmasında göstərib. Belə ki, enerji sistemi üzrə elektrik enerjisi istehsalı 2017-ci illə müqayisədə 748,1 milyon kVt/s və ya 3,3% artaraq 2018-ci ildə 22,520 milyard kVt/s-a çatıb. Beləliklə, artıq ölkədə elektrik enerjisinə tələbat özünün təbii artım dövrünə daxil olub”.
M.Mahmudov qeyd edib ki, Azərbaycanda elektrik enerjisi istehlakının artmasının bir neçə səbəbi var: "Elektrik enerjisinə tələbin artmasının kökündə ilk növbədə insan faktoru dayanır. Azərbaycanda hər il yeni mənzilli binalar istifadəyə verilir ki, bu, əhali qrupu üzrə elektrik enerjisinə tələb yaradır. İkinci səbəb ondan ibarətdir ki, ölkədə son dövrlər həyata keçirilən islahatlar və xüsusilə qeyri-neft sektorunda ixracyönümlü məhsulların istehsalı üçün aparılan siyasət artıq öz ilkin nəticələrini göstərməkdədir. Ötən dövr ərzində Bakı və regionlarda texnoparklar və aqroparklar, "SOCAR Metanol”, "SOCAR Polimer”, "SOCAR Karbamid” kimi zavodlar və "Sumgait Technologies Data Center” kimi müasir müəssisələr tikilərək istifadəyə verilmişdir. Yaxın gələcəkdə bu tipli müəssisələrin yaradılması prosesinin davam etdirilməsi gözlənilir. Bundan əlavə, Bakı metropolitenində yeni stansiyaların və pilot layihələr çərçivəsində Bakı şəhərində yeni müasir tipli yaşayış binalarının tikintisi planlaşdırılır. Göstərilən bu işlərin icrası ilə yaxın perspektivdə elektrik enerjisinə olan tələbatın artacağı qənaətinə gəlmək olar".
"Azərbaycanda elektrik enerjisinə artacaq tələbatının proqnozlaşdırılması məqsədilə son illər TEPSCO, Mercados, Fichtner və digər beynəlxalq məsləhətçi şirkətlər tərəfindən müvafiq tədqiqatlar aparılıb. Həmçinin yerli mütəxəssislər tərəfindən də beynəlxalq metodikalara uyğun olaraq bu xarakterli tədqiqatlar aparılmış və elektrik enerjisinə olan tələbatın proqnozu hazırlanıb. Aparılmış tədqiqatların müqayisəli təhlili göstərir ki, 2025-ci il üçün elektrik enerjisinə tələbat 1,5 – 1,8 milyard kVt/s ixrac da daxil olmaqla 25 – 28 milyard kVt/s-a, pik gücə tələbat isə təxminən 35% - 4500 – 4900 MVt-a qədər artacaq”, - mütəxəssis əlavə edib.
Xəbər 340 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR