"Azercell"in sponsorluğu ilə keçirilən 7-ci beynəlxalq "womENcourage" virtual toplantı işə başlayıb


Şirkətin dəstək verdiyi tədbirə dünyanın hər nöqtəsindən iştirakçılar qatılıb

İnformatikada qadınların rolunu təbliğ edən 7-ci beynəlxalq "womENcourage” virtual toplantısı "Bərabərliyin iki tərəfi var” devizi ilə bugun öz işinə başlayıb. Bu il ADA Universitetinin təşkilatçılığı və ev sahibliyi, "ACM-W” Avropa təşkilatçılığı, "Azercell Telekom” MMC-nin Rəqəmsal Tərəfdaşlığı və "Qızıl Sponsor”luğu, Azərbaycan Konqreslər Bürosunun dəstəyi ilə keçirilən toplantıya dünyanın hər yerindən yüzlərlə iştirakçı qatılıb. 

"womENcourage” beynəlxalq toplantısının açılış mərasimində yeni seçilmiş ACM Prezidenti, professor Gabriele Kotsis, ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal və "ACM-W” Avropa təşkilatının sədri Ruth Lennon salamlama nitqi ilə çıxış ediblər. 

Tədbirin ilk günündə dünyanın ən iri telekommunikasiya şirkətlərinin nümayəndələri tərəfindən "Böyük verilənlər analitikasının böyük vədləri” mövzusunda məruzələr təqdim olunub. Dörd gün davam edəcək beynəlxalq toplantının növbəti günlərində "Süni intellekt: alqoritmlərdən etikaya” mövzusunda təqdimatlarla yanaşı, panel müzakirələri də aparılacaq.

Konfrans proqramına həmçinin bakalavr, magistr və doktorantların tədqiqat işlərinin təqdimatı da daxil edilib. Belə ki, "womENcourage”də dünyanın 5 qitəsindəki 17 ölkəni təmsil edən tələbələrin 30 posteri təqdim olunacaq. 

Tədbirin üçüncü günündə "womENcourage 2020” iştirakçıları üçün karyera yarmarkası təşkil ediləcək. Tələbələr müxtəlif texnoloji şirkətlərin nümayəndələri ilə şəxsi kabinetdə görüşərək mövcud vakansiyalar dan yararlana biləcəklər. Azercell şirkəti də öz növbəsində iştirakçılara mövcud vakansiyalar barədə məlumat təqdim edəcək. İnformatika sahəsində məşğul olan insanlar arasında müxtəliflik və balansın olmasını təbliğ edən konfransın sonunda 100-ə yaxın iştirakçı haker marafonunda ("hakathon”) yarışacaq. Hakafon zamanı haker komandaları real həyatdan götürülmüş problemə texnoloji bir həll gətirəcək funksional prototip yaratmaq uğrunda mübarizə aparacaqlar. Azercell şirkətinin Big Data və Təhlillər departamentinin Data Mühəndisliyi şöbəsinin rəhbəri Rəhim Əhmədov bu yarışmanın münsifi qismində iştirak edəcək. 

Bu il Azercell-in Rəqəmsal Tərəfdaşlığı və "Qızıl Sponsor”luğu ilə baş tutan "womENcourage” hər dəfə dünyanın müxtəlif ölkələrində keçirilir. Beynəlxalq tədbirin əvvəlki görüşləri İtaliya, Serbiya, İspaniya, Avstriya, İsveç və Birləşmiş Krallıqda baş tutub. "womENcourage” texniki istiqamətlərdə təhsil alan və ya işləyən xanımları, informatika sahəsinə daha çox cəlb olunmasına çalışan hər kəsi bir araya gətirməklə onların fərdi inkişafına kömək edir. Bu konfrans iştirakçıları dünya üzrə informatika sahəsində tanınmış mütəxəssislərin təcrübəsi ilə tanış olur, praktiki biliklər qazanır, həmçinin də özlərini təqdim etmək imkanı əldə edirlər. Bununla yanaşı, konfrans informatika sahəsində təmsil olunan xanımların işlə təmin olunmasına da yardımçı olur. 

Qeyd edək ki, Azercell Telekom Azərbaycanda məktəbli və tələbələrin müxtəlif sahələrdə, xüsusilə informatika ilə bağlı bilik və bacarıqlarının artırılmasına yönələn layihələrin təşəbbüskarı və icraçısı kimi çıxış edir. Azercell Telekom-un yaxından dəstək göstərdiyi Azərbaycan məktəbliləri avqustun 14-21-də virtual formatda keçirilən Asiya Pasifik İnformatika Olimpiadasında (APIO) uğurla iştirak ediblər və bu nüfuzlu yarışmada bürünc medal qazanıblar. Azercell azərbaycanlı şagirdlərin kompüter bilikləri sahəsində ən nüfuzlu yarışmalardan hesab olunan Beynəlxalq İnformatika Olimpiadasında iştirakını hər il dəstəkləyir. Artıq bir neçə ildir ki, şirkətin elan etdiyi Tələbə Təqaüdü proqramı çərçivəsində yerli universitetlərdə İKT sahəsində təhsil alan və fərqlənməyi bacaran gənclərə aylıq təqaüdlər təqdim olunur. İndiyədək Azercell-in dəstəyilə gənclərin  informasiya kommunikasiya texnologiyaları sahəsində inkişafına kömək edən yüzlərlə layihə həyata keçirilib. Şirkət Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Hackathon” müsabiqəsinin də davamlı olaraq sponsoru qismində çıxış edib. 

7-ci beynəlxalq "womENcourage” virtual toplantısı sentyabrın 27-dək davam edəcək. Tədbir haqda daha ətraflı https://womencourage.acm.org/2020/
tanış olmaq mümkündür. 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. Mobil operator "Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Xəbər 262 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR